“Nazik mətləb” filminin çəkilişləri çox gözəl keçdi. Mircəlal Paşayevin 4-5 əsərinin motivləri əsasında çəkilib. Çox gözəl işdir. Gülzar xanımla kamera qarşısına keçmək möhtəşəm duyğudur. Müəllimlə tələbənin qəbuledilməz sevgisindən bəhs edir. Biz qocalana kimi qovuşa bilmirik”.

Bu sözləri “Best model of World-2007”nin birincisi, məşhur model Rüstəm Cəbrayılov musavat.com saytının suallarını cavablayarkən deyib.

O, artıq aktyor kimi fəaliyyət göstərəcəyini də açıqlayıb: “Modellik üçün qocalmışam. Düşünürəm ki, aktyorluq kimi fəaliyyət göstərsəm, enerjimi filmə ayırsam, daha yaxşı olar. Birlikdə rol almaq istədiyim xüsusi adamlar yoxdur. 17 ildir ki, kamera qarşısındayam. Mən obrazlarımı 1 dubla oynayıram, rejissorlara əziyyət vermirəm”.

Cəbrayılov bildirib ki, fəaliyyətini ölkədə davam etdirməyi planlayır: “Özümü ağır obrazlarda görürəm. Kobud deyəcəyəm, yüngül obrazları canlandırmaram, şitlik boyuma yaraşmır. Özümə yaraşan obrazları canlandırıram. Hələ ki, aktyorluğumu Azərbaycanda davam etdirəcəyəm. Çünki başqa ölkəyə getsəm, gərək sıfırdan başlayım. Bəlkə gələcəkdə başqa ölkələrə üz tutaram”.

Rüstəm xalq artisti Brilyant Dadaşovanın klipinə çəkilməsidən də danışıb: “ “Tet-a-tet” klipi çox bəyənildi. Bir gün ərzinə çəkilən klipdir. Məni klipdə çox cavanlaşdırmışdılar. Qırmızı mayka geyindirməkləri xoşuma gəlmədi”.

“Rüstəm özündən böyük qadınla sevgi yaşaya bilərmi” sualına belə cavab verib: “Əlbəttə, özümdən yaşca böyük qadını sevməkdə qəbahət yoxdur, sevə bilərəm. Mən ürəyin işinə qarışa bilmərəm. Kiməsə də deyə bilmərəm ki, filan kəsi sevmə. Mən ancaq kömək edə bilərəm, kiminsə işinə qarışa bilmərəm”.