Özünü DTX polkovniki, general kimi təqdim edərək baş həkimdən və digər şəxslərdən külli miqdarda pul alan dəstə növbəti dəfə hakim qarşısına çıxarılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə pul tələb etməkdə ittiham edilən 1961-ci il təvəllüdlü Əliyev Rövşən Soltan oğlu, 1968-ci il təvəllüdlü Çobanov Hətəmxan Bədirxan oğlu və 1978-ci il təvəllüdlü Elxan Hümbətovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Musavat.com-un məhkəmə prosesində iştirak edən müxbiri xəbər verir ki, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında Samir Rəcəbov ifadə verib.

Samir Rəcəbov bu işdə adı keçən əsas şəxslərdən biridir. Daha doğrusu, bu işlərin başlamasının səbəbkarıdır.

Belə ki, Samir Rəcəbov bu işdə zərərçəkmiş şəxs kimi tanınan Qusar Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Mübariz Zeynalovun işçisi olub, o da həkimdir. Samir işdən çıxarılacağını bilib və buna görə də vəzifəli şəxslər axtarıb ki, baş həkimə xahiş elətdirsin.

Məhkəmədə şahid kimi dindirilən Samir Rəcəbovun dedikləri məhkəməyə inandırıcı gəlməyib. Çünki Samir Rəcəbov deyib ki, baş həkimin başına açılan oyunlardan xəbəri olmayıb.

Sərbəst ifadə verən Samir Rəcəbov bunları deyib:

“Mən 2016-cı ildə işdən çıxarılacaqdım. Buna görə də Ələkbər Həsənovdan dedim ki, baş həkimdən işdə saxlanılmağımı xahiş eləsin. Ələkbər müəllim Mübariz həkimlə danışdı və məni işdə saxladı.

Sonra yənə eyni məsələ oldu. Mən işdən çıxarılacaqdım. Ələkbər müəllimə zəng elədim. Amma Ələkbər müəllim dedi ki, özü yox, başqa adama deyəcək. Ələkbər müəllim Səyyad həkimdən xahiş etmişdi. Bu dəfə də Mübariz həkim məni işdə saxladı. Amma sonuncu söhbət ərəfəsində, hələ Səyyad həkim Mübariz həkimə zəng eləməmişdən əvvəl mən Elxanla danışdım. Elxanı Ələkbər Həsənov vasitəsi ilə tanımışam. Elxan mənə vəzifəli şəxslərdən birinin yaxın qohumunun adını çəkdi. Dedi ki, həmin şəxs Mübariz həkimə zəng edəcək. Mən də ona sağ ol dedim. Elxana Mübariz həkimin nömrəsini verdim. Amma sonra olanlardan xəbərim yox idi. Mübariz həkim özü mənə deyəndə xəbər tutdum”.

Suallara cavab verən Samir Rəcəbov bildirib ki, baş həkimin hədə-qorxuya məruz qalmasını DTX-ya aparılanda bilib: “DTX əməliyyatçıları Ələkbər Həsənovla məni aparmağa gəlmişdilər. Dedilər ki, müqavimət göstərmədən maşına oturun. Biz də maşına minib DTX-ya getdik”.

Hakimlər Samir Rəcəbovdan soruşub ki, baş həkim Mübariz Zeynalovun ailəsi, uşaqları, evi barədə Elxana məlumatlar veribmi.

Samir Rəcəbov bu suala “yox” cavabı verib. Amma bu, məhkəməni qane etməyib.

Məhkəmə belə qənaətə gəlib ki, Elxanın tanımadığı Mübariz Zeynalovun evi, övladlarının təhsil aldığı universitetlər və onun barəsindəki digər şəxsi məlumatları bilməsi mümkün deyil.

Prosesdə iştirak edən baş həkim Mübariz Zeynalov işçisi olmuş Samir Rəcəbovun işdən çıxarılması haqda danışıb.

O deyib ki, Samir Rəcəbov intizamsız olduğu üçün işdən çıxarılacaqmış. Amma iki dəfə ondan xahiş etdikləri üçün Samir Rəcəbovu işdə saxlayıb.

Hakim Mübariz Zeynalovdan soruşub ki, işçisi Samirlə bağlı Səyyad həkim xahiş etdiyi halda niyə yenə də Elxanla ünsiyyətə girib?

Məlum olub ki, Mübariz Zeynalov Elxanın adını çəkdiyi vəzifəli şəxslə görüşmək, münasibət qurmaq üçün bu danışıqları davam etdirib. Baş həkim məhkəmədə də bunu təsdiqləyib.

Həbs edilən Elxan baş həkimin yalan danışdığını deyib. O bildirib ki, baş həkim vəzifəyə getmək üçün onunla danışıb:

“Mən etdiklərimi deyirəm. Əməlimi etiraf edirəm. Amma bu baş həkim yalan danışır. Düzdür, mən baş həkimi aldatmışam. Amma ona hədə-qorxu gəlməmişəm. Vəzifəli şəxsin adını çəkib ondan pul almışam. Həmin pulla Mübariz Zeynalov Sumqayıta baş həkim gedəcəkdi. Bunu da baş həkim özü istəyirdi. Mən hardan bilirdim ki, Sumqayıta baş həkim lazımdır? Bunu mənə Mübariz demişdi. İndi burada yalan danışır. Özü rüşvət vermişdi, məsuliyyətdən yayınmağa çalışır”.

Suallara cavab verən Elxan pulu geri qaytardığını deyib: “Həkimdən aldığım pulla xaricdən 3 maşın gətirmişdim. Sonra onları satıb pulu qaytardım”.

Baş həkim Mübariz Zeynalov təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbinin olmadığını deyib.

Maraqlı məqam isə pulu Mübariz Zeynalova kimin qaytarmasıdır. Çünki nə baş həkim, nə də Elxan ad çəkir. Mübariz Zeynalov pulu tanımadığı şəxslərdən aldığını deyib. Elxan isə “tanışlarım aparıb” deməklə kifayətlənib.

Məhkəmədə tərəflərin ifadələrində adı keçən Ələkbər Həsənovun da bu işdə əlinin olub-olmaması araşdırılacaq. Təqsirləndirilən şəxslərdən Elxanın dayısı olan Ələkbər Həsənov da məhkəmədə dindiriləcək.

Məhkəmə araşdırması davam etdirilir.

Baş həkim necə aldadılmasını, başına gətirilən oyunları məgkəmədə danışıb. Həmin ifadəni bu linkdən oxuya bilərsiniz:

https://musavat.com/news/bakida-saxta-general-ve-polkovnikin-mudhis-plani-bas-hekimi-ele-bir-tora-saldilar-ki-ozel_641482.html

Qeyd edək ki, təqsirləndirilən şəxslərə qabaqcadan əlbir olan bir qrup şəxs halında hədə-qorxu ilə pul tələb etmək ittihamı irəli sürülüb. Bu iş üzrə ümumilikdə 3 nəfər zərərçəkmiş var. Onlardan biri də keçmiş məktəb direktorudur. Zərərçəkmişlər təqsirləndirilən şəxslərlə barışıb. Baş həkim və digərlərinə dəymiş zərər ödənilib.