“Anam həmin yeri qutab, qoğal, şəkərbura bişirərək alıb. Gedib kiminsə toyunda oxumuşam, pul almamışam əvəvzində daş verib. Birinin məclisin idarə etmişəm məkanı təmir etdirib. Anam öz məkanından küçəyə atılıb, qaçqın kimi qalıb. Atasız, qardaşsız anam halal zəhməti ilə 4 qız böyüdüb. Dərdimi kimlə bölüşüm? Efirə çıxıb deməməliyəm, kömək edin? Onlar istəyir ki, mkanımızı zəbt etsinlər”.

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan deyib. Müğənni son günlər verilişə çıxıb yardım istədiyi üçün onu tənqid edənlərə cavab verib:

“6 il həmin adamların anası Elmira Azayeva məkanımızı işlədir. Sonra o, dünyasını dəyişdi, məkan qaldı boş. Zəng etdilər ki, qapılar, pəncərələr sındırılıb. Başsız qalan yerdə nə olar? Çəkilişlə getdik məkana, hər dəlil əlimizdə var. Elmira Azayeva rəhmətə getdi, anam gedib məkanda 5 ay qaldı. Anamın üstünə adam göndərdilər, bıçaqla təhdid edirdilər. Bizi hədələyirdilər ki, 57 min manat ödəməlisiniz. Bilmədik nə səbəbə, amma dedik yavaş-yavaş ödəyəcəyik.

7 ildir məhkəmələrdəyəm. Vəkilim İlhamə xanım sonda deyir ki, siz bu pulu ödəməlisiniz? Necə yəni, haq, ədalət harada qaldı? Anam yarım saatın içində evini 47 min manata satdı. Çox ucuz qiymətə satdı, çünki bizə təkid edirdilər. Bilsəydim, onu buna etməyə qoymazdım”.

Qeyd edək ki, E.Seyidcahanın anası ona məxsus olan obyekti keçmiş polis əməkdaşı, hazırda həbsdə olan Fərid Azayev, qardaşı Faiq Azayevə icarəyə verib. Daha sonra isə onlar icarə üçün müqavilə imzalamadan bundan imtina ediblər. Seyidcahan məkanı geri almaq istəyib, qarşı tərəf isə onları təhdid edərək, obyektin özlərinə aid olduğunu iddia ediblər.

Xatırladaq ki, Baş Dövlət Yol Polisi İdarəsinin keçmiş əməkdaşı Fərid Azayev, onun qardaşı Faiq Azayev və ataları İsif Azayev həbs edilib. Fərid Azayev 11, qardaşı Faiq Azayevin 6 il 6 ay və ataları İsif Azayevin 6 il müddətinə azadlıqdan məhrum ediliblər. 2014-cü il dekabrın 22-nə keçən gecə saat 03:00 radələrində Fərid Azayev bir qrup şəxslə cinayət işi üzrə zərərçəkmiş kimi tanınan Sevinc Məmmədovanı və Şəfəq Beydullayevanı oğurlayaraq onlara qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə ittiham olunur.

Seyidcahan obyekt üçün 63 min manat ödəməlidir. Buna görə proqramda yardım istəyib.