Rusiya Baş Prokurorluğu müğənni Avraam Russo və onun mühafizəçisi Roman Fetisovun öldürülməsinə cəhdlə bağlı cinayət işini məhkəməyə göndərib.

Axşam.az rus mediasına istinadən xəbər verir ki, cinayət işi üzrə ittiham aktı Mixail Demkin, Vitaliy Djura, Aleksey Tryasnikova qarşı təsdiqlənib.

İstintaqın məlumatına görə, 2006-cı ildə azərbaycanlı iş adamı Telman İsmayılov şəxsi himayəsindən imtina edən Russoya qarşı nifrət hissi bəsləyib və onu öldürmək qərarına gəlib. O, mühafizəçisinə cinayətkarlar tapmağı tapşırıb. Bununla da o, Demkin Djura və Tryasnikovu tapıb.

Demkin cinayəti törətmək üçün kalaşnikov avtomatı və patronlar alıb. 19 avqust 2006-cı ildə Moskvada Plyuşçixadakı evin yaxınlığında Demkin Russoya və onunla birlikdə maşında olan mühafizəçi Fetisova ən azı 6 dəfə atəş açıb. Müğənni sol bud nahiyəsindən 4 güllə yarası alıb. Demkin isə silahını atıb qaçıb.

“Cinayət işi üzrə təqsirləndirilən şəxslərin ilkin olaraq əməliyyat əməkdaşlarının diqqətinə çatdırılmasına baxmayaraq, kifayət qədər sübut olmadığından cinayət uzun müddət açılmamış qalıb. Yalnız 2020-ci ildə Demkinin cinayətdə iştirakına dair sübutlar əldə etmək, sonra isə onun ortaqlarını müəyyən etmək mümkün olub” – deyə, Baş Prokurorluğun yaydığı məlumatda bildirilib.

Demkin 2014-cü ildə vəfat etdiyi üçün hazırda onun maraqları qızı tərəfindən qorunur.

Hazırda cinayətin təşkilatçısı, beynəlxalq axtarışda olan T.İsmayılov barəsində başlanmış cinayət işinin istintaqı davam etdirilir. Cinayət işinə Moskvanın Xamovniçeski Rayon Məhkəməsində andlı iclasçıların iştirakı ilə baxılacaq.

Qeyd edək ki, bundan əvvəl Moskvanın Presnenski Məhkəməsi müğənni Avraam Russonun oğurlanması işi üzrə təqsirləndirilən şəxslərdən olan iş adamı T.İsmayılovun qardaşı oğlu Zaur Mərdanovun barəsində qiyabi hökm çıxarıb. O, yeddi il müddətinə azadlıqdan məhrum edilib. Eyni zamanda, o, cinayət təqibi üzrə məhdudiyyət müddəti başa çatdığı üçün cəzadan azad edilib.