Şengen vizası rəqəmsallaşır: Müraciət asanlaşacaq?
Avropaya səyahət etməyi planlaşdıranlar üçün mühüm yenilik gözlənilir. Avropa İttifaqı (Aİ) Şengen vizası sistemini rəqəmsal formata keçirməyə hazırlaşır. Yeni sistem tam tətbiq edildikdən sonra pasportlardakı ənənəvi viza stikerlərinin yerini rəqəmsal vizalar alacaq. Aİ-nin bildirdiyinə görə, yeni rəqəmsal sistem Şengen vizası üçün müraciət prosesini daha rahat və çevik etməyi hədəfləyir. Vahid onlayn viza platformasının – EU Visa Portal və rəqəmsal vizaların 2030-cu ildə tam şəkildə qüvvəyə minməsi planlaşdırılır.
Minval.info xəbər verir ki, keçid mərhələsində sistemin ayrı-ayrı ölkələrdə sınaqdan keçirilməsi və mərhələli şəkildə tətbiqi nəzərdə tutulur. Turizmçi Günel Şıxıyeva bildirir ki, Şengen vizasının rəqəmsallaşdırılması ilə vizaya müraciət prosesi xeyli asanlaşacaq. “Hazırda kağız və fiziki şəkildə həyata keçirilən proseslərin böyük hissəsi onlayn sistemə keçiriləcək. Turist vahid Avropa platformasında müraciət formasını doldura, sənədlərini yükləyə, ödənişini edə və müraciətinin statusunu izləyə biləcək. Əsas məqsəd prosesi həm turist, həm də konsulluqlar üçün daha rahat və təhlükəsiz etməkdir”.
Turizmçinin sözlərinə görə, əsas dəyişiklik pasporta rəngli vizanın vurulmaması ilə bağlı olacaq. “İndiki pasporta yapışdırılan rəngli Şengen viza stikeri gələcəkdə rəqəmsal viza ilə əvəz olunacaq. Rəqəmsal viza kriptoqrafik olaraq imzalanmış 2D barkod formasında olacaq və vizanı saxtalaşdırmaq daha çətin olacaq. Yəni bunu sadə dildə QR koda bənzər rəqəmsal viza kimi izah edə bilərik, amma rəsmi adı 2D barkoddur”.
İlk dəfə müraciət edənlər yenə viza mərkəzlərinə getməli olacaqlar. Amma yenilik artıq “heç vaxt viza mərkəzinə getməyəcəyik” demək deyil. İlk dəfə müraciət edənlər, biometrik məlumatları yenilənməli olan şəxslər və müəyyən hallarda yeni pasportla müraciət edənlər yenə şəxsən mərkəzlərə getməli olacaqlar.
G.Şıxıyaeva hesab edir ki, texniki baxımdan turistin özünün müraciət etməsi daha asan olacaq. “Platforma hətta bir neçə Şengen ölkəsinə gedən şəxsin hansı ölkəyə müraciət etməli olduğunu müəyyənləşdirməyə kömək edəcək. Amma düşünmürəm ki, proses müddətində turizm şirkətlərinə ehtiyac tamamilə aradan qalxacaq. Çünki viza sadəcə anket doldurmaq deyil. Düzgün marşrutun qurulması, otel və aviabilet rezervasiyaları, sığorta, maliyyə sənədləri və ümumiyyətlə dosyenin düzgün hazırlanması yenə vacib olacaq. Sadəcə, turizm şirkətlərinin bu sahədə rolu dəyişəcək və daha çox peşəkar konsultasiya və sənədlərin düzgün hazırlanması istiqamətinə keçəcək”.
Turizmçinin fikrincə, sənədlərin onlayn təqdim olunması, ödəniş və məlumat mübadiləsinin elektron aparılması prosesi daha operativ edə və əlavə vaxt itkisini azalda bilər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Namiq Qaraçuxurlunun klip çəkilişində ilan qorxusu!
Peyvənd və antibiotik: Uşaqlar üçün nə zaman vacibdir?
Kəlbəcərdə ilk əmək yarmarkası: 90 vakansiya!
Özbəkistanda zirzəmidə siam köpəkbalığı ferması!
Dağlarda leysan, dolu və şimşək təhlükəsi!
Skuter sürücüləri piyadalar üçün təhlükə yaradır
Jurnalist Samir Qurbanovun oğlu faciəvi öldü