23.07.2026 - 17:56
Hadisə 26 baxış

7 körpənin öldüyü yanğın işi: Təqsirləndirilənlər hökmdən apellyasiya şikayəti veriblər

Respublika Perinatal Mərkəzində 7 körpənin ölümü ilə nəticələnən yanğın hadisəsi üzrə məhkum olunan şəxslər barələrində çıxarılan hökmdən apellyasiya şikayəti veriblər.

Minval.info xəbər verir ki, şikayətə Bakı Apellyasiya Məhkəməsində hakim Ramin Qaraqurbanlının sədrliyi ilə baxılacaq.

Apellyasiya şikayəti mərkəzin sabiq direktoru Mehriban Abasquliyeva, eləcə də şöbə rəisləri Elnur Əhmədli və Hamlet Mustafayev tərəfindən təqdim edilib.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mehriban Abasquliyeva 7 il 3 ay, Hamlet Mustafayev 5 il 8 ay, Elnur Əhmədli isə 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilərək məhkəmə zalında həbs olunublar.

2024-cü il yanvarın 9-da Respublika Perinatal Mərkəzinin inzibati binasında baş verən yanğınla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanılıb və istintaq Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.

İstintaqın nəticələrinə əsasən, Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədə baş vermiş yanğın nəticəsində 7 yeni doğulmuş körpə həyatını itirib, 4 nəfər xəsarət alıb, müəssisəyə isə 361 min manat məbləğində maddi ziyan dəyib.

İttihama görə, Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 və 225.3-cü maddələri, Hamlet Mustafayev və Elnur Əhmədli isə 225.3-cü maddə ilə məsuliyyətə cəlb olunublar.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: