Qara milyardların izi: Türkiyəni sarsıdan maliyyə şəbəkələri necə ifşa edildi?
Sentyabr 2026-cı il qonşu Türkiyənin hüquq və maliyyə tarixinə analoqu olmayan, irimiqyaslı əməliyyatlar dalğası ilə daxil olub.
Qısa müddət ərzində qardaş ölkənin müxtəlif nəzarət mexanizmlərinin – MASAK (Maliyyə Cinayətlərini Araşdırma Qurumu), SPK (Sermayə Piyasası Kurulu), Vergi Yoxlama Qurumu və Ədliyyə Nazirliyinin koordinasiyalı hərəkətə keçməsi nəticəsində on milyardlarla lirəlik qeyri-qanuni dövriyyəyə malik şəbəkələr ifşa edilib.
Türkiyə mediasının və rəsmi qurumların məlumatlarına görə, bu proseslər sadəcə fərdi qanun pozuntularından ibarət deyil; daşınmaz əmlak, sığorta, qida, rəqəmsal mərc və kapital bazarları kimi fərqli sektorlarda dərin kök salmış, sistemin hüquqi və iqtisadi boşluqlarını hədəfə alan mürəkkəb mexanizmlər aşkar edilib. Rəsmi istintaq materiallarına əsasən, ölkənin iqtisadi təhlükəsizliyini hədəf alan beş böyük dosye xüsusilə diqqət çəkir.
“Vətəndaşlıq bazarı”: Saxta ekspertiza hesabatları və milyardlıq “satışlar”
Türkiyədə xarici vətəndaşlara investisiya müqabilində vətəndaşlıq verilməsi proqramı uzun müddətdir ki, ictimai müzakirələrin mərkəzində idi. Lakin sentyabr ayında keçirilən əməliyyatlar bu prosesin mütəşəkkil bir sui-istifadə mexanizminə çevrildiyini sənədləşdirib.
ƏLAQƏLİ
UN-Habitat İçərişəhərdə sakinlər və turistlər arasında balansı öyrənir
İstintaqın 4 avqustda başlayan ilk mərhələsində “Babacan İnşaat” hədəf alınmışdısa, 21 sentyabrda başlayan ikinci dalğa qonşu ölkənin nəhəng tikinti şirkətlərini – “Gül İnşaat”, “Beyaz İnşaat” və “LİV İnşaat”ı əhatə edib. İstintaq materiallarına görə, bazar dəyəri aşağı olan mülklər saxta ekspertiza hesabatları vasitəsilə süni şəkildə şişirdilərək vətəndaşlıq üçün tələb olunan limitə uyğunlaşdırılıb. Rəsmi rəqəmlər vəziyyətin ciddiyyətini ortaya qoyur: təkcə ikinci dalğada 734 xarici vətəndaşa edilən satış incələnib və bunlardan 274-nün tamamilə göstərməlik (saxta) olduğu təsbit edilib. Göstərməlik satışların ümumi maliyyə həcminin 3,5 milyard lirəni aşdığı bildirilir.
Türkiyənin ədliyyə naziri Akın Gürlekin açıqlamalarına əsasən, bu günə qədər müxtəlif əsaslarla qanunsuz yolla vətəndaşlıq almış 6 134 nəfərin vətəndaşlığı ləğv edilib. 30 şirkətə qəyyum təyin olunması, 2011 daşınmaz əmlaka məhkəmə tərəfindən həbs qoyulması, dövlətin siyasətini manipulyasiya edən şəbəkələrə vurulan böyük hüquqi zərbələrdən biri kimi qiymətləndirilir.
Sığorta fırıldağı: 253 min qəza qurbanı və 15,6 milyard lirəlik qeyri-qanuni dövriyyə
İkinci dosye isə birbaşa vətəndaşların şəxsi məlumatlarının toxunulmazlığını və sığorta sisteminin etibarlılığını hədəf alıb. İstanbul Anadolu Respublika Baş Prokurorluğunun koordinasiyası ilə aparılan istintaq sığorta sahəsindəki kütləvi məlumat sızmasını gün üzünə çıxarıb.
İddialara görə, mexanizm planlı şəkildə işləyib: yol-nəqliyyat hadisəsinə düşən 253 min vətəndaşın şəxsi məlumatları hüquqa zidd yollarla əldə edilərək müəyyən məsləhət şirkətlərinə və vəkil ofislərinə ötürülüb. Zərərçəkənlərə zəng edilərək, yanıltıcı vədlərlə onlardan vəkalətnamələr alınıb. MASAK-ın apardığı maliyyə izləmələri nəticəsində təqribən 15,6 milyard lirəlik haqsız qazanc dövriyyəsi müəyyənləşdirilib. Sentyabr ayında İstanbul, Ankara, Sakarya və Qaziantepdə 6 vəkil ofisi və 20 şirkətdə axtarışlar aparılıb, 825 nəfər barəsində istintaq başladılıb. İşin ən diqqətçəkən tərəfi isə bu şəbəkənin bəzi sığorta əməkdaşları və ekspertlərlə qurduğu ehtimal edilən qeyri-rəsmi əlaqələrdir.
Qida bazarında qiymət manipulyasiyası: Maya dəyəri necə şişirdilib?
ƏLAQƏLİ
Hakimiyyətin zirvəsindən həbsxanaya - Alimpaşa Məmmədovun korrupsiya dosyesi

Türkiyədə ərzaq inflyasiyasının qarşısının alınması istiqamətindəki səylər fonunda, Vergi Yoxlama Qurumunun kənd təsərrüfatı sektorunda apardığı araşdırmalar piştaxtalardakı süni qiymət artımının mühasibatlıq hiylələrini ifşa edib.
14 iyul – 3 sentyabr 2026-cı il tarixlərini əhatə edən yoxlamalarda istehsalçıların (fermerlərin) bəyan etdiyi qiymətlərlə “Hal Qeydiyyat Sistemi”ndəki sənədlər arasında kəskin fərqlər olduğu təsbit edilib. Məsələn, fermerin 6-8 lirəyə satdığı naringi, iri tədarükçü şirkətlərin alış sənədində 28 lirə kimi rəsmiləşdirilib. Nəticədə məhsul marketdə 31,82 lirəyə satıldıqda, şirkət kağız üzərində cəmi 3,82 lirə qazanc əldə etmiş kimi göstərilərək vergidən yayınıb. Araşdırmalar zamanı bəzi şirkətlərin xərcləri yüksək göstərmək üçün vəfat etmiş şəxslərin adlarına sənəd rəsmiləşdirdiyi kimi saxtakarlıq faktları da üzə çıxıb. Hazırda bu iş üzrə 40 şübhəlinin saxlanıldığı bildirilir.
“Şahin” süni intellekti iş başında: 21,8 milyard lirəlik qanunsuz mərc şəbəkəsi
Rəqəmsal cinayətlərə qarşı mübarizədə qonşu ölkənin hüquq-mühafizə orqanları texnoloji imkanlardan da geniş istifadə edib. Qaziantep Respublika Baş Prokurorluğunun rəhbərliyi ilə 24 vilayətdə eyni anda keçirilən əməliyyatda Türkiyə polisinin xüsusi olaraq hazırladığı “ŞAHİN” adlı süni intellekt dəstəkli məlumat analiz proqramından istifadə olunub.
Nəticələr kifayət qədər diqqətçəkəndir: sistem 1 milyon 388 min bank əməliyyatını analiz edərək bir-biri ilə əlaqələndirib və ümumi həcmi 21 milyard 883 milyon lirəyə çatan qanunsuz mərc əməliyyatlarını təsbit edib. Əməliyyat nəticəsində 153 nəfər saxlanılıb, on milyonlarla lirəlik əmlaka və silah-sursata əl qoyulub. Türkiyə mediası yazır ki, bu, sadəcə qanunsuz mərc oyunlarına qarşı əməliyyat deyil, həm də gənclərin bank hesablarından istifadə etməklə beynəlxalq miqyasda qara pulların yuyulması sxeminin qarşısının alınmasıdır.
ƏLAQƏLİ
UN-Habitat İçərişəhərdə sakinlər və turistlər arasında balansı öyrənir
Kapital bazarlarında zəlzələ: “Katılımevim” dosyesi və ləğv edilən 131 fond

Türkiyə maliyyə sisteminin mühüm hissəsi olan birjada süni qiymət hərəkətliliyi ilə kiçik investorları ziyana uğradan qruplara qarşı müdaxilə isə bu zəncirin son həlqələrindən biri olub.
Sentyabrın 21-də Borsa İstanbulda “Katılımevim” səhmlərində manipulyasiya iddiası ilə başladılan əməliyyat çərçivəsində 15 nəfər saxlanılıb. İstintaq Türkiyənin bir neçə nəhəng maliyyə qurumunun rəhbər şəxslərini də əhatə edəcək qədər genişlənib. SPK-nın 17 sentyabrda verdiyi qərarla 7 portfel idarəetmə şirkətinə aid 131 investisiya fondunun ləğv edilməsinə qərar verilib. Bu fondlarda qeydiyyatda olan 455 min 758 fərdi investorun hüquqlarının qorunması məqsədilə proseslər müvafiq dövlət və özəl banklara həvalə edilib.
Əməliyyatlar davam edəcəkmi?
Türkiyə mediasında yayılan məlumatlara və ekspertlərin rəylərinə görə, son bir ayda aparılan bu səs-küylü əməliyyatlar hələ yekun deyil. Genişmiqyaslı istintaq tədbirlərinin davam etdiyi və yaxın günlərdə daha çox şəxsin, o cümlədən yüksək vəzifəli şirkət rəhbərlərinin məsuliyyətə cəlb ediləcəyi iddia olunur. Qonşu ölkənin hüquq-mühafizə və maliyyə nəzarəti qurumlarının birgə həyata keçirdiyi bu kampaniyanın Türkiyə iqtisadiyyatına və hüquq sisteminə uzunmüddətli təsir göstərəcəyi gözlənilir.
ƏLAQƏLİ
Hakimiyyətin zirvəsindən həbsxanaya - Alimpaşa Məmmədovun korrupsiya dosyesi
Məhəmməd Türkmən / Musavat.com
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
ABŞ-da pestisid məhsullarında 485 kimyəvi maddə aşkar edildi
UN-Habitat İçərişəhərdə sakinlər və turistlər arasında balansı öyrənir
“Lazeroloq Fərid” qadının intim görüntülərini paylaşdı – ŞOK VİDEO
Hakimiyyətin zirvəsindən həbsxanaya - Alimpaşa Məmmədovun korrupsiya dosyesi