Картинки по запросу əhməd qoşalıÖlkəmiz dövlət müstəlilliyinin 28-ci ilini yaşayır. Əlbəttə, bu 28 il asan başa gəlməyib – ta məşum 28 aprel 1920-ci ildən başlayan bir dönəm, 1991-ci ildə qapansa da, onun gərginlikləri daha neçə il sürdü… – Bəlkə inersiya ilə, bəlkə hansısa qanunauyğunluqla, bəlkə də, başqa bir səbəblə – ancaq bütün hallarda ölkənin çiçəklənməsini sanki həzm edə bilməyən qüvvələrin mövcudluğu da, ortadadır. Özlərini qırağa çəkib, nə inkişaf və tərəqqidə rola almayan, nə də rol alanları qəbul etməyən zehniyyəti deyirəm. – İstərsiz, siz buna qüvvə yox, qüvvəsizlər, zehniyyət yox, zehniyyətsizlər deyin, ancaq hər hansı addımdan, hər hansı uğurdan və hansısa problemdən impulsiv açıqlamalar ürətənlərə deyəcək sözünüz vardır, hər halda. Məsələn, Elçibəy yadigarı partiyanı böyrü üstə qoyan, paramparça edən indiki AXCP sədri az qala hər saatbaşı önünə keçib müsahibə verdiyi kitab dolabını axırıncı dəfə nə zaman açıb, görəsən? – Bilmirəm, orada hansı kitablar var, – hər halda, kitabdır, istər müəllif kitabı olsun, istər redaksiya ehyətinin araya-ərsəyə gətirdiyi əsər olsun, necə olsa, bir strukturu var, simmetriyası, nə bilim, ümumiləşdirməsi vardır. Ən azından kitab oxuma vərdişi yaddaşa ayar verir, nitqi zənginləşdirir. Yoxsa, el demiş, “çevir tatı, vur tatı”, “itotu, bağayarpağı” effekti (oxu: effektsizliyi) ilə uzağa getmək mümkün deyil. – Necə ki, mümkün olmur.
Odur ki, sadə, sadə, çox sadə sözlərlə yazıram bu yazını.

Azərbaycan dövlətinin Avropa Birliyi ilə imzalamaq ərəfəsində olduğu tarixi saziş və bugünlərdə paytaxt Bakını növbəti dəfə dünyanın diqqət mərkəzinə gətirən “Formula-1” yarışları öz-özlərindən qeyzli radikalların “menyü”sündə hazırda özəl yerə sahibdir.

Avropa Birliyi ilə sazişi hazırlayan da, onun məsuliyyətini daşıyan da, xalqın taleyüklü məsələlərini, dövlətin qarşısında duran vəzifələri hamıdan yaxşı bilən, ən azı, ən azı, bu bilgi üçün ən yaxşı informasiyalara sahib olan məhz iqtidardır. Hansı ağıllı fikirləşər ki, iqtidar bir bu qədər bilgi və məsuliyətlə, radikal müxaliflətdən daha az vətənpərvər, daha az diplomat gedişlərə sahibdir? Niyə? İqtidar onu xalqın gözündə daha da ucaldan, ümumxalq sevgisini daha da artıran addımlar atmayıb da, özü öz əleyhinəmi addım atacaq? Aman, Tanrım! – Adını Milli Şura qoyan bir qurum bu qədər ucuz qətnamələrin umudun qalıbsa, necə millidir, necə şuradır? Əgər bu yazını oxusalar, tövsiyyə edərdim, 1995-ci ildən fəaliyyət göstərən, yaxşı ənənələri, zəngin təcrübəsi olan bir Milli Şura var, gedib, bir az onlardan öyrənsinlər: Azərbaycan Respublikası Gənclər Təşkilatlarının Milli Şurası. Gəncləri Şurası siyasi müxalifləri Milli Şurasına Avropa institutları ilə işin anrısı-bərisi, necə tərəfdar toplamaq, ölkə üçün fədakarlıq göstərmək, könüllü çalışmaq, İKT-nin əməli fəaliyyətə tətbiqi, yeni çağırışlar, trendlərlərlə tanışlıq və s. barədə faydalı məsləhətlər verər, deyə ümid edirəm…

Qaldı, “Formuila-1” barədə… – Əfsanəli “Formula-1” yarışları dünyanın milyonlarla idman azarkeşinin, sahə mütəxəssisinin, turistin, özəlliklə, gənclərin, medianın diqqətini Bakıya ayarlayıb. Necə deyərlər, “bütün yollar Bakıya aparır”… Bilirsiz, Bakı halqasının bir bölümü Prezident Administrasiyasının yaxınlığından, Bakı şəhər İcra Hakimiyyətinin qarşısından keçir və özü də, paytaxtımız ilk dəfə deyil bu yarışa evsahibliyi edir – baxın, ən azı, ən azı bu faktlar deməyə əsas verir ki, “Formula-1” barədə qərar üfüqügeniliklə düşünülərək, ölkənin çıxarları dərinliyi ilə nəzərə alınaraq, verilib. Təsəvvür edin, bəlli sayda qurum və quruluşa sahib hökumət deyil də, neçə yerə parçalanmış bir partiyamı nəyinsə daha yaxşı yoxsa, daha uyğunsuz olduğunu bilir? Gülməlidir, deyilmi? Gülməlidir, deyilmi: dövlət başçısı nə addım atırsa, sırf o addıma odaklanmış açıqlamalarla gündəmdə qalmağa çalışan bir partiya başçısından danışırıq. A bəy, müxalifətçiliyin fəlsəfəsi nədir? Müxalifətsənsə, konsepsiyanı, fərqli idarəçilik fəlsəfəni qoy ortalığa. Fərqli yox, ey, üstün yanaşmanla seçil. Hanı? Barmağını barmağına vurub, neçə konsepsiya, neçə siyasi əsər, neçə iqtisadi proqram saya bilərsiz ki, deyək, bu da, ölkə müxaliflərinin respublikamıza, xalqımıza xidmətidir. Varmı? – Varsa, bəs hanı?

Başqa, bəlkə, daha önəmli məsələ: bilirsiz, iradı elə siyasətçi deməlidir, onun üzərində, “qeyr-səmimi”, “özündənrazı” yarlıqları ilə yanaşı, bir də, “xəyanətkar” yaraşdırması olmasın! O yaraşdırmanı mən yox, iqtidar yox, öz cəbhədaşları, öz silahdaşları, öz müxalif həmkarları deyib, deyir və belə görünür, deyəcəklər də. Bax, budur, məsələ:
-Niyə məhz sizin ünvanınıza deyilir bu sözlər?
-Niyə məhz sizin partiyadaşlar başqa partiyalarda olmadığı qədər, başqa sahələrə, başqa düşərgələrə… keçid edirlər?..
-Bunda sizin heçmi günahınız yoxdur?
-Belə bəylik, belə liderlikmi olur? – “Mən nə deyirəmsə, hamısı düz, tənqid etdiyim nə deyirsə, hamısı yanlışdır”… – Yanılmıramsa, buna “mogikal sin¬drom”dan əziyyətçəkmə deyirlər. Bu isə artıq siyasətin deyil, başqa sahə mütəxəssislərinin müzakirə predmeti olsa gərək…

Əkbər Qoşalı,
Milli QHT Forumu İdarə Heyətinin üzvü