Rusiya Ukraynadan istədiyini az qala Ermənistandan da istəyir ki, Rusiya-Belarus İttifaqı dövlətinin və ya Rusiyanın bir hissəsi olsun. 

Qaynarinfo xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyanın ailəsinə məxsus “Haykakan Jamanak” qəzeti “Rusiya nə istəyir: katolikos, üç prezident və ekspert icmasının nəzərinə” başlıqlı yeni redaksiya məqaləsində yazır.

“Rusiyanın bizim regiondakı istəkləri onun qlobal istəklər zəncirinə uyğun gəlir və Ermənistan və Qarabağ bu arzular zəncirinin həlqəsidir.
Rusiya Ukraynadan istədiyini az qala Ermənistandan da istəyir ki, Rusiya-Belarus İttifaqı dövlətinin və ya Rusiyanın bir hissəsi olsun. Və əgər Ukrayna məsələsində Rusiya bunun üçün Rusiya və ola bilsin ki, Belarus qoşunlarından istifadə edirsə, Ermənistana münasibətdə Azərbaycanda yerləşdirilmiş rus qoşunlarından və müəyyən dərəcədə Ermənistanda yerləşən qoşunlardan istifadə edir.

Bu cür hərəkətlərin mənası Ermənistanın təhlükəsizliyinin zəifliyini göstərməkdən ibarətdir ki, sonuncu mümkün qədər tez İttifaq dövlətinə üzvlük üçün müraciət etsin. Bu məntiqin inkişafı üçün atılan addımlar Azərbaycanın aqressivliyi, Ermənistanda yerləşdirilən rus qoşunlarının ətaləti, Rusiyanın siyasi ətaləti, Ermənistana silah tədarükü ilə bağlı öhdəliklərin yerinə yetirilməməsidir. Sonuncu alətin istifadəsi yeni deyil və keçmişdə də, məsələn, 2016-cı il müharibəsindən əvvəl və sonra istifadə edilib. Rusiyanın “qucağında oturtmaq” üçün Ermənistan mümkün qədər zəif olmalıdır.

Rusiyaya Dağlıq Qarabağın həll olunmamış problemi həm Ermənistana, həm də Azərbaycana təsir rıçaqı kimi lazımdır. Bu istək Qarabağ münaqişəsi zonasında onilliklərlə davam edən status-kvonun təməl daşı idi və bu təməl daşı əsasında Ermənistanın sonsuz danışıqları mümkün idi. Bu, 2011-ci ilə qədər davam etdi, o zaman Rusiya status-kvonun dəyişdirilməsinin zəruri olduğu qənaətinə gəldi.

Rusiya Qarabağ məsələsini həll etmək istədiyi üçün deyil, status-kvonu saxlaya bilməyəcəyini dərk etməyə başladığı üçün bu qənaətə gəlib. Əsas səbəblərdən biri Türkiyənin artan rolu və Rusiyanın Qərblə münaqişəsi zamanı Türkiyənin az-çox balanslaşdırılmış mövqeyinin Rusiya üçün vacibliyidir. 44 günlük müharibənin səbəbini burada axtarmaq lazımdır.

Bundan əlavə, Qərblə gözlənilən münaqişə kontekstində, Qərb nəqliyyat yollarının bağlanacağı bir şəraitdə, Rusiya üçün Dardanel və Bosfor boğazlarının, həmçinin Türkiyə vasitəsilə Qərblə quru yol əlaqəsini normal fəaliyyətini təmin etməkdir.

Rusiya-Gürcüstan-Türkiyə marşrutu qurudan yeni yük daşımaların problemini həll etmədi. Abxaziya və Cənubi Osetiyadakı münaqişələrə görə onlardan keçən yollar açılmayacaqdı. Yuxarı Lars isə Ukrayna münaqişəsindən əvvəl də həddindən artıq yüklənmiş rejimdə işləyirdi.
Bu məsələnin effektiv həlli üçün Ermənistan-Azərbaycan oxundan istifadə edilməli idi.

Məhz buna görə də Lavrovun Qarabağ məsələsi ilə bağlı planında Ordubad-Mehri-Horadiz dəmir yolu və avtomobil yolunu maneələrdən azad etmək üçün Qarabağın cənub rayonlarının Azərbaycana verilməsi nəzərdə tutulurdu.

Ukraynada işlərin o qədər də uğurlu olmayan gedişi 2011-ci ildən sonra yaranmış vəziyyəti xeyli gərginləşdirib və Rusiyanın 2020-ci ildən sonra artıq formalaşmış status-kvonun qarantı olması çətinləşib. Xtsaberd (Çaylaqqala – red.) və Parux (Fərrux – red.) hadisələri buna əyani sübutdur.
Türkiyə və Azərbaycanın rolu daha da artıb və indi Azərbaycan Rusiyadan Aİ-yə qaz və neft ixracı üçün platformaya çevrilə bilər”, – qəzet qeyd edir.
Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistan mətbuatının Rusiya Federasiyasının Ermənistanın İttifaq Dövlətinə daxil olmasına cəhd göstərməsi barədə bu məqaləsini cəfəngiyyat adlandırıb.

“Xeyr, bu, açıq-aşkar cəfəngiyatdır”, – deyə Peskov bildirib.

Rusiya Ermənistanı İttifaq dövlətinə qoşulmağa məcbur etmir. Bunu jurnalistlərə parlamentin spikeri Alen Simonyan çərşənbə axşamı “Haykakan Jamanak” qəzetində (indiki redaktor) dərc olunmuş məqaləni şərh edərkən deyib. Simonyan bildirib ki, rusiyalı həmkarları ilə belə müzakirələr aparılmayıb.

“Belə söhbət yoxdur və ola da bilməz, çünki Ermənistanın müstəqilliyi, suverenliyi müzakirə mövzusu deyil. Əgər belə söhbətlər aparılsaydı, mənim xəbərim olardı”.

Həmçinin parlamentin spikeri Simonyan bildirib ki, o, bu nəşrin məqsədinin nə olduğunu bilmir, lakin “jurnalistin məqaləsini ölkə hakimiyyətinin niyyəti kimi ötürməyə dəyməz”.

Eyni zamanda Simonyan qeyd edib ki, o, qəzetin mənbəyini etibarlı hesab etmir.

“Başa düşdüyüm qədər, məqalədəki çıxış Rusiyanın istəkləri ilə bağlıdır. Kimin istəkləri olduğunu deyə bilmərəm, lakin Ermənistan bu məsələni müzakirə edə bilməz”, – Simonyan bildirib.

O əlavə edib ki, hər bir güc regionda öz maraqlarını güdür və Ermənistan bunları nəzərə almalıdır.

“Başqa bir sual Ermənistanın buna necə müqavimət göstərə biləcəyi, İrəvanın hansı əks rıçaqlar tapacağıdır. Planetin demək olar ki, hər yerində ya müharibə, ya da müharibədən əvvəlki vəziyyət var. Hesab edirəm ki, hazırda biz bütün səylərimizi edirik və edəcəyik”, – Simonyan izah edib.