“Baku Steel Company” sahibi məhkəmədə vəkillərinin verdiyi bir sıra vəsatətlərə yumorla münasibət bildirdi

“Mənim bütün əmlaklarımı əlimdən alıblar, zavodumu əlimdən alıblar, vur-tut 2-3 xırda əmlakım qalıb. 2011-ci ildə üçlükdə oturub söhbət etmişdik. Adlarını məhkəmə başlayanda çəkəcəm. Biabırçılıq onda olacaq. Hamının ümumi danışdığını mən faktlarla danışacam. Deməyim odur ki, hər şey qaydasında gedirdi. Heç kimin heç kimdən narazılığı yox idi. Hələ də anlamıram, nə baş verdi ki, 11 ildən sonra qəfil hər şey dəyişdi? Bütün bunlar kimə, nəyə lazım idi? Sakit-sakit işləyirdik, hamı qazanırdı da… Mən bilirəm aranı kimin vurduğunu, ortalığı kimin qarışdırdığını… Adını da çəkəcəm. Bax, mənim bu məhkəməm bu dövlətin adına biabırçılıqdır. Niyə etdilər ki, bunu? Kimə lazım idi ki, məni tutsunlar və bu biabırçıqlar yaşansın. Deyirlər, prezidentə xəyanət etmisən. Yalansa… Mən burda danışanda kim kimdir, üzə çıxacaq, kim kimə necə xəyanət edib, hər şey ortalıqda olacaq”.

“Baku Steel Company” MMC-nin (poladəritmə zavodu) sahibi Rasim Məmmədov öz məhkəməsində həbsinə olan münasibət bildirərkən belə deyib.

Onun məhkəməsi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilir.

Hazırlıq iclasında vəkillər bir sıra vəsatətlər verdi. Onlardan biri Rasim Məmmədovun həbsindən sonra otağına baxış keçirilərkən götürülmüş iki dəftərlə bağlı oldu. Rasim Məmmədov dəftərlər barəsində belə deyib: “Pulların hərəkəti ilə bağlı dəftərlərdir. Orda 2009-cu ildən tutulanadək kimə, hara nə qədər pullar verilib, hamısı qeyd edilib. Mən o dəftərlərin üzə çıxmasını istəyirəm. Orda kimlərin adı var… Yenə deyirəm, bu məhkəmə dövlət adına biabırçılıq olacaq”.

Vəkillər məhkəməyə vəsatət verdilər ki, əmlaklarına həbs qoyulmuş şəxslər də məhkəmə baxışı zamanı dəvət olunub dindirilsin. Vəkillər vəsatətləri səsləndirdikcə Rasim Məmmədov ara-sıra yerindən qalxıb diqqəti gah əlindən çıxmış əmlaklarına, gah həbsinə çəkib:

“Mənim zavodumu əlimdən alıblar. Qohumlarımın adına olan əmlaklara həbs qoyublar. O zavodu daş-daş tikmişəm. Deyirlər, sənin deyil. Qohumlarımınsa əmlakına həbs qoyublar ki, Rasimindir. O şey ki mənimdir, deyirlər, sənin deyil. O şey ki mənim deyil, deyirlər, yox, sənindir”.

Rasim Məmmədov vəkillərin onun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətinə də belə münasibət bildirdi: “20 aydır DTX-da 15 kvadratmetrlik otaqda, hər cür şəraitimlə baş-qulağım sakit yaşayıram. Özümçün kitab yazıram. Mənim o otaqda qalmağıma görə qoy azadlıqda olanlar narahat olsun, son 11 ildə kimə nə qədər pul vermişəm, kiminlə nədən danışmışam, hamısını adbaad, günbəgün yazıram kitabımda”.

Rasim Məmmədov prezidentə, dövlətə sadiqliyindən də danışdı: “Mən Hacı Məmmədovdan sonra DTX-da ən uzun müddətli saxlanılan adamam – 20 ay… Məmur deyiləm, dövlətin malını, pulunu yeməmişəm. Mən iş adamıyam, öz pulumu qazanıb, yemişəm. Hələ başqaları da gəlib qazancıma şərik olub, məhkəmədə hamısının adını bir-bir çəkəcəyəm. Mən bu dövlətə prezidentin ətrafındakılardan çox xeyir vermişəm”.

Rasim Məmmədov məhkəmənin nəzərinə çatdırdı ki, “Baku Steel Company”nin baş direktoru öz qardaşı Süleyman Məmmədov olub. Ona verilən ittihamlardan biri də baş direktorun vəzifəsini mənimsəməsi ilə bağlıdır ki, özü bu ittihamı gülməli hesab edir: “Zavod mənim, baş direktoru da doğma qardaşım… Guya mən öz əlimlə qurduğum zavodda doğma qardaşımın vəzifəsini mənimsəmişəm. Çox gülməli ittihamdır. Daha bir ittiham armatur satmağımla bağlıdır. Bu da gülməlidir. Mən armatur istehsalçısıyam, bəs o armaturu niyə istehsal edirdim ki… Satmaq üçün istehsal edirdim də…”

Digər vəsstətlərdən biri iş üzrə hal şahidlərinin şahidlər siyahısından çıxarılması ilə bağlı oldu. Vəkillər bunu həmin şəxslərin eyni vaxtda bir neçə yerdə hal şahidliyi etməsiylə əlaqələndirdilər. Vəkil Elçin Sadıqov işdə olan ekspertiza rəylərinin saxta olduğunu əsaslandıraraq həmin rəylərin də sübutlar siyahısından çıxarılmasını istədi.

Vəkillərin vəsatətlərindən biri Ramiz Mehdiyevin məhkəmədə əlavə şahid kimi dindirilməsi ilə bağlı oldu. Rasim Məmmədov vəsatətə münasibət bildirərkən Mehdiyevi ələ saldı: “Əşi, qoca kişidir, 85 yaşı var, əziyyət verməyin ona…” Gülüşə səbəb olan bu sözü desə də, o, vəkillərinin vəsatətini dəstəklədi.

Jurnalistlərin məhkəməni sərbəst izləməsinə şərait yaradılması, müttəhimin şüşə qəfəsdən çıxarılaraq vəkillərinin yanında oturdulması, isveçrəli vəkillərin məhkəmədə iştirakının təmin olunması kimi vəstətlər də səsləndirildi. Hakim yerində bildirdi ki, məhkəmə iclasları açıq keçirilir, jurnalistlərin və digər şəxslərin məhkəməni sərbəst izləməsində problem yoxdur. Digər vəsatətlərlə bağlı müşavirə otağına gedən hakimlər qayıtdıqdan sonra hakim Leyla Əsgərova-Məmmədova vəsatətlərin çoxunun baxılmamış saxlanıldığını elan etdi. Məhkəmə baxışı sentyabrın 9-na təyin olundu.

46 yaşlı Rasim Məmmədov 42 milyon manatlıq israfçılıqda təqsirləndirilir. Bundan başqa, ona qarşı Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 179.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə təqsirləndirilir. O, 2021-ci il yanvarın 31-də DTX tərəfindən saxlanılıb, Fevralın əvvəlində barəsində həbs-qətimkan tədbiri seçilib. Hazırda məhkəməyə DTX-nın istintaq təcridxanasından gətirilir.

Rasim Məmmədovun adı zaman-zaman müxtəlif qalmaqallarla gündəmə gəlib. Ən böyük qalmaqallardan biri də Zülfüqarlı qardaşları ilə onun arasında baş verib. Nurəddin Zülfüqarlı və qardaşları bildirirdilər ki, öz zəhmətləri hesabına inkişaf etdirdikləri zavod onların əlindən zorla alınıb.

Bununla əlaqədar uzun müddət tərəflər arasında məhkəmə çəkişmələri gedib. Zülfüqarlı qardaşları üzə çıxarmışdı ki, onlardan alınandan sonra zavod Lerik sakini Gəray Məmmədovun adına keçirilib.

Media isə uzun illərdir ki, Rasim Məmmədovu Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin “qara kassası” kimi təqdim edir.