“Nərmimanov” metrostansiyası yaxınlığında yerləşən parkda 55 yaşlı qadın və onun yeriyə bilməyən ahıl anası bir neçə gündür ki, ac-susuz halda burada yaşayır. Musavat.com-un əməkdaşlarına danışan Elza Həşimova 4-5 gündür ki, buradakı skamyalarda yatdıqlarını deyib:

“4 gündür ki, ac-susuz burada yaşayırıq. Soyuq havada qalmaq bizim üçün çox ağırdır. Mən ağır xəstəyəm, hətta qarşıdakı yerə baxsaz, görərsiz ki, qan qusuram. Anam da ağır xəstədir, yeriyə bilmir, onu kürəyimdə gəzdirirəm.

Vəziyyətimiz bir neçə dəfə pisləşib. Təcili tibbi yardım gəlib iynə-dərman vurub, çıxıb gediblər. Heç kəs bizə yardım göstərmək istəmir. Sizlərə yalvarıram, xəstə anama və mənə köməklik göstərəsiniz”.

E.Həşimovanın anası vəziyyətinin çox ağır olduğunu deyib: “Mənim adım İrina Borisovnadır. Qalmağa heç bir yerimiz yoxdur. Övladım da bir tək qızımdır. Xahiş edirəm, bizə köməklik göstərilsin”.

 

Yaşlı qadınların vəziyyəti ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov bildirdi ki, qanunvericiliyə əsasən həmin vətəndaşlar ya yerli icra hakimiyyətinə, ya da polis bölməsinin əməkdaşlarına müraciət etməlidir:

“Beləliklə, yaşamağa yeri olmayan vətəndaşı polis əməkdaşları olduğu yerdən götürüb, məsələni rəsmiləşdirib bizim nazirliyin Zabrat qəsəbəsində yerləşən sığınacağa təhvil verirlər. Belə olmadıqda, qurumumuzun əməkdaşları məsələyə birbaşa müdaxilə edib, vətəndaşları sığınacağa yerləşdirir.

Qeyd edim ki, sığınacağımızda bu cür vətəndaşların yaşaması üçün hər cür şərait var. Orada vətəndaşlar qida, tibbi yardım və digər xidmətlərlə təmin olunur”.

Qurum əməkdaşı onu da qeyd etdi ki, nazirlik tezliklə həmin yaşlı qadınların olduğu yeri müəyyən edib, onlara köməklik göstərməyə çalışacaq.

Musavat.com o da bəlli olub ki, nazirlik bu gün həmin qadınları sığınacağa yerləşdirəcək.