3 yaşlı uşağın amputasiya olunmuş əli bərpa edildi
3 yaşlı oğlan uşağının ət maşınında sıxılmış sol əli uğurla bərpa edilib. Hadisədən təxminən 7 saat sonra uşaq Səhiyyə Nazirliyinin Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasına çatdırılıb.
Minval.info xəbər verir ki, travma nəticəsində uşağın sol əl biləyi və əl daraqları, baş, işarə, orta və üzük barmaqları metakarpofalangeal oynaq səviyyəsində tam amputasiya olunmuşdu. Xəstənin vəziyyəti qiymətləndirildikdən sonra dərhal əməliyyata alınıb və yüksək ixtisaslı mikrocərrahi komanda tərəfindən kompleks rekonstruktiv əməliyyat həyata keçirilib.
Əməliyyatın ilk mərhələsində bilək və əl daraqlarının sümük strukturları anatomik vəziyyətdə bərpa edilib. Daha sonra əlin bütün fleksor tendon sistemi, radial və ulnar arteriyalar, median və ulnar sinirlər, ekstensor tendon sistemi, eləcə də müvafiq digital arteriya və sinir strukturları mikrocərrahi üsullarla bərpa olunub. Təxminən 8 saat davam edən əməliyyat uğurla tamamlanıb.
Əməliyyatdan sonra xəstə 24 saat reanimasiya şəraitində intensiv monitorinq altında saxlanılıb. Hemodinamik və lokal vəziyyətinin stabil olması səbəbindən postoperativ dövrün 2-ci günündə palataya köçürülüb. Hazırda xəstənin ümumi vəziyyəti qənaətbəxşdir və rekonstruksiya olunmuş sol yuxarı ətrafın klinik vəziyyətində müsbət dinamika müşahidə olunur. Uşaq uzunmüddətli funksional bərpanın əsas komponentlərindən biri olan mərhələli reabilitasiya proqramına cəlb edilib.
Bu klinik hadisə uşaqlarda ağır mexaniki əl travmaları zamanı erkən və düzgün qiymətləndirmənin, vaxtında cərrahi müdaxilənin və multidissiplinar postoperativ reabilitasiyanın əhəmiyyətini bir daha nümayiş etdirir. Uğurla yekunlaşan əməliyyat Səhiyyə Nazirliyinin Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının yüksək texnologiyalı mikrocərrahi imkanlarını və həkim komandasının peşəkarlığını göstərir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib