Milli Teleradio Şurasına təşəkkür edirik, həmişəki kimi xalqın mənafeyini düşünürlər. Onların sayəsində efirimiz maraqlı verilişlərlə doludur, camaat Türkiyə, İran, Rusiya, Hindistan, Banqladeş kanallarına baxmaqdan imtina etmişdir. İndi isə hansısa özəl radiolarda gedən Manpası və Avtostop adlı verilişləri İctimai Radioya cəlb ediblər, teleradio şurasının şöbə müdiri Təvəkkül müəllim isə bundan narahat olmuşdur. Sitat: “Bu verilişlərin ötən mövsümlərdə aparılmış monitorinqləri zamanı aparıcıların nitqlərinin sərtliyi, hətta bəzən tamaşaçı ilə ünsiyyətdə efirə uyğun gəlməyən üsluba yer vermələri, dinləyicini ələ salma, sətiraltı qeyri-etik məzmunlu mövzular və ifadələrə yer verilməsi və s. hallar müşahidə edilib. Əgər İctimai radionun efirində də bu cür üslubdan istifadə etməyə davam ediləcəksə, bu, ən azından kanalın ictimai nüfuzuna və missiyasına ziyan gətirmiş olacaq”. Sitatın sonu.

Doğrudan da İctimai Teleradionun çox böyük ictimai nüfuzu vardır, ictimaiyyətimiz ona hər şeyini etibar edir. Adamlar analarına demədikləri sözü İTV-nin kamerasına deyirlər. İstər küçədə su gəlməsin, istər icra hakimi kimisə döysün, hansısa nazirin oğlu maşınla adam vursun, nə bilim, bir manıs sinəsini Bakı Şəhər İcra Hakimiyyətindən icazə almadan, qadağan olunmuş yerdə açsın və sairə – hamısı üçün dərhal İTV ilə əlaqə yaradırlar. İctimaiyyətimizi narahat edən bütün məsələlər bu kanalda öz əksini tapır. Bu məsələlərə isə əsasən aşağıdakılar daxildir: Mamedin qızı niyə ərə getmir, halbuki, 20 yaşını keçmişdir; Əhmədin arvadı şubanı hansı vəsaitlə almışdır; Zulyanın yanına gedən kim idi; Gülya niyə pirə nəzir vermir; Xaçmaz pomidoru bu il nədən qurdludur və sairə.

Düzdür, İTV-nin İsmayıl Ömərovun rəhbərlik etdiyi vaxtlardakı qədər ictimai nüfuzu yoxdur, örnək üçün, o zaman İsmayıl müəllim beynəlxalq televiziya yarışlarına öz nəvəsini göndərirdi. Ancaq insafən burada günah zəmanədədir, çünki təzə rəhbər Balaş müəllim bir qədər cavandır, hələ yarışa göndəriləcək nəvəsi olmamalıdır. Ya da var, biz tanımırıq. Burada əlbəttə, ictimaiyyətin laqeydliyi, ölkədəki ictimai-siyasi, mədəni-sosial proseslərə qarışmaması həmçinin öz mənfi rolunu oynayır. Örnək üçün, bu dəqiqə sosioloji sorğu eləsək heç ictimaiyyət bilməyəcək İsmayıl müəllim hazırda hardadır. Vəfasızlıq deyilmi? Adamın efirdə qara dairəyə saldığı şəxsləri tutanda ən azı 15 il iş verirdilər, indi isə bir nəfər maraqlanmır o cür ictimai xadim nə yeyir, nə içir, yenə qara dairə çəkirmi və sairə. Eh, biz heç öz bələdiyyə sədrimizi tanımırıq…

Qaldı o “dinləyicini ələ salmaq” söhbəti, burada da MTRŞ haqsız tənqid edir. Bizim efirdə dinləyicini, tamaşaçını ələ salmaq təcrübəsi heç zaman olmamışdır. Uzağı bir-iki dəfə söyüş, üç-dörd dəfə təpikləşmə, beş-altı dəfə də süpürləşmə kimi hallara yol verilmişdir. Elə dünən xəbər başlığı vardı, hansısa aparıcı kimisə hədələmişdi: “Sənin başını qarpız kimi əzərəm”. Gör nə qədər xalqa yaxın adamdır. Mövsümi məhsulları, kənd təsərrüfatımızın inkişafını dəstəkləyir. Əgər ictimai nüfuzu olmasa, xalqın sevgisini itirməkdən qorxmasa elə deyərdi səni banan kimi əzərəm, avokado kimi sıxaram, nə bilim, kokos kimi qıraram. Qarpız deyir. Tarlamızdan, kəndimizdən, elimizdən, obamızdan, güllü tuman nənələrdən, bardaş qurmuş dədələrdən xəbərdardır.

Cızmaqaramızı rus yazıçısı Daniil Xarms-ın “Yıxılan qarılar” əsəriylə bitirirəm: “Bir qarı həddən artıq marağı üzündən pəncərədən yıxıldı və yerə çırpılıb əzildi. Pəncərədən başqa qarı boynunu uzatdı və yıxılıb əzilənə baxmağa başladı, ancaq çox marağı üzündən o da yıxılıb əzildi. Sonra pəncərədən üçüncü qarı yıxıldı, sonra dördüncü, sonra beşinci. Altıncı qarı yıxılanda mən onlara baxmaqdan bezdim və Maltsev bazarına getdim, deyirlər orda bir kora toxunma şal bağışlayıblar”.