Nazirlik bu kateqoriyaya yönəlik dövlət qayğısının istiqamətlərini açıqladı

Bu günlərdə Azərbaycan erməni işğalçılarının təxribatı nəticəsində daha bir hərbi qulluqçusunu itirdi. Ailəli və bir övlad sahibi olan gizirimiz Seymur Ələsgərov Gəncədə dəfn olunub. İllərdir davam edən erməni təxribatları cəbhə xəttində minlərlə hərbçimizin şəhid olmasına gətirib çıxarır. Xeyli hissəsi ailəli olan hərbçilərimizin ailələrinə, övladlarına Azərbaycan dövləti tərəfindən hansı qayğı göstərilir? Şəhid ailələrinə hansı imtiyazlar, üstünlüklər tanınır?

Bu və digər suallarımıza cavab verən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbovun “Yeni Müsavat”a bildirdiyinə görə, şəhid ailələrinə diqqət və qayğının daim artırılması, onların rifah halının yaxşılaşdılması ölkəmizdə aparılan sosial siyasətin əsas istiqamətlərindən biridir: “Belə ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi uğrunda şəhid olmuş hərbi qulluqçuların ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün həmin ailələrin mənzillə təminatı həyata keçirilir. 2018-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 626, 2019-cu ildə 934, ümumilikdə ötən dövrdə isə 7600-ə yaxın mənzil və fərdi ev verilib. 2020-ci ildə şəhid ailələrinə və müharibə əlillərinə ən azı 1500 mənzil və fərdi evin verilməsi nəzərdə tutulub”.

Nazirlik rəsmisi deyir ki, şəhid ailələrinin sosial təminatı sahəsində aparılan işlərdən biri də onların Azərbaycan  Prezidentinin aylıq təqaüdü ilə təmin olunmasıdır: “2019-cu ildə bu təqaüdün məbləği 242 manatdan 2019-cu il fevralın 1-dən 300 manata çatdırılıb. Ümumən, ötən dövrdə bu təqaüdün məbləği 3 dəfə artırılıb. Bunlardan əlavə, Azərbaycan  Prezidentinin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanına əsasən, şəhidlərin vərəsələrinin birdəfəlik ödəmə (11 min manat) ilə təminatı proqramı icra olunur. 12268 şəhidin vərəsələrinin birdəfəlik ödəmə almaq hüquqları vardır ki, onlardan artıq 12 min şəhidin 18 min vərəsəsi ödəmə ilə təmin edilib. Qalan vərəsələr də müraciət etdikcə onlara ödəmə verilir”.

F.Talıbov onu da bildirir ki, şəhid ailəsi üzvlərinə pensiya təyinatı zamanı əlavə üstünlük verilməklə, şəhid ailəsi üzvlərinin əmək pensiyasına əlavə hesablanır: “Azərbaycan Respublikası Prezidentinin 18 mart 2014-cü il tarixli sərəncamına əsasən, ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olanların, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların, şəhid ailələrinin respublikamızın ali təhsil müəssisələrində bakalavriat və magistratura (tibb təhsilində əsas və rezidentura) təhsil səviyyələrində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan uşaqlarının təhsil müddəti ərzində təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Dövlət başçısının 18 iyul 2016-cı il tarixli sərəncamı ilə həmin insanların Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində ödənişli təhsil alan övladlarının da təhsil xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Şəhidlərin uşaqlarına və əmək pensiyası almaq hüququ olmayan şəhid ailəsi üzvlərinin hər birinə aylıq sosial müavinət verilir. Özünüməşğulluq proqramının icrasında da şəhid ailəsi üzvlərinə üstünlük verilir. 2019-cu ildə də proqrama cəlb edilənlərdən 260-ı şəhid ailəsi üzvləridir”.