Xalq artisti Murad Dadaşovun sahibi olduğu “Côte d`Azur” şirniyyat evində ölüm hadisəsi haqda baş verib. Belə ki, ötən gün mağazada müştərilərdən birinin ürəyi tutub. Halı pisləşən qadın üçün mağazaya təcili yardım çağırılıb. İlk müdaxilə edilsə də, həkimlər qadını xilas edə bilməyiblər.

Minval.info xəbər verir ki, hadisə ilə bağlı xalq artistinin mətbuat sözçüsü Könül Vəlibəyli açıqlama yayıb. Açıqlamada bildirilib ki, dünyasını dəyişən xanım dükanın işçisi olmayıb, həmin xanım mağazanın önündən keçərkən içəridə olan müştərilər və işçilər onun halının pis olduğunu görüblər və yardım ediblər:

“ “Côte d`Azur” şirniyyat dükanında baş verən hadisə ilə bağlı bildirmək istəyirəm ki, dünyasını dəyişən xanım dükanın işçisi olmayıb. həmin xanım mağazanın önündən keçərkən içəridə olan müştərilər və işçilər onun halının pis olduğunu görüblər. Onu içəri dəvət edib, stulda əyləşdirib su veriblər. Yəni hər bir normal insanın edə biləcəyi ilkin tibbi yardımı göstərməyə çalışıblar, paralel olaraq, təcili yardım çağırıblar. Təəssüf ki, təcili yardım gəlib çıxana qədər xanım dünyasını dəyişib. Allah rəhmət eləsin!
Jurnalist dostlar, sizdən şəxsən bir xahişim var. Mən özüm də sizin kimi jurnalistəm və saytlarda işləmişəm. Lakin dəqiqləşdirilməmiş və rəsmi təsdiqlənməmiş xəbəri yazmamağa çalışırdım. XXX.az saytı bu xəbəri birinci yazdı, lakin sonra düzəlişlər etməyə məcbur oldu, çünki səhvlərə yol verilmişdi. Amma həmin sayt düzəlişlərini edənə kimi artıq əksər saytlar ona istinad edib içərisində bəzi yanlış informasiyalar olan xəbəri yazmışdı.
Unutmayaq, xəbərin operativliyindən vacibi onun dəqiqliyidir.
Həmin yazının içində qeyri-etik səhvlər var idi:
1. Xanım həmin dükanın işçisi deyil. Sadəcə ürəktutması zamanı təsadüfən orda olub.
2. Başlığa Murad Dadaşovun adını çıxarmaq düzgün deyil. Burda əsas hadisə bir həmvətənimizin gözlənilməz ölümüdür.
3. Bu xəbəri saytın şou bölməsinə yerləşdirmək də düzgün deyil.
Axı burda insan həyatından söz gedir. Yəni hadisə baş verib və bu şou deyil, ölüm hadisəsidir.
Bir daha həmin xanımın ailəsinə başsağlığı veririk”.