Burada həyat tam fərqlidir. Saatın hərəkəti, günlərin ötməsi, saniyələrin tıqqıltısı bir başqadır. Azad həyatda günlərin, saatların, saniyələrin ötməsi ömürdən gedirsə, məhz həbsxanada saatların, saniyələrin keçməsi məhkumu azad həyata daha da yaxınlaşdırır. Azad həyata atılacağı günü səbirsizliklə gözləyənlərdən biri də budəfəki müsahibimizdir.

“Bu gün mən hansısa bir evdə ailəmin, uşaqlarımın yanında ola bilərdim. Xoşbəxt həyat yaşaya bilərdim. Amma buna imkan vermədilər. Psixoloji problemlərimin olduğunu bilə-bilə məni cinayət törətməyə təhrik etdilər. Dəli deyiləm, sadəcə, bir müddət tutmalarım olurdu, özümü cilovlaya bilmirdim.

O, davamlı olaraq məni təhqir edirdi. Elə sözlər deyirdi ki, əsəbiləşirdim, özümü idarə edə bilməyəcək dərəcəyə çatdırırdı. Sonra da deyirdi ki, sən dəlisən, əxlaqsızsan. Bir gün dispanserdən müalicədən qayıtdım. Məni təhqir etməyə başladı, artıq dözə bilmədim. Anam bəzən işdən evə gec gəlirdi, bəzən də gəlmirdi.

Onun tərbiyəsiz olduğunu deyirdi. Onda dözə bilmədim. Evdə ancaq ikimiz idik. O həddə çatdırdı ki, əsəbiləşib onu boğdum. Yerə yıxılanda da çəkiclə başından vurdum. Özümə gələndə gördüm ki, ölüb. Onda da gec idi”.

Bunu Oxu.Az-ın müxbiri ilə söhbətində 4 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 30 yaşlı Davudova Reyhan Ramazan qızı deyib.

R.Davudova 1988-ci ildə Şəki şəhərində doğulub. Ailədə dörd uşaq olublar. Valideynləri arasında münasibətlər normal olmadığından uşaqlıq illərinin yaxşı keçmədiyini deyir.

Atasının himayəsində qalan Reyhan diqqətsizlikdən, sevgisizlikdən özünə qapandığını bildirib. Şəki şəhər 19 nömrəli orta məktəbdə oxuyan Reyhan hərbçi olmaq istədiyini desə də, ailəsi ona icazə verməyib.

Sonralar nənəsi ilə yaşayan Reyhan əsəb gərginliyinin nə vaxtsa onu cinayətə sürükləyəcəyini bilirmiş:

“Ona deyirdim ki, mənə əxlaqsız demə”

“Öz doğma anam tez-tez əsəbiləşməyimdən qorxduğu üçün məni yanında istəmirdi. Bəlkə də, anam məndən qorxmasaydı, sahib çıxsaydı, bu hadisəni törətməzdim. Amma anamla birlikdə çox əziyyətlər çəkmişəm. Onun üçün ölümə də gedərəm. Məktəbdə oxuyanda belə deyildim. Uşaqlarla tez-tez dalaşırdım.

O vaxtlar hərbçi olmaq istəyirdim. Hərbi formam belə var idi, sadəcə, sənədlərim yox idi. Ətrafa vətənpərvərliyimi heç cür ifadə edə bilmirdim. Mənə dəli deyirdilər, amma özümü dəli hesab etmirəm. Hərdən əsəbiləşirəm, özümü idarə edə bilməyəcək hala gəlirəm. Buna görə ilk dəfə elə özüm könüllü şəkildə Şəki şəhər Psixiatriya Xəstəxanasına müraciət etdim.

Bir müddət müalicə aldım. Həkimlər dedi ki, vəziyyətim sabitdir, heç bir narahatlıq yoxdur. Evə gələndən sonra isə nənəmin mənə dediyi sözlər məni əvvəlki halıma qaytarırdı”.

Həyatı barədə danışan Reyhanın başını bağlaması diqqətimizi çəkdi. Ondan ibadət edib-etmədiyini soruşduq. Məlum oldu ki, o, əvvəllər də tez-tez başını bağlayıb və ya hərbi forma geyinərək küçəyə çıxmaqla diqqət çəkirmiş. Bu isə onun, həqiqətən də, psixoloji vəziyyətində qəribəliklərin olduğuna işarə idi.

“Əvvəl boğdum, sonra çəkiclə vurub öldürdüm”

“Psixiatriyada yatıb çıxdığım üçün anam, demək olar ki, məni istəmirdi. Məndən utanırdı. Dayımgil, anamgil nənəmlə qalmağımı istəyirdilər. Guya mənim ona baxmağımı istəyirdilər. Qohumlar bilir ki, nənəmin heç kimə ehtiyacı olmayıb. Öz anamın anasını öldürmüşəm. Anama görə onun dediklərinə səbr edirdim. Amma artıq o həddə çatdırdı ki, daha dözə bilmədim.

2017-ci ilin noyabrın 11-də axşam evdə tək idik. Anam haqqında nalayiq sözlər deməyə başladı. Neçə dəfə dedim ki, əsəbiləşirəm, deməsin elə sözlər. Qəfildən özümü itirdim və boğazından yapışaraq boğdum.

Yerə yıxılanda da çəkiclə başından vurdum. Özümə gələndə gördüm ki, ölüb. Onda da gec idi. Polisə getmək üçün üstümdə pul yox idi. Nənəmin cibindən 20 manat götürüb, qapını bağlayıb, polisə getdim. Evdə olan 10500 manat pulu və qızılları da götürüb polisə təhvil verdim ki, düşünməsinlər, cinayəti pula görə etmişəm. Məndən izahat aldılar, sonra məhkəmə oldu və 15 il müddətinə azadlıqdan məhrum edildim”.

“Anam bağışladığını desə də, görüşümə gəlmir”

Reyhan deyir ki, törətdiyi cinayətə görə deyil, anasına görə peşmandır:

“Anamı təhqir etdiyinə görə nənəmi – anamın anasını öldürmüşəm. Mən bunu anama görə etmişəm. O isə mənimlə danışmır, yanıma gəlmir. Bəlkə, imkanı yoxdur deyə gəlmir, bilmirəm. Məhkəmədə məni bağışladığını desə də, sonradan məni itirib-axtarmadılar. Mənə hökm oxunanda son sözüm dayımdan üzr istəmək oldu. Çox istərdim ki, dayım görüşümə gəlsin”.

“Bəlkə, mən də ailə qurub, xoşbəxt ola bilərdim”

“Həyatda onsuz da tənha idim, bu cinayətdən sonra lap tənha qaldım. Bütün qohumlarım məndən imtina etdilər. Heç kimdən heç nə istəmirəm. Amma tək istəyim dayımın mənim yanıma gəlməsidir. Çox istərdim ki, dayım bir dəfə gəlsin. Onunla danışım, sonra o da gəlməsə, incimərəm.

Buradan çıxan gün getdiyim ilk yer dayımgil olacaq. Peşmanlıq öz həyatımı məhv etməyimə görədir. Azadlığa çıxmaq üçün günləri sayıram. Mənə 15 il müddətinə cəza veriblər, onun sadəcə iki ili gedib. Hələ qarşıda 13 il var.

Bütün həyatım burada məhv olacaq. Bəlkə də, bu gün burada deyil, hansısa bir evdə ailəmin, uşaqlarımın yanında ola bilərdim. Xoşbəxt həyat yaşaya bilərdim. Bir gün bu günlər də bitəcək, amma unudulmayacaq”.

Bu yazılanlar məhbusun öz dilindən danışdığı həyat hekəyəsidir.

Qətl hadisəsi 2017-ci il noyabrın 11-də Şəki şəhəri, Giləkli küçəsi, 23 ünvanında baş verib.

79 yaşlı Nübar Sadıqova nəvəsi 30 yaşlı Reyhan Davudova tərəfindən amansızcasına öldürülüb.

Hadisə baş verən vaxt Reyhan Davudova evdə nənəsi ilə tək olub. O, əvvəlcə nənəsini boğub, daha sonra çəkiclə qoca qadının başına bir neçə zərbə endirib.

Reyhan Davudova qətli törətdikdən sonra taksi ilə rayon polis şöbəsinə gedib və cinayəti etiraf edib.

Qeyd edək ki, hadisədən bir həftə sonra Nübar Sadıqovanın digər nəvəsinin toy mərasimi olacaqmış.

İstintaq orqanı tərəfindən Reyhan Davudovanın barəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Məhkəmənin qərarı ilə o, 15 il müddətinə azadlıqdan məhrum edilib.