Vətənimiz yolunda canından keçən şəhid ailələrini dövlət öz himayəsinə götürməsi, onlara müxtəlif yardımlar göstərilməsi göz önündədir. Bütün bunlara baxmayaraq, təkcə dövlət tərəfindən deyil, həmçinin adi kiçik sahibkarlıqla məşğul olan vətəndaşlar da öz imkanları daxilində şəhid ailələrinə xidmət göstərməyi özlərinə borc bilir. Tək-tük olsa da, yəqin ki, bir çoxumuz obyektlərinin qarşısında şəhid ailələrinə pulsuz xidmət edəcəkləri ilə bağlı plakatlara rast gəlib. Biz də bu məlumatların doğruluğuna əmin olmaq üçün həmin obyektlərdən bir neçəsinə baş çəkdik.

İlk ünvan “Əhmədli” metrostansiyası yaxınlığında yerləşən restoranlardan biri oldu. Sahibi, türkiyəli vətəndaş Cavadar kameramıza görsənmək istəməsə də suallarımızı cavabsız qoymadı:

– Bu təşəbbüs sizin ağlınıza hardan gəlib?

-İlk olaraq onu deyim ki, mən uzun illər Türkiyədə restoran biznesi ilə məşğul olmuşam və bu işlədiyim müddətdə nəyinki şəhid ailələrinə, eləcə də əsgərlərə pulsuz xidmət göstərmişəm. Bunu sadəcə özümə borc bilirəm. Hal-hazırda biznes fəaliyyətimi tam olaraq Azərbaycanda davam etdirirəm və restoranı eyni sistemlə çalışdırıram. Lənkəran şəhərində de eyni adla restoranımız fəaliyyət göstərir.

– Şəhid ailəsi olduğunu necə təyin edirsiniz?

– Şəhid ailəsindən olan şəxsin şəxsiyyət vəsiqəsi və şəhid olanın ölüm sənədinə baxmaq kifayət edir.

– Nə zamandan Azərbaycanda fəaliyyət göstərirsiniz?

– 6 ildir ki, burada ailə həyatı qurmuşam və fəaliyyət göstərirəm.

-Restoranınız tərəfindən şəhid ailələrinə göstərilən xidmətdə hər hansı bir limit qoymusunuz?

-Yerləşdirdiyimiz plakatdan da gördüyünüz kimi, şəhid ailəsinə 5 nəfərdən ibarət olmaq şərti ilə pulsuz ad günləri təşkil edirik.

-Şəhid ailələri üçün dediyiniz xidmətlər ancaq ad günündən ibarətdir?

-Bəli, başqa xidmətlər hələ ki nəzərdə tutmamışıq.

– Şəhid ailəsindən bu xidmətlərdən yaralanan olub?

– Bəli, ad gününü ürəyi istəyən kimi təşkil edib, yola salmışıq.

Daha sonra, M. Hadi küçəsində, meyvə-tərəvəz satışı olan dükanın qarşısında da bənzər plakatla rastlaşdıq. Obyektin sahibi Namiq adlı şəxsə də eyni suallarla müraciət etdik. Bildirdi ki, Lənkəranda olarkən şiriniyyat dükanlarından birində belə bir plakatın şahidi olub. O vaxtdan meyvə tərəvəz yeri açıb və bu ideyanı tədbiq etməyə başlayıb. “Biz şəhid ailəsinin üzvlərinə limit qoymuruq. İmkanımız daxilində çalışırıq həm onlar, həm də biz razı qalaq…” deyə satıcı bildirib.

Daha ətraflı videomaterialda izləyə bilərsiniz…