Dəyişən Azərbaycanın yeni parlamentində yeni simalar olsun deyə, bu yola girdik. Köhnələr və köhnəliklə məmləkəti irəli aparmaq mümkün deyil!

İndi yenilənən və ölkə Prezidentinin iradəsi ilə köhnə təfəkkürlü, feodal zehniyyətli, rüşvətxor məmurlardan təmizlənən Azərbaycanda biz bu dəyişimin ən böyük dəstəkçilərindənik! Bu missiyanın daha effektli, daha güclü olmasına ehtiyac var.

Xətai seçicilərindən səs istəyib, bu düsturu təklif edəcəm:

“Yeni Müsavat” bizdən, Mandat Sizdən!

Gəlin, gücümüzü birləşdirib, ölkəmizi, rayonumuzu və taleyimizi daha yaxşı edək! Azərbaycanda gedən son proseslər böyük fürsətlər yaradıb. Bu fürsətlərdən biri də sizin ayağınıza gəlib!

21 ildir yaşadığım Xətai rayonu üçün qəzet, sayt, tv – ümumilikdə, media qurumu olaraq çox işlər gördük. Bütün problemlərdə, hadisə və insidentlərdə istisnasız olaraq, xalqın yanında durduq, onun mövqeyindən yazdıq. Və hər zaman da bu mövqeni qalib etdik! Çağırdınız, gəldik. Dediniz, yazdıq. Dərdinizi, arzu və tələblərinizi ölkəyə yaydıq. Hüröyün məmurlara imkan vermədik ki, sakinlərimizi haqsız yerə incitsinlər.

İndi bu missiyanı və tribunanı daha da böyüdək, iki tribuna edək. Media tribunanız var, Milli Məclis tribunasını da sizlərin səsləri ilə buraya əlavə edək.

Hesab edirəm və əminəm ki, istənilən bir rayona, hər hansı bir seçki dairəsinə ölkənin ən böyük media quruluşunun rəhbərinin deputat olması çox sərfəlidir. Bir deputat mandatı verib, özünə böyük kollektivi olan qəzet, etibarlı bir keşikçi, sözükeçən bir vəkil, hər zaman əli çatan xidmətçi qazanırsınız! İnanıram ki, hər kəsin fərqində olduğu bu mühüm detalı 35 saylı Xətai 3-cü Seçki Dairəsinin seçiciləri də bilirlər!

Yeni deputatınız “Yeni Müsavat”dan gəlir!

Rauf Arifoğlu