“Efirlərə tez-tez çıxmıram, ancaq yeni mahnımı, klipimi təqdim etmək üçün verilişlərə qatılıram. İnsanları yormaq istəmirəm. Hazırda yaxşı verilişlər də azdır. Çalışıram ki, canlı yayımlanan verilişlərə qatılım. Qara PR-dan və qalmaqaldan qaçıram. Heç vaxt qalmaqalın içində olmaq istəməmişəm. Problemləri kənarda həll etməyi sevirəm”. 

Bu sözləri musavat.com-a açıqlamasında müğənni Günay İbrahimli deyib.

O, böyük konsert vermək arzusunda olduğunu da dilə gətirib: “Məkanlarda mini  konsertlərim olur, böyük konserti planlaşdırırıq. Məkan seçməmişik. Hazırlıqlar gedir. Konsertə hazırlaşanda düzgün komanda ilə işləməlisən, ətrafındakıları yaxşı seçməlisən ki, sonda ziyana düşməyəsən. Əminəm ki, konsertdə zalı dolduracağam. Çünki sevənlərim çoxdandır ki, məndən gözəl konsert gözləyir.

– Günay, ətrafındakıları tez-tez dəyişir. Buna səbəb nədir?

– Əslində tez-tez dəyişmirəm. Dostlarıma çox sadiq oluram. İçimdə olan hər şeyi onlarla bölüşürəm. Lakin sonda onlar məni peşman edir. Sadiqliyimə xəyanət edirlər.

 

– Əvvəllər müğənnilərin burunları, dodaqları bir-birinə oxşayırdısa, indi bədən formaları oxşayır. Çoxları əməliyyatla böyük ombaya sahib olur. Sizin bu cür əməliyyatlara münasibətiniz necədir?

– Əməliyyatlara pis baxmıram. Son zamanlar hamı bir-birinə oxşayır, elə bil “kuvşin”dirlər. Sizin vasitənizlə onlara demək istəyirəm ki, pis görünürlər. Hər şeyin qədəri var.  Cəlbedici deyil, vulqar görünürlər.

– Milli Məclis buraxıldıqdan sonra bir neçə sənət adamı deputat olmaq istəyini dilə gətirdi. Siz  müğənilərdən kimi bu kürsüdə görmək istəyirsiniz?

– Namizədliyini verənlərə deyirəm ki, xeyirli olsun. Mənim millət vəkili olmaq fikrim yoxdur.

– Qadına qarşı şiddətlə bağlı keçirilən tədbirlərdə hər zaman sizi görürük. Özünüz şiddətə məruz qalmısınız? 

– Qadına qarşı şiddət getdikcə artır. Biz səsimizi ucaltmalıyıq, şiddətə yox deməliyik. Kaş ki, bu problemimiz düzəlsin. Bizi uşaq vaxtı anam döyüb, danlayıb.  Gördüyüm ən böyük şiddət budur. Mən kompleksli deyiləm. Şiddət görsəm, susmaram.

– Bir qurum sorğu keçirib. Sorğuda iştirak edən qadınların 20 faizi deyib ki, bəzi qadınlar döyülməyə layiqdir.

– Qadına əl qaldırmaq olmaz. Başqa yollar tapmaq lazımdır. Bir münasibət pozulursa, iki tərəfi də dinləmək lazımdır. İnsanlar oturub danışa bilər, məsələyə ağbirçək və ağsaqqallar qarışa bilər. Münasibət düzəlmirsə, cütlük boşanmalıdır. Şiddət olan yerdə ailədən, sevgidən söhbət gedə bilməz.

– Qadın-kişi münasibətlərində Günay nəyi bağışlamaz?

– Mən yalanı bağışlamaram. O insan yalan danışarsa, gözümdən düşər.