Müvafiq qurumlar “tam hazırıq” deyirlər; diqqət işğaldan azad olunan ərazilərə yönəlib

Noyabrın 15-dən etibarən Azərbaycanda istilik mövsümü başlanıb. Havaların hədsiz mülayim keçməsi fonunda istilik məsələsi diqqəti cəlb etməsə də, son iki gündə baş verən soyuqlaşma istər-istəməz bu məsələni aktuallaşdırır. Ölkədə qış hazırlıqları aparılıbmı: xüsusilə qaz və istilik təsərrüfatında vəziyyət necədir?

“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ceyhun Səfərovun “Yeni Müsavat”a verdiyi məlumata görə, ümumilikdə götürdükdə, bu ilin noyabrında qaz istehlakı keçən ilin eyni dövrü ilə müqayisədə azdır: “Bu da yəqin ki, keçən ilin noyabrında havaların indikindən daha sərt keçməsi ilə bağlıdır. Rəqəmlərlə ifadə etsək, bu ilin noyabrında keçən ilkindən 6,7 faiz daha az qaz istehlak olunur. Konkret günləri müqayisə etsək, keçən il noyabrın 15-də şəbəkəyə qəbul olunan qazın həcmi 23 milyon kubmetrdən çox, bu ilin eyni tarixində isə 22 milyon kubmetrdən çox qaz qəbul olunub. Ortalama olaraq bu il 470 min kubmetrdən bir qədər artıq az qəbul olunub. Havanın mülayim keçməsinə rəğmən, biz istehlak üzərində nəzarəti gücləndirmişik. Harada təzyiqin azalması müşahidə olunursa, oraya əlavə həcmlər yönəltməklə təzyiqi normallaşdırırıq. Bundan sonra da nəzarət davam etdiriləcək, istehlak artdıqca şəbəkəyə verilən qaz da artırılacaq”.

Azəriqaz”: “Payız-qış mövsümündə təbii qaza olan gündəlik tələbat 35-38 milyon kubmetrdir” - MÜSAHİBƏ - Finans.az

İB rəsmisi bildirir ki, haralardasa təzyiqin azalması müşahidə olunursa, bu, fərdi, yaxud bir küçənin problemi ola bilər: “Ola bilər ki, qanunsuz qoşulmalardan, yaxud yerli xarakterli sızmalardan belə problemlər yaransın. İstehlakçılardan xahiş edirik, belə hallarla rastlaşanlar ”Azəriqaz” İstehsalat Birliyinin 104-185 saylı çağrı mərkəzinə zəng etsinlər. Bəzən müraciətlərin çoxluğundan bu nömrələrə düşmək çətin olarsa, o zaman 077 310 41 04 saylı votsap nömrəmiz aktivdir. Problem yaranan ərazinin ünvanını qeyd etməklə bu nömrəyə məlumat göndərə bilərlər. Məlumat  səsli mesaj, foto, video formasında ola bilər, hər bir halda, ona mütləq reaksiya veriləcək”.

Qeyd edək ki, “Azəriqaz” İB tərəfindən qış hazırlıqlarına yaydan başlandığı elan olunmuşdu. Qurumun yaydığı açıqlamada bunun üçün xüsusi tədbirlər planı hazırlanaraq icra olunduğu bildirilirdi: “Tədbirlər proqramına uyğun olaraq ilk növbədə kənd və qəsəbələrin daşıyıcı qaz kəmərlərinin yenidənqurulması, kəmərlər üzərində quraşdırılmış istismar müddəti bitmiş avadanlıqların yeniləri ilə əvəz edilməsi, sonrakı mərhələdə isə mövcud qazpaylayıcı şəbəkələrin, küçə və dalanların qaz xətlərinin yenidənqurulması işləri davam etdirilir. Respublika ərazisində, o cümlədən Bakı şəhəri, ətraf qəsəbə və kəndlərdə abonentlərin qaz təchizatının yaxşılaşdırılması və istismara yararsız vəziyyətdə olan qaz kəmərlərinin yenidənqurulması məqsədilə ”Azəriqaz” İstehsalat Birliyi tərəfindən qaz kəmərləri əsaslı təmir edilib. Bundan əlavə, Bakı və regional qaz təsərrüfatı strukturlarının tərtib etdiyi proqram əsasında da işlər görülüb”..

Evinizə sayğac quraşdırarkən aldanmayın, PULSUZDUR! / ARAŞDIRMA

“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Vaqif Aydınoğlunun sözlərinə görə, enerji təchizatı şəbəkəsində həyata keçirilən tədbirlər, innovativ texnologiyaların tətbiq sayəsində fəsil fərqi aradan qaldırılır. İlin  fəslindən asılı olmayaraq, istehlakçılara fasiləsiz və keyfiyyətli elektrik enerjisi verilməsini təmin etmək imkanları yaradılıb. Hazırda “Azərişıq” ASC işğaldan azad edilmiş ərazilərdə xüsusi əhəmiyyət kəsb edən strateji obyektlərin elektrik təchizatının təcili təmin olunması üçün “Azərişıq Qarabağda” layihəsi çərçivəsində təxirəsalınmaz tədbirlər həyata keçirir. Qarabağ bölgəsində bütün həyat təminatlı sahələrdə, o cümlədən elektrik enerjisinin təminatı sahəsində də genişmiqyaslı işlər görülür.

Azad olunan ərazilərdə yeni güc mərkəzlərinin yaradılması, ən müasir texnologiyalardan, elektron tipli rele mühafizəsi və avtomatika sistemlərini, məsafədən dispetçer idarə etmə sistemini tətbiqi etməklə 110, 35 və 0,4 kV-luq şəbəkələrin yaradılması, ÖİN naqillərdən istifadə etməklə 35 və 0,4 kV-luq elektrik verişi xətlərinin çəkilməsi üzrə layihələr hazırlanmış, həmin layihələrin mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Lakin nəzərdə tutulan layihələr yerinə yetirilənədək “Azərişıq” ASC işğaldan azad edilmiş ərazilərdə xüsusi əhəmiyyət kəsb edən strateji obyektlərin müvəqqəti elektrik təchizatının təcili təmin olunması üçün “Azərişıq Qarabağda” layihəsi çərçivəsində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə start verib.

Noyabrın 15-dən Bakıda istilik mövsümü başlayır - İsti su sayğacla verilə bilər

“Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyevin mətbuata verdiyi məlumatdan aydın olur ki,  “Azəristiliktəchizat” ASC tərəfindən təsdiq edilən tədbirlər planına uyğun olaraq istilik təchizatı obyektlərinin mövcud qazanxana, istilik şəbəkələri, magistral və məhəllədaxili istilik kəmərləri, nəzarət ölçü cihazları və avtomatika, qaz, elektrik, nəqliyyat təsərrüfatları və digər istehsal təyinatlı avadanlıqların mövsümə hazırlanması ilə bağlı tədbirlərin icrası davam etdirilib (Sputnik Azərbaycan). Qurum rəsmisi qeyd edib ki, istilik mövsümü ərzində Cəmiyyətə məxsus 559 qazanxana istismar edilməklə 3870 yaşayış binası, o cümlədən 182,0 minə yaxın mənzil, 288 məktəb, 157 uşaq bağçası, 161 səhiyyə müəssisəsi və 1950 digər sosial və təsərrüfat obyektləri istiliklə təmin edilir: “Bununla əlaqədar olaraq istilik mövsümündə işləməsi nəzərdə tutulan bütün qazanxana və istilik məntəqələrində nasoslar, elektrik mühərrikləri təmir olunmuş, qazanlar və istilik mübadilə aparatları mexaniki və kimyəvi üsulla təmizlənmiş, nəzarət ölçü cihazlarının və elektrik avadanlıqlarının dəyişdirilməsi və sazlanması həyata keçirilmiş, magistral və məhəllədaxili istilik xətləri təzyiqlə yoxlanılaraq sınaqdan keçirilib və qış mövsümündə problem yarada biləcək istilik xətləri dəyişdirilərək yenisi ilə əvəz olunmuş, qazanxanalar ehtiyat qazan və nasoslarla təmin edilib”.

R.Əliyev qeyd edib ki, tədbirlər planına əsasən 559 qazanxana və 90 istilik məntəqəsi kompleks yoxlanılıb, 507 odluq təmir olunub, 861 ədəd qazan aqreqatı əsaslı və cari təmir olunub, 1150 ədəd qazan mexaniki və kimyəvi  üsulllara təmizlənib, qazanlarda 1680 m2  izolyasiya örtüyü və 796 metr kərpic örtüyü təmir olunub: “İstilik şəbəkəlirində 24310 ədəd siyirtmə və ventil təftiş olunmuş, onlardan 12760 ədədi əsası və cari təmir olunub, 580 ədədi isə yenisi ilə əvəz olunmuşdur. Magistral və məhəllədaxili istilik xətlərində 3850 m2 istilik örtük qatı, qazanxana və istilik məntəqələrində  7520 m2  dam örtüyü təmir edilmişdir. Bundan başqa 396 dəst istilik mübadilə qurğusu mexaniki və kimyəvi üsullarla təmizlənmiş, 600 ədəd kimyəvi su yumşaltma qurğuları işə hazırlanaraq tənzimlənib və Na-kationit süzgəclərində 5 ton kationit  materialları dəyişdirilib.

İstilik təchizatı sistemində  ən vacib  sahələrdən birinin magistral istilik xətləri olduğu nəzərə alınaraq 2020-2021-ci illər istilik mövsümünə hazırlıq tədbirləri çərçivəsində bu sahədə də əhəmiyyətli işlər görülüb. Belə ki, 977 km istilik xətləri yuyulmuş və hidravlik  təzyiqə yoxlanılmış, 6000 metrə yaxın məhəllədaxili və magistral istilik xətləri əsaslı  təmir olunub, 404 km istilik kəməri təmirdən sonra hidravlik təziyiqə yoxlanılıb”.

ASC rəsmisinin dediyinə görə, hazırda bir çox qazanxana və istilik məntəqələrində istilik parametrlərinə məsafədən nəzarət sistemi quraşdırılıb: “Bu sistem vasitəsilə Bakı şəhərinin və regionların istənilən ərazisində qazanxana və istilik məntəqələrindən yaşayış binaları və sosial obyektlərə gedən və qayıdan xətlərdəki suyun temperaturuna və təzyiqinə, qazanxanaların girişində qazın təzyiqi parametrlərinə nəzarət etmək mümkündür”.

R.Əliyev bildirib ki, payız-qış mövsümünə hazırlıqla əlaqədar tədbirlərərin icrası tam başa çatdırılıb: ““Azəristiliktəchizat” ASC tərəfindən göstərilən istilik və isti su təchizatı xidmətləri, o cümlədən istilik mənbələrinə qoşulmaq üçün texniki şərtlərin verilməsi xidməti Dövlət Xidmətlərinin Elektron Reyestrində qeydiyyata alınıb, bəzi xidmət növləri elektronlaşdırılıb, eyni zamanda istehlakçılara bu xidmətlərin “ASAN Kommunal” mərkəzlərində göstərilməsinə başlanılıb”.

Qeyd edək ki, hazırda koronavirus pandemiyasına görə orta və ali məktəblərdə, uşaq baxçalarında istilik təchizatına qoşulmalar ən aşağı həddədir. Bu isə qazanxanaların yükünün azalması, digər abonentlərin istiliklə təchizatında fasiləsizliyin təmin olunması üçün imkanları genişləndirir.