“Verilişin adını hələ deməyim. Çünki tam qərar verməmişik, Amma qalmaqalla bağlı bir ad olacaq. Proqramın əsas mövzusu maqazindir. Şou-biznesdə baş verən həftəlik hadisələr və qalmaqallar müzakirə olunacaq. Adını hələ özüm də bilmirəm. Bilsəm də demərəm, çünki icazəsini almamışam”.

Bu sözləri OLAY-a açıqlamasında yeni verilişinin anons çəkilişində aktrisa Pərvin Abıyeva deyib. Açıq havada kamera qarşısına keçən sənətçi bildirib ki, aparıcıqla bağlı kimdənsə dəstək, kömək istəməyib:

“Çoxdandır fikrim var idi. Əvvəlcə yutubda bir veriliş hazırladım ki, öyrəşim. Zatən efir adamıyıq. Məncə, bir problem olmayacaq. Görsəm ki, çətinlik çəkirəm, müraciət edəcəyim insanlar var. İnanmıram ki, digər aparıcılar məni tənqid etsin. Çünki bu gün tanınmış, öndə olan aparıcılarla münasibətim yaxşıdır. Ona görə belə şey etməzlər. Bu vaxta qədər digər kanallardan çox təkliflər olmuşdu, qonorar məni qane etməmişdi”.

Pərvin TikTok-da fəaliyyətindən söz açıb: “TikTok-da canlı yayım etmişəm, profilim də var.  Amma elə də aktiv deyiləm. Həm də mənim  başım çıxmır axı. Nə vaxtsa dərinliklərini öyrənsəm, niyə də yox? İnsan harada qazanc varsa, ora getməlidir. Onu da deyim ki, TikTok-da hər cür insan var.  Özüm bunun şahidi olmuşam. Gərək öz səviyyəni qoruyasan”.

Tez-tez sosial mediada səsi və oxuduğu mahnılarla da diqqət çəkən Abıyeva müğənnilik etmək kimi bir fikrinin olmadığını, albom çıxarmaq istəmədiyini söyləyib:

“Özüm üçün bir mahnı yazıb təqdim edə bilərəm. Amma bunu sırf professionalcasına – müğənni kimi istəmərəm. Elə insanam ki, məni mütləq bir mövzu tapıb ya müzakirə, ya da müqayisə edirlər. Lakin müqayisə olunmağı heç sevmirəm. Çünki hərənin öz xarakteri, siması, danışığı var. Kimisə kiminləsə müqayisə etmək düzgün deyil. İnsanı gərək olduğu kimi qəbul edəsən, elə sevəsən. Qəbul etmirsənsə, burda müqayisə başlayır”.