“Mən içimdə şeytanla doğuldum. Qatil olduğum faktını heç zaman inkar etmədim. Bir aşiqin ilhamı qaçırmayıb şeir söyləməsi kimi mən də ilham gələndə cinayət törətdim. Dünyaya gözlərimi açanda artıq şeytan mənimlə idi və o gündən bəri məni gözləyirdi”

Bu sözlər əsil adı Henri Hovard Holms, ləqəbi isə iblis Holms olan şəxs dar ağacında asılmamışdan saniyələr öncə söyləyir. Holms Amerika tarixinin ən birinci silsilə qatili kimi tanınır.

Minval.İnfo xəbər verir ki, bu şəxs sırf qətllər törətmək üçün xüsusi olaraq otel belə tikdirib.

Henri Hovard Amerikanın Nyu Hempşir ştatında dünyaya gözlərini açıb. Uşaqkən dostları onun skletlərdən qorxduğunu öyrənir və bundan sonra onu ələ salmaq üçün skletə toxunmağa məcbur edir. O gündən başlayaraq Holmsda cəsədlərə və skletlərə qarşı maraq yaranır.

Tibb universitetində təhsil alan Holms tələbəlik illərində universitetdən gizlicə cəsədlər oğurlayar və onların üzərində müxtəlif eksperimentlər edərdi. Bundan əlavə ev alqı-satqısı ilə məşğul olan Holms gənc yaşlarında zənginləşə bilir.

Holmsu məşhur edən onun 1886-cı ildə tikdirdiyi “World’s Fair Hotel”-i olur. Çikaqoda keçirilən festivala gələcək qonaqların qalması üçün nəzərdə tutulan bu otel Holmsun cinayətlərinin çoxunun ev sahibliyini edib. Holmsun cinayət otelinin hər otağı fərqli tələlərlə təchiz olunur. Bəzi otaqlara qapı bağlandıqdan sonra hava getmir, digər otaqlara isə qapılar bağlandıqdan sonra zəhərli qazlar yayılır və qurbanlar saniyələr içində tələf olur.

Holms bu otelin tikilməsində müxtəlif fəndlər işlədir və əlində gələni edir ki, binanın tikilməsindəki əsas məqsədin cinayət törətmək olduğunu heç kəs bilməsin. Bunun üçün tez-tez işçiləri ən kiçik səbəblərdən qovur və yeniləri ilə əvəz edir və beləliklə otelin sistemini ondan başqa heç kəs öyrənə bilmir. Otelin otaqlarını səs keçirməyən materiallarla əhatə edən Holms eyni vaxtda müxtəlif otaqlarda cinayətlər törədə bilirdi.

O, cəsədləri binanın zirzəmisinə apararaq orada diqqətlicə sümükləri ətdən ayırar və skletlər düzəldirdi. Sonra isə bu skletləri universitetlərə satırdı.

Öz dostunu da öldürür

Holms başqa bir belə oteli Texasda tikmək fikrinə düşür lakin ştatın sərt qanunlarına görə geri addım atır.

Holms dostu Pitzel ilə siğorta şirkətinə kələk gəlmək üçün plan qurur. Bu plana görə Holms Pitzeli məişət qəzasından ölmüş kimi göstərməli və beləliklə siğorta şirkətindən kompensasiya əldə etməli idi. Daha sonralar qazanılan pul dostlar arasında bərabər bölünəcəkdi. Lakin Holms dostunu öldürür və gəliri özü mənimsəyir.

Holmsun bu cinayətləri 1894-cü ildə sona çatıb. Otelə gələn müştərilərin bir çoxundan bir daha xəbər alınmadığını görən polislər binaya baş çəkir və hər şey aydınlaşır.

Məhkəmə qərarı ilə Holms dar ağacından asılır. Bəzi söz-söhbətlərə görə o, dar ağacından asılı vəziyyətdə 20 dəqiqəyə yaxın sağ qalır. Ona bu hökmü oxuyanların faciəvi şəkildə öldükləri məlumdur.

Məhkəmə hakimi ölümcül xəstəlikdən vəfat edir. Vəkillərdən biri isə yanaraq ölüb. Bu hadisələrdən sonra ştatda uzun illər Holmsun ruhuna aid rəvayətlər dildən-dilə gəzib.

Tamerlan Mehdi

Minval.İnfo