İranda qəzaya düşən Ukrayna təyyarəsinə iki nəfərin minmədiyi məlum olub.

“Qafqazinfo”nun “strana.ua” portalına istinadən verdiyi xəbərə görə, bu barədə Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının (SNBO) katibi Aleksey Danilov Kiyevdə brifinqdə bildirib.

Onun sözlərinə görə, ümumilikdə 169 sərnişin qeydiyyatdan keçsə də, 167 nəfər təyyarəyə minib.

Həmin şəxslərin adlarını açıqlamayan Danilov onların Ukrayna vətəndaşları olmadığını da sözlərinə əlavə edib.

Qeyd edək ki, Ukrayna Hava Yollarına məxsus təyyarə bu gün səhər saatlarında Tehranın İmam Xomeyni adına beynəlxalq hava limanında qəzaya düşüb.

Göyərtədə 167 sərnişin və 9 ekipaj üzvü olub. Sağ qalan olmayıb. Ölənlərdən 22-si uşaqdır ki, onların da ən kiçiyinin 1 yaşı var.

Ukraynanın Xarici İşlər naziri Vadim Pristayko öz tvitter mikrobloqunda bildirib ki, təyyarədə 82 İran, 63 Kanada, 10 İsveç, 4 Əfqanıstan, 3 Böyük Britaniya, 3 Almaniya, 11 Ukrayna vətəndaşı olub.