Zamin HACI Zamin Hacı“İnsanları pək çox sevirəm, lakin uzaqdan,

Olduqca yaxın, qalmayır əvvəlki məhəbbət”

(Məhəmməd Hadi)

İstənilən davanın içində adekvat, normal adamlar tapmaq olur. Erməni xalqından ən azı 3 nəfəri artıq tanıyıram. Deməli, xalqlarımız arasında hələ barışıq limiti tükənməyibdir. Bunlardan biri uzun illərdir barış sahəsində can qoyan Georgi Vanyan-dır. Daşnaklar onu Ermənistanda bütün mümkün sferalardan sıxışdırıb çıxarıblar, indi hardasa kənddə yaşayır. Bir ara hətta itini öldürmüşdülər, qisas üçün. Ancaq yenə susmur. İkincisi elmi araşdırma mərkəzində çalışır, adını çəkib bəlkə təzyiqə məruz qoymaq istəmirəm, o da yetərincə obyektiv açıqlamalar, şərhlər verir – təkcə bizə sərf edən mənada yox. Onun bəzi şərhləri şəxsən mənə bir azərbaycanlı olaraq ləzzət eləmir. Ancaq həqiqətdən niyə qaçaq? Müdriklərdən biri demişkən: “Həqiqət vətəndən vacibdir”.

Üçüncüsü isə hətta vaxtilə müharibə cinayətləri törətmiş Levon Ter-Petrosyandır. Bu köhnə Livan ermənisi neçə illərdir erməni xalqını güzəştlərə, tarixi zırıldaşmalardan əl çəkməyə, adam olmağa və çağdaş dünyaya qoşulmağa, qonum-qonşularla yeni münasibətlər qurmağa səsləyir. Eşidən olacaqmı? Çətin ağlım kəsir. Erməni xalqına düz yola gəlməyə imkan verməyənlər çoxdur. Həm daxildə, həm xaricdə.

Dünən mən Kəlbəcərdən bir video izlədim. Ermənilər kəndi tərk edir, qəbirləri qazıb ölülərini çıxarırdı. Deyir bu sür-sümüyü Ermənistana aparacağam, istəmirəm türklərə qalsın. Guya bizə o sümüklər çox vacibdir. Cəbrayılda, Füzulidə qəbristanlıqları elə darmadağın ediblər ki, indi özləri də bənzər münasibətlə üzləşməkdən qorxurlar. Təsadüfən eyni vaxtda cəbrayıllı qonşumu gördüm, o da Google peyk xəritəsində öz işğaldan azad edilən kəndinə baxırdı. Qəbristanlığı uzun müddət axtardı, tapa bilmirdi. Axırda məlum oldu ermənilər oranı… düzləyib, şumlayıb yerinə taxıl əkibmiş.

Kəlbəcərdən çıxanlardan biri deyirdi: “22 il əvvəl burada yaşamağa gəlmişdim, indi hara gedəcəyəm bilmirəm”. Əcəb işdir. Başqasının yurdunu mənimsəməyin axırı necə olmalıydı? Bəlkə biz onu çağıraq, “Qayıdış” qaçqın düşərgəmizdə ev verək?

Başqası bütün heyvanları kəsib aparmışdı. Kadrlarda mən bir eşşək başı gördüm. Eşşək ətini də Ermənistana aparırlar. Canavarların eşşək ətini yeməsi məlumdur. “Siz axı insansınız” – bir klassikimizin başqa temada yazdığından sitat versək.

Qafqaz əcaib regiondur. Kəlbəcərdə meşələri, nadir ağacları yandırıb çıxan barbar toplumun qonşuluğundan, Gürcüstandan ekzotik xəbər vardı: görkəmli italyan dramaturqu, şair və ssenaristi Tonino Querra-nın İtaliyanın Pennabilli şəhərciyindəki “Unudulmuş meyvələr bağı”ndan gətirilən pöhrələr Tiflisdə əkilib. Burada Querranın bağının oxşarı yaradılacaqmış.

Yanaşı qoysan, şəklinə baxsan, hamısı insandır. Ancaq əməllər yerlə-göy arasında. ABŞ-da prezident seçkiləri olub, hazırkı prezident Donald Tramp uduzub və rəqibi Baydeni təbrik etməyə tələsmir, seçkilərin… saxtalaşdırıldığını iddia edir. Hansısa ABŞ şəhərində hər iki namizədin tərəfdarları mitinq, yürüş qayırmışdı, orada Trampın tərəfdarlarını döymüşdülər. Al qana bülənd olmuş respublikaçı üzərinə “Tramp” yazılan şərflə alnını-üzünü silirdi. Tragikomediya vəziyyətidir, elə deyilmi? İqtidar müxalifəti seçkini saxtalaşdırmaqda suçlayır. Halbuki, normal məntiqlə iqtidar seçkini saxtalaşdırmalı, sonra isə buna etiraz edən müxalifəti basıb döyməlidir. Biz bunu dünyanın çox ölkələrində görmüşük. Belarusda, Rusiyada… Bir də yazmıram harda, guya kim bilmir?

Hələ Güney Amerikada Peru adında bir zırpı (ərazisinə görə, yoxsa dünya siyasətində yox kimi bir dövlətdir) dövlət var, dünən onun prezidenti istefa vermişdir. Sizcə nə qədər müddətdən sonra? 5 gün sonra! Adam cəmi beş gün idi prezident olmuşdu. Ondan qabaqkı prezidenti rüşvətxorluğa görə istefaya göndərmişdilər, bu kişi isə yerli deputatxananın spikeriymiş, qanuna görə prezidentin vəzifələrini icra etməyə başlamışdı. Lakin camaatın etirazları kəsilmirdi, güllə atıldı, qan töküldü, bu da vicdanlı adam imiş, ərizəsini yazıb işdən çıxdı. Lap o bizim “dünya beş gündür, beşi də qara” məsəlimiz yada düşür. O cür şans yaranıb, vəzifəni ələ keçirmisən, beş gün sonra işdən çıxarlar?

Şair ona görə yaxşı deyibdir ki: “Qaldıq əlində bir sürü ərbabi-vəhşətin, Olduq əsiri pənceyü-qəhri müsibətin”.

Zamin HACI