09.08.2026 - 11:37
İqtisadiyyat 27 baxış

Tələbələrin yay dilemması: Mənzildə yaşamadan kirayə ödəmək məcburiyyəti ilə üz-üzə

Tələbələr yay tətilində olsalar da, kirayə mənzil bazarı fəaliyyətini davam etdirir. Bir çox tələbə, sentyabr ayında daha yüksək qiymətlərlə qarşılaşmamaq üçün kirayə götürdükləri mənzilləri yay aylarında da saxlayır. Hətta həmin dövrdə mənzildə yaşamamalarına baxmayaraq, kirayə haqqını ödəməyə davam edirlər. Çünki dərslərin başlaması ilə münasib qiymətə mənzil tapmaq çətinləşir.

Minval.info xəbər verir ki, tələbələrdən biri, sentyabrda mənzil tapmağın çətinliyini nəzərə alaraq yay aylarında da kirayə haqqını ödədiklərini bildirir: “Məcbur olmasaq da, kirayə haqqını ödəyirik. Çünki sentyabrda tələbə axını çox olduğu üçün kirayə ev tapmaq çətinləşir. Buna görə də, üç ay evdə qalmasaq da, kirayə haqqını ödəyirik ki, mənzil əlimizdən çıxmasın.”

Başqa bir tələbə isə oxşar vəziyyətlə üzləşdiklərini qeyd edir: “Üç ay ərzində şəhərdə olmuruq, maksimum bir ayını rayonda keçiririk. Buna baxmayaraq, kirayə haqqını ödəyirik ki, geri qayıdanda yenidən ev axtarmaq məcburiyyətində qalmayaq. Burada ev tapmaq çətin olur. Qrup yoldaşlarım arasında da yayda evdə qalmasalar belə, mənzili başqası tutmasın deyə kirayə haqqını ödəyənlər var.”

Mənzil bazarında qiymət artımının səbəblərindən biri də ucuz kirayə mənzillərin azalmasıdır. Köhnə tikililərin sökülməsi və yeni binalarda qiymətlərin daha yüksək olması bu prosesi çətinləşdirir. Kirayə haqqı isə mənzilin satış qiymətinin təxminən 0,5%-i nisbətində formalaşdığından, satış qiymətləri artdıqca kirayə qiymətləri də yüksəlir.

Ekspertlər hesab edir ki, keçmiş tələbə yataqxanalarının bir çoxu yaşayış üçün yararsız olsa da, onların yerləşdiyi torpaq sahələri ali təhsil müəssisələrinə yaxın ərazilərdədir. Bu yataqxanalar sökülərək yerində çoxmərtəbəli və daha çox otaqlı yeni yataqxanalar inşa edilərsə, bu, tələbələrin mənzil probleminin həllinə kömək edə bilər və paytaxtda kirayə mənzil bazarında qiymətlərin sabitləşməsinə təsir göstərə bilər.

Hazırda paytaxtın mərkəzi və mərkəzə yaxın ərazilərində köhnə tikililərdə birotaqlı mənzillərin aylıq kirayə haqqı 400 manatdan başlayır. Yeni tikililərdə isə qiymətlər daha yüksəkdir. Bu da, xüsusilə, tələbələrin münasib qiymətə kirayə mənzil tapmasını çətinləşdirir.

Beləliklə, tələbələr yay tətilində şəhərdən getsələr də, kirayə haqqını ödəməyə davam edirlər. Çünki sentyabrda mənzil tapmaq çətinliyi bəzi tələbələri aylarla boş qalan evin kirayə haqqını ödəməyə vadar edir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: