Nazirlik rəsmisi Viktor Qasımov: “Onda belə çıxır ki, həmin şirkətlər ölkə rəhbərliyinə yalan məlumat veriblər?!”

Koronavirus təhlükəsi gücləndikcə, bütün dünyada insanlar arasında təşviş və həyəcan da artır. Bir çox ölkələrdə epidemiya qorxusu insanların kütləvi şəkildə tibbi maska almasına gətirib çıxarıb. Bu isə tezliklə həmin ölkələrdə tibbi maska çatışmazlığına, hətta onun qiymətinin bahalaşmasına səbəb olub.

Məsələn, Almaniyada, Moldovada, Rusiyada, Türkiyədə maska çatışmazlığı və qiymət yüksəlişi müşahidə olunmaqdadır. Almaniya Əczaçılıq Preparatlarının Topdan Satışçıları İttifaqının rəhbəri Tomas Porctner bildirib ki, ölkənin tibbi maska ilə təminatında problemlər yaranıb. Moldova prezidenti İqor Dodon xalqa müraciət edərək, tibbi maska və digər qorucu ləvazimatları bahalaşdıranların ciddi cəzalandırılacağını deyib. Türkiyədə adi tibbi maskaların qiyməti 3 lirəni, Rusiyada isə 20 rublu keçib. Rusiyadakı istehsalçı müəssisələr yalnız ölkə daxilindən sifariş götürürlər, hökumət bununla bağlı sərt nəzarət mexanizmi qurub. İstehsalçılar kənardan olan sifarişləri yalnız aprel ayında yerinə yetirəcəklərini bildirirlər, ona qədər bütün istehsal həcmləri sifariş olunub. Rusiyada tibbi maska istehsalının illik həcmi 300 milyon ədəd civarındadır.

Fevralın əvvəlindən etibarən maska istehsalçısı olan ölkələrin demək olar ki, hamısı ixracı dayandırıblar.

Dünyada müşahidə edilən bu çatışmazlıq fonunda bir çox alimlər adi tibbi maskaların insanları koronavirusdan etibarlı müdafiə etmədiyinə dair açıqlamalarla çıxış etsələr də, bu, əhali arasındakı ajiotajı aradan qaldırmır.

Bütün bunlar dünyanın bir parçası olan Azərbaycanda tibbi maska çatışmazlığı, qiymət bahalığı yaranmasının təbii proses kimi qarşılanmasına səbəb olardı. Lakin məsələ burasındadır ki, bizdə əhali arasında ajiotaj yaranan ilk gündəncə ölkədə tibbi maskanın olmadığı, tibbi spirtin isə çox az miqdarda olduğu üzə çıxdı. Yəni digər ölkələrdə çatışmazlıq, bahalaşma koronavirusa yoluxma halı qeydə alındıqdan, əhali kütləvi şəkildə maska almağa başlayandan bir neçə həftə sonra yaranırsa, bizdə rəsmi olaraq yoluxma faktı olmadan kəskin problemlə üzləşmişik. Əhali apteklərə üz tutduğu ilk günlərdəcə “yoxdur, yaxın vaxtlarda da olmayacaq” cavabı ilə qarşılanır. Tibbi spirt isə az miqdarda da olsa, tapılır.

Maraqlıdır ki, ölkənin rəsmi qurumlarından əhali arasında ciddi narazılıq yaradan bir məsələyə hələ də arqumentli bir açıqlama verilməyib.

Nazirlər Kabinetinin koronavirusla bağlı açıqlamasında ölkədə bütün zəruri tibbi ləvazimatların olduğu qeyd edilir. Bundan əlavə, 3 gün əvvəl Səhiyyə Nazirliyinin Sanitar epidemioloji nəzarət sektorunun müdiri Viktor Qasımov APA-ya açıqlamasında virusdan qorunmaq üçün ölkədə kifayət qədər maska olduğunu, bununla bağlı problem olmadığını qeyd edib: “Eyni zamanda hər bir səhiyyə müəssisəsində səhiyyə işçilərinin virusdan qorunması üçün fərdi mühafizə vasitələri var. Tibbi ləvazimat və dərman vasitələri də kifayət qədərdir”.

Lakin son iki gündə təchizatçı şirkətlərə tibbi maska ilə bağlı aldığımız cavablar V.Qasımovun dediklərinin əksi olan vəziyyətdən xəbər verir. Belə ki, Azərbaycanda ən böyük aptek şəbəkəsinə malik “AvroMed Company” QSC-yə göndərdiyimiz sorğu cavablandırılmayıb. Lakin şirkətin apteklərindən birmənalı şəkildə tibbi maskanın qurtardığını, yaxın zamanlarda olmayacağını bəyan edirlər.

“Zeytun” apteklər şəbəkəsinin sahibi “Zeytun Pharmaceuticals” MMC-dən “Yeni Müsavat”a verilən məlumata görə, bazada maska qalmayıb, olan bütün maskalar apteklərə paylanıb, limitlə satılır və onlar bitdikdən sonra təminat tam dayanacaq.

“Zəfəran” apteklər şəbəkəsinin sahibi olan “AzeriMed” şirkətindən də maskanın bitdiyini, yaxın 1-2 ay ərzində olmayacağını bildirdilər.

“Arash Medical Company” MMC-dən də eyni cavab aldıq: “Yoxdur, yaxın vaxtlarda olmayacaq”.

Şirkətlərdən aldığımız cavabları V.Qasımova çatdırdıqda, nazirlik rəsmisi təəccübləndi: “Onda belə çıxır ki, həmin şirkətlər ölkə rəhbərliyinə yalan məlumat veriblər?! Mən buna inanmıram və bildirirəm ki, ölkədə yetərincə tibbi maska və ləvazimat ehtiyatı var”.

Onu da qeyd edək ki, fevralın 14-də Nazirlər Kabineti koronavirusla (2019-nCoV) mübarizədə istifadə olunan bəzi tibbi ləvazimat və preparatların (steril əlcək, baxil, tibbi maska və eynəklər, dezinfeksiyaedici maddə və avadanlıqlar, xüsusi geyimlər və zəruri olan digər tibbi ləvazimat və preparatlar) Azərbaycan Respublikasının ərazisindən aparılmasını məhdudlaşdırıb. Baş nazirin imzaladığı qərarda Səhiyyə Nazirliyi, Xarici İşlər Nazirliyi və Dövlət Gömrük Komitəsinə bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb. Qərar 2020-ci il mayın 1-dək qüvvədədir.

Bir çox mənbələr bu qərarın məhz təchizatçı şirkətlərin tibbi maska və digər virus infeksiyalarından mühafizə üçün zəruri olan ləvazimatları ölkədən kənara daşımalarından sonra verildiyini iddia edirlər. Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən “Yeni Müsavat”ın sorğusuna cavab olaraq verilən məlumata görə, Nazirlər Kabinetinin “Bəzi tibbi ləvazimat və preparatların ölkə ərazisindən aparılmasının müvəqqəti olaraq məhdudlaşdırılmasına dair tədbirlər haqqında” 14 fevral  2020-ci il tarixli 42 nömrəli Qərarında qeyd olunan malların 2020-ci ilin yanvar ayında Azərbaycandan kənara ixracı cəmi 690 ABŞ dolları təşkil edib: “Məlumat üçün bildiririk ki, 2019-cu ilin yanvar ayında həmin məhsulların ixracı 4080 ABŞ dolları olmuşdur”.

Bu açıqlamadan görünür ki, yanvar ayında ölkədən kənara çox cüzi həcmdə Nazirlər Kabinetinin qərarında qeyd olunan tibbi ləvazimatlar çıxarılıb. V.Qasımov da bildirir ki, kütləvi ixrac olmayıb: “Bir çox ölkələrdə koronavirus yayıldığı üçün tibbi maska və digər qoruyucu vasitələrin qiyməti bahalaşıb. İş adamlarının bu bahalığı nəzərə alıb həmin ləvazimatları ölkədən çıxarmalarına imkan verməmək üçün Nazirlər Kabineti belə bir qərar verdi. Yəni ölkədə bütün zəruri tibbi ləvazimatlar var, onlar heç yerə çıxarılmayıb. Lazım olarsa, hökumət əhalinin təchizatı üçün növbəti addımları atacaq. Hazırda əhalinin maska ilə kütləvi şəkildə təminatına heç bir ehtiyac yoxdur. Amma belə bir ehtiyac olsa, dövlət əhalini tam təmin etmək gücündədir”.

Hökumət rəsmisinin belə əminliklə danışması Azərbaycanda tibbi maska və digər qoruyucu tibbi ləvazimatların olduğuna inam yaradan amil hesab oluna bilər. Sadəcə, sual yaranır ki, maska yetərincədirsə, təchizatçı şirkətlər niyə əhalinin təşvişini daha artıraraq onu satışa buraxmırlar? Hansı səbəbdən əhalini rahatladacaq addımları atmırlar, hətta mətbuat orqanlarına belə “maska yoxdur, yaxın vaxtlarda olmayacaq” cavabını verirlər?

Məlumat üçün bildirək ki, üz tutduğumuz aptek şəbəkələrinin sahibi olan şirkətlər hər il Azərbaycan dövlətindən, konkret olaraq Səhiyyə Nazirliyindən on milyonlarla manat sifarişlər alırlar. Məsələn, Səhiyyə Nazirliyinin 2019-cu ildə “AvroMed Company” QSC-lə bağladığı müqavilələrin ümumi məbləği 50 milyon 667 min 539 manatdır. “Zeytun Pharmaceuticals” MMC ilə müqavilələrin ümumi məbləği 77 milyon 493 min 878 manat,  “Arash Medical Company” MMC ilə bağlanan müqavilələrin ümumi məbləği isə 24 milyon 74,6 min manat təşkil edib. Dövlətdən bu qədər dəstək görən sahibkarların çətin məqamda öz ölkəsini, dövlətini darda qoya biləcəyini düşünmək belə istəmirik. Lakin hələlik reallıq və gələn məlumatlar bu qorxunu getdikcə artırır.

Son olaraq qeyd edək ki, redaksiyamıza verilən məlumata görə, Nazirlər Kabinetinin məlum qərarı fevralın ilk həftəsində böyük partiyalarla tibbi ləvazimatların xaricə, xüsusilə də Çinə ixracı baş verdiyinə görə imzalanıb. Bu məlumatın nə qədər doğru olduğunu fevral ayının gömrük statistikası əlçatan olanda müəyyənləşdirmək mümkün olacaq…