Kreml Rusiyaya yeni “nəfəslik” və manevr imkanları açan Türkiyənin Suriyada antiterror əməliyyatlarına əngəl törətməyəcək, rəsmi Ankara isə buna qarşılıq olaraq, Əsəd rejiminə mümkün qədər tolerant yanaşacaq… Rusiyanın istənilən halda, boşaltmaq məcburiyyətində qalacağı bəzi regional mövqelərin ABŞ və Qərb deyil, məhz Türkiyə tərəfindən doldurulması Kremlə daha sərfəlidir…

Türkiyə artıq regional deyil, qlobal gücə çevrilib. İndi dünyanın bir çox ciddi problemlərinin həllində rəsmi Ankaranın mövqeyi nəzərə alınır. Hətta bəzi beynəlxalq problemlərin nizamlanmasında Türkiyə əsas arbitr rolunda çıxış edir. Və bu səbəbdən də rəsmi Ankaranın istənilən davranışı, Türkiyə liderinin geopolitik hərəkət trayektoriyası hazırda bütün dünya tərəfindən xüsusi həssaslıqla izlənilir.

Təbii ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya son səfəri də istisna təşkil etmədi. Üstəlik, bu səfər bir qədər gözlənilməz xarakter də daşıyırdı. Çünki Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya lideri Vladimir Putin ilə son görüşündən o qədər də çox vaxt keçməmişdi. Yəni, bu iki dövlət lideri qısa müddət öncə İranın paytaxtı Tehranda görüşmüşdülər.

Ona görə də, Türkiyə liderinin gözlənilmədən Rusiyaya səfər qərarı verməsi beynəlxalq məkanda çaşqınlıq ilə qarşılanmışdı. Əsas suallar isə prezident Rəcəb Tayyib Ərdoğanın belə bir qısa zaman intervalında Kreml sahibi Vladimir Putin ilə hansı səbəbdən görüş ehtiyacı duyması üzərində indeksləşmişdi. Türkiyə liderinin səfəri ərəfəsində əsas ehtimallar İstanbul anlaşması sayəsində yaradılmış “taxıl dəhlizi” ilə bağlı əlavə müzakirələrin vacib olduğu iddia edilirdi.

f1684bc4a48589cc0b2fd1e815932cae.jpg (133 KB)

Ancaq bu, ən sadə arqumentlərə belə, davam gətirməyəcək iddialar idi. Çünki, İstanbul anlaşması icra edilirdi, “taxıl dəhlizi”nin funksionallığına heç problem müşahidə edilmirdi. Hətta hansısa problem olsaydı belə, buna görə Türkiyə prezidentinin Rusiyaya səfər etməsinə ehtiyac olmazdı. Çünki rəsmi Ankara bunu diplomatik kanallar üzərindən də nizamlaya bilərdi.

Deməli, prezident Rəcəb Tayyib Ərdoğanın Rusiya səfəri üçün daha böhranlı və əhəmiyyətli səbəblərin ola biləcəyi qətiyyən istisna deyil. Elə prezident Rəcəb Tayyib Ərdoğan ilə görüş ərəfəsində Kreml sahibi Vladimir Putinin verdiyi ilk açıqlamaların məzmunu da iki dövlət liderinin müzakirə edəcəyi daha ciddi problemlərin mövcudluğunu təsdiqləyirdi. Çünki, Kreml sahibi vurğuladı ki, dünyada hər kəs, elə də bütün ərzaq istehlakçıları İstanbul anlaşmasının imzalanmasına görə məhz Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana minnətdar olmalıdır. Çünki, məhz Türkiyə liderinin sayəsində “taxıl dəhlizi” reallığa çevrilib, yüklə dolu nəqliyyat gəmiləri dünya bazarlarına taxıl və digər ərzaq məhsulları daşıyırlar.

Təbii ki, bu açıqlama Kreml sahibinin Türkiyə liderinə xüsusi ehtiramla yanaşmasını da göstərir. Hazırda prezident Rəcəb Tayyib Ərdoğan dünya liderləri arasında yeganə dövlət başçısıdır ki, Kreml sahibi Vladimir Putinə təsir göstərə bilir. Kreml sahibinin “Əgər, hazırda Rusiya enerji resursları kəsintisiz olaraq, Avropa Birliyi dövlətlərinə nəql olunursa, həmin ölkələr buna görə də yenə prezident Ərdoğana minnətdar olmalıdır” deməklə, Türkiyənin hazırda bütün dünya qarşısında necə önəmli missiya daşıdığını göstərir.

Maraqlıdır ki, iki dövlət liderinin görüşü əvvəlcədən 50 dəqiqə üçün planlaşdırılmasının əksinə olaraq, 4 saatdan çox çəkib. Deməli, iki ölkənin münasibətlərində və maraqlarında uzlaşdırılması vacib olan çox önəmli mövzular müzakirə edilib. Düzdür, həmin mövzular barədə tam məzmunlu məlumat mövcud deyil. Ancaq rəsmi açıqlamalar üzərindən bir sıra nəticələr çıxarmaq hər halda, mümkündür.

c6f3aa76-543d-4aaf-b22a-527b71cd0fbd.jpg (106 KB)

Məsələ ondadır ki, iki prezidentin Türkiyə və Rusiya arasında kənd təsərrüfatı, nəqliyyat-kommunikasiya, iqtisadi-ticari, enerji və s. sahələr üzrə tərəfdaşlığı daha da inkişaf etdirmək barədə anlaşdığı bildirilir. Təbii ki, bu sırada Rusiyanın Türkiyədə inşa etdiyi Akkuyu Atom Elektrik Stansiyası ilə bağlı razılaşma xüsusi yer tutur. Eyni zamanda, Türkiyənin beynəlxalq sanksiyalara əhəmiyyət vermədən Rusiya enerji resurslarını idxal etməsi Kreml üçün böyük əhəmiyyət daşıyır. Çünki yaxın gələcəkdə Türkiyə marşrutu Rusiya enerji resursları üçün yeganə və ən etibarlı ixrac “pəncərə”sinə də çevrilə bilər.

Türkiyə ilə iqtisadi-ticari tərəfdaşlığın genişləndirilməsi isə mövcud sanksiyaları nəzərə aldıqda, Rusiyanın ümid bəsləyə biləcəyi əsas “nəfəslik” təsiri bağışlayır. Üstəlik, onu da diqqətə almaq lazımdır ki, rəsmi Ankara Rusiyaya olduqca önəmli güzəştə razılaşıb. Belə ki, prezidentlərin görüşündə Türkiyənin Rusiyadan təbii qazın idxalına görə ödənişlərin bir qismini rus rublu ilə reallaşdırılması razılaşdırılıb. Bu, Kremlin maliyyə manevrləri edə bilməsi üçün olduqca önəmli güzəşt sayıla bilər.

Üstəlik, rəsmi Ankaranın belə bir addımla böyük riskə getdiyi də inkaredilməz reallıqdır. Çünki, təbii qazın dəyərinin bir qisminin Rusiyaya dollarla deyil, rus rublu ilə ödənməsi istər-istəməz Türkiyənin beynəlxalq rəqiblərini qıcıqlandıra da bilər. Və yəqin ki, yaxın vaxtlarda buna reaksiyanın necə olacağı aydınlaşmağa başlayacaq.

Təbii ki, heç dövlət digər ölkəyə real qarşılığı olmayan hər hansı güzəşti etməz. Rəsmi Ankaranın da bu addımı atarkən, Kremldən adekvat güzəştlər əldə etdiyi qətiyyən şübhə doğurmur. Böyük ehtimalla prezident Rəcəb Tayyib Ərdoğan Kreml sahibi Vladimir Putindən Türkiyənin təhlükəsizlik maraqlarının təmin edilməsinə anlayış tələb edib.

Prezidentlərin ortaq bəyanatında Rusiyanın Türkiyənin milli təhlükəsizliklə bağlı narahatlıqlarına həssas yanaşdığının vurğulanması da bunun əlaməti sayıla bilər. Çünki, həmin sənəddə daha sonra vurğulanır ki, hər iki tərəf Suriyanın ərazi bütövlüyünə və suveren hüquqlarına hörmətlə yanaşır. Eyni zamanda, bütün terror qruplaşmalarına qarşı mübarizənin vacibliyi qabardılmaqla, Rusiya və Türkiyənin bu məsələdə ortaq hərəkət etmək barədə anladığı qeyd edilir.

756597204287924.jpeg (161 KB)

Əslində, ən maraqlı və önəmli məqam da məhz budur. Çünki bəziləri Suriya ilə bağlı məqamı Türkiyənin bu ölkənin ərazisində antiterror əməliyyatı keçirməsinə Kremlin razılıq verməməsi kimi yozurlar. Ancaq nəzərə almırlar ki, Rusiya Suriyanın və Əsəd rejiminin əsas himayədarıdır. Ona görə də, Kreml sahibinin rəsmi açıqlama ilə “Rusiya kənara çəkilir, Türkiyə nə istəsə, edə bilər” deyərək, ölkəsinin onsuz da zədələnmiş beynəlxalq nüfuzunu tamamilə heçə endirməz.

Bu baxımdan, Rusiyanın bu məsələdə siyasi manevrlər ilə ortaq fəaliyyəti imitasiya etməyə üstünlük verdiyi qətiyyən şübhə doğurmur. Yəni, Türkiyə antiterror əməliyyatına başlayacaq, Rusiya isə bunu sadəcə, kənardan müşahidə etməklə, bəzən isə siyasi açıqlamalar ilə ortaqlıq görüntüsü verməyə çalışacaq. Əsas məsələ odur ki, Kreml rəsmi Ankaranın atdığı addımlara əngəl törətməyə çalışmayacaq.

Təbii ki, rəsmi Ankara da buna qarşılıq olaraq, Əsəd rejiminə mümkün olduğu qədər tolerant yanaşacaq. Prezidentlərin ortaq bəyanatında yer alan Suriyanın ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşılmasının vacibliyi ilə bağlı məqam da məhz Kremlin rəsmi Ankaradan Əsəd rejimininə qarantiya almağa çalışması kimi anlaşılan bilər.

Əslində, müəyyən mənada, Türkiyənin Suriyada antiterror əməliyyatı keçirtməsi Rusiyanın maraqlarına qətiyyən zidd deyil. Çünki, Kremldə anlayırlar ki, Ukrayna savaşı və beynəlxalq sanksiyalar Rusiyanı əldən salıb, zəiflədir. Belə vəziyyətdə Rusiyanın bəzi regionlardan, o cümlədən də, Suriyadan geri çəkilmək məcburiyyətində qala biləcəyi də istisna deyil. Rusiyadan boşalacaq beynəlxalq mövqelərin isə ABŞ və Qərb deyil, məhz Türkiyə tərəfindən doldurulması Kremlə daha sərfəlidir. Və böyük ehtimalla bütün bu incə məqamlar iki prezidentin 4 saatdan çox çəkən görüşündə detallı şəkildə müzakirə edilmiş olmalıdır.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu