Son zamanlar “TikTok” sosial şəbəkəsindən istifadə edənlərin sayı durmadan artır. Lakin bu şəbəkə haqqında fikirlər müsbət deyil.
Media eksperti Aynur Nəsirova Bakupost.az –a bildirib ki, “TikTok” özündə heç bir intellektuallığı əks etdirmir:
 

“”TikTok” pis vərdişlərə platforma rolunu oynayır. Təəssüflər olsun ki, bunun qarşısını almaq üçün mexanizm yoxdur. Düşünürəm ki, gənclərə faydalı resurslar, reklamlar, vətəndaş jurnalistikası, medianın bu platformaya inteqrasiyası problemi qismən ortadan qaldıra bilər. Əks halda, “TikTok” nəinki gənclər, hətta bütün nəsillər üçün bataqlıq olaraq qalacaq”.
Media eksperti, hüquqşünas Ələsgər Məmmədli isə qeyd edib ki, “TikTok”un birmənalı olaraq zərərli kontent istehsal etməsi fikri yanlışdır:
“”TikTok”un inkişaf səviyyəsi ondan öncəki bütün sosial şəbəkələrdən iki dəfə yüksəkdir. Çünki “TikTok”da mobil texnologiya üzərindən istənilən vizual kontenti yayma, həmin video kontentə mətn əlavə etmək imkanı var və bu istər-istəməz onu cəlbedici hala gətirir.
İnsanların əlində olan mobil texnologiyaya uyumlu bir şəbəkədir. Həmçinin “Facebook”un 7 ildə qazandığını, “TikTok” 3 ildə qazanıb. Bu baxımdan “TikTok”un dünyada milyard yarımdan çox istifadəçiləri var. Demək ki, bu geniş kütlə tərəfindən mənimsənilmiş bir platformadır. Platforma üzərindəki kontent məsələsinə gəldikdə isə, düşünürəm ki, “TikTok”un birmənalı olaraq zərərli kontent istehsal etməsi fikri yanlışdır. “TikTok”a baxsaq, burada müxtəlif siyasi xəbərlər, idman, əyləncə, musiqi xarakterli kontentlər də mövcuddur. Təbii ki, əxlaq normalarına uyğun olmayan videolar da var. Amma bu bizim hansı kontenti görmək istəyimizdən asılıdır. Çünki “TikTok”un təqdimatına qoşulduğunuz zaman hansı kontenti görmək istəməyinizdən asılı olaraq seçim verir. Siz faydalı kontentləri seçmiş olsanız, o zaman deyilən hansısa əxlaqsız, digər mənfi kontentləri görməyəcəksiz. Yəni, istifadəçi özü bunu kontrol edə bilir”.
Ekspert vurğulayıb ki, istər real, istərsə də virtual həyatda fərqli mədəniyyət səviyyəsi, əxlaq anlayışı olan insanlar mövcuddur:
“Bu insanlar istər gerçək həyatda, istərsə də virtual həyada özlərinin inandığı və yaşamaq istədikləri həyatı yaşayırlar. Bəzən bunu virtual həyata da əks etdirirlər. Hətta sovet dövrünün adamının hər nə qədər əxlaqlı olduğunu desək də, hansısa küncdə-bucaqda fahişəliklə məşğul olan, pis yola gedən, yaxud narkotik istifadə edən gənclər çox olub. İndi bu problem gerçək həyatda olduğu üçün, istər-istəməz virtual həyata da olduğu kimi yansıyır. Hətta virtual şəbəkə o tip insanlar üçün əlavə üstünlük yaradır. Bu narahatedici bir haldır. Çünki onlar burada özlərini reklam etmə və ya özlərinə uyğun insanları cəlbetmə imkanı əldə edirlər. İstənilən halda, biz bütün sosial şəbəkələrin yaxşı və pis tərəflərini ayrı-ayrılıqda götürə bilərik. Bu bizim özümüzdən asılıdır. Amma heç bir halda düşünmək olmaz ki, bir şəbəkə yalnız pis kontent istehsal edir. Mətbəxdə siz alma kəsmək üçün bıçaq saxlaya bilərsiz, amma kimsə mətbəxdə alma kəsiləcək bıçaqla başqasına hücum edib, onun həyatına son verə bilər. Yəni, mətbəxdəki bıçağı pis niyyətlə istifadə etməyənə qədər, o pis məna daşımaz. Eynilə sosial şəbəkələr də özlüyündə pis məqsəd daşımır, ta ki onun üzərinə kontenti pis niyyətlə yerləşdirənə qədər. Burada daha çox faydalı aspektləri təşviq etmək lazımdır. Çünki qısa videolar, qısa mesajlar şəklində çox dəyərli bilgilər axtarmaq, maraqlı riyazi informasiyalar ötürmək, görmək mümkündür. Hər hansı videolardan kəsilmiş, birbaşa məqsədə yönəlmiş siyasi, ictimai, sosial mesajlar da ola bilər. Bütünlüklə bir şəbəkəni yaxşı və ya pis deyib, ayıra bilmərik. Hər bir sosial şəbəkənin içərisində pis də, yaxşı da var. Həmçinin əxlaqa zidd, əxlaqa uyğun olan kontent də var. Hətta siyasi şərhli “Twitter” üzərindən baxsanız orada da əxlaqa zidd kateqoriya görə bilərsiz. Şəbəkə özlüyündə kontent deyil, şəbəkə sadəcə platformadır. Onun üzərindəki kontenti biz istifadəçilər formalaşdırırıq”.
Ələsgər Məmmədlinin fikrincə, son 6 ayda “TikTok” üzərindən siyasi şərhli, ictimai əhəmiyyətli kontent çox sürətlə yayılmağa başlayıb:
“Demək olar ki, bu ölatformadakı alqoritmin verdiyi üstünlüyü nəzərə alıb, bir çox ictimai sferada olan istifadəçilər də ora yönəlir. Amma yaxın vaxtlarda, ən geci bir il içərisində “TikTok”un auditoriyası da “Facebook”un auditoriyasına enmiş olacaq”.