2022-ci ilin əvvəlindən bu günə qədər bir neçə vəzifəli şəxs Prezidentin sərəncamı ilə vəzifəsindən azad edildi. Prezidentin sərəncamı ilə onlardan bəziləri vəzifəsindən azad edilərək digər vəzifəyə təyin edildi.

AZXEBER.COM bu ilin əvvəlindən bu günə qədər vəzifəsindən azad edilən şəxslərin siyahısını təqdim edir.

10 fevral 2022-ci ildə Rövnəq İbrahim oğlu Abdullayev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti vəzifəsindən azad edilib. Dövlət başçısının digər sərəncamı ilə Rövnəq İbrahim oğlu Abdullayev Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini təyin edilib. Belə ki, Prezident İlham Əliyev Rövnəq İbrahim oğlu Abdullayevin Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini təyin edilməsi haqqında sərəncam imzalayıb.

11 aprel 2022-ci ildə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Elman Rüstəmovun Mərkəzi Bankın idarə Heyətinin üzvlüyündən azad edilməsi, Taleh Kazımovun isə Mərkəzi Bankın İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin təqdimatları müzakirə edildi. Milli Məclisin qərar layihəsi səsverməyə çıxarılaraq Elman Rüstəmov Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyündən azad edildi.

Daha sonra Elman Rüstəmov Baş nazir Əli Əsədovun müşaviri təyin edilib.

Onu da qeyd edək ki, iyunun 28-də Azərbaycanda bank işinin inkişaf etdirilməsindəki xidmətlərinə görə Elman Sirac oğlu Rüstəmov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

25 may 2022-ci ildə Prezident İlham Əliyev Cavid Qurbanovun “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzaladı. Digər sərəncamla Cavid Qəmbər oğlu Qurbanov Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edildi.
Ən son isə 16 iyul 2022-ci ildə Prezident İlham Əliyev növbəti sərəncamı ilə Səfər Məmməd oğlu Mehdiyev Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri vəzifəsindən azad edildi.

Onu da qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyev də bu il vəzifəsini itirib. Amma Ramiz Mehdiyev özünün istefa ərizəsi ilə işindən ayrılıb.

Belə ki, o, AMEA-nın prezidenti vəzifəsindən azad olunması ilə bağlı fevralın 14-də ərizə yazıb.