Hər kəs onu Vətən müharibəsinin ən qızğın çağlarında Mehmet Akif Ərsoyun “İstiqlal marşı”ndan səsləndirdiyi misralara görə tanımışdı. Odun-alovun içində, məğrurcasına deyilmiş o misralar çoxumuzun yanan ürəyinə su səpmişdi. Osmanlı əsgəri görünüşlü gəncin o məşhur çıxışı internetdə yayılandan sonra az qala, zəfər himninə çevrilmişdi. Bir də, onun kimi bığ saxlamaq dəbə düşmüşdü. Söhbət sözügedən marşı səsləndirən Vətən müharibəsi qazisi Hüseynov Murad İlqar oğlundan gedir. 

“Qafqazinfo” qazinin evində olub, onun döyüş xatirələrini dinləyib. Məlum olub ki, 30 yaşlı Murad Hüseynov ailəsinin ilk övladıdır, özündən başqa kiçik qardaşı Nicat da var. Sən demə, qardaşlar döyüşlərdə çiyin-çiyinə döyüşüblər. Aprel döyüşlərinin də iştirakçısı olan Hüseynovlar Vətən müharibəsinə ilk günlərdən qoşulublar. Ayrı cəbhələrdə olsalar da, hər ikisi bir amal-Vətənin azadlığı uğrunda şərəflə vuruşub:

“Bir evdən iki qardaş müharibəyə getmişik, üç qardaş olsaydıq, yenə üçümüz də orduya qoşulardıq. Bizim torpağımızdırsa, onu qorumalıyıq. Orduda bütün etnik millətlərdən oğullar var idi, hamısı torpağımızın geri qaytarılması üçün əlindən gələni etməyə hazır idi. Hər kəsin beynində 30 ilin niskili vardı, Vətən üçün hər şeyə hazır idik. Bizim əsgərlərimiz çox mərddirlər, günlər olub ki, ac-susuz qalıblar, amma silahsız qalmayıblar. Şəhid olanda da əllərində silah şəhid olublar”.

Muradın döyüş yolu Talış, Suqovuşan istiqamətindən başlayıb, Kəlbəcərə qədər gedib çıxıb. Deyir ki, odun içində olanda ölkədəki birlik, orduya güvənlə bağlı xəbərlər onları irəli aparıb: “Minaatanlardan atırdılar, heç kimdə qorxu yox idi. Sözsüz, canı qorumalısan ki, Vətəni də qoruya biləsən. Bakıdan xəbərlər gəlirdi ki, millətdə necə ruh yüksəkliyi var, Gəncəni vururlar, heç kim yerini tərk etmir. Əsgərlərimiz bir-birinə daha da sıx bağlanırdı. İnsanların Ordumuza bu qədər dəstək olmasını, bizə güvəndiklərini hiss edirdik. Bunun da sayəsində qalib gəldik, əsgərlərimiz böyük şücaət göstərdilər”.

Muradla söhbətimiz onu türk dünyasında məşhur edən “İstiqlal marşı”na da gəlib çıxır. O, söylədiyi misraların tarixçəsini belə nəql edir: ““İstiqlal marşı”nın hekayəsi mənim Aprel döyüşlərində iştirakımla bağlıdır. O zaman Cavidan Bağırlı adında əsgər yoldaşım var idi, tez-tez bu şeiri deyirdi. Mənim də yadımda elə qalıb. Əvvəlcə heç onun “İstiqlal marşı” olduğunu da bilmirdim, sonradan öyrəndim. Türkiyə kanalı gəlib çəkəndə mən də bığlı olduğuma, Osmanlı əsgərlərinə oxşadığıma görə ön tərəfdə durdum. Ürəyimdən keçdi ki, danışım və o şeiri dedim. O şeirdən sonra əsgərlərimizdə böyük ruh yüksəkliyi yaranmışdı, çoxu mənə yaxınlaşıb deyirdi ki, biz də sənin kimi bığ saxlayacağıq…”

Ön cəbhədə Xüsusi Təyinatlı Qüvvələrlə birgə döyüşən ikinci qardaş – 25 yaşlı Nicat isə hələ də müharibədəki ab-havadan çıxa bilmir. O, tez-tez silahdaşlarını xatırlayır, şəhid olan döyüş yoldaşlarının yoxluğu ilə barışa bilmir. Elə bizi də müharibədə geyindiyi, üzərində döyüşdən nişanələr – qəlpə yerləri olan geyimlə qarşılayır:

“Biz döyüşü filmlərdə görürdük. Amma müharibə filmlərdəki kimi deyil. Gözləmədiyin anda, dostunla söhbət elədiyin anda çönüb görürsən ki, o yoxdur. O qədər dostlarım parça-parça olub ki… Elə dostlarım var idi ki, ayağını itirmişdi, amma vecinə deyildi, istəyirdi vuruşsun. Biz Şuşaya gedənə qədər çox zülm çəkdik. Bir “snickers” 5-6 nəfərə bəs edirdi. Günlərlə atışmalarla yol gedirdik. Bəzən bizi pusquya salırdılar, bəzən biz düşməni pusquya salırdıq. Daşaltıda bir şəhidimiz, 5-6 yaralımız oldu. Daşaltını keçincə çox çətin oldu. Hər tərəfdən başımıza minatan mərmisi yağırdı. Taborda 100 nəfərdən sonda 15 nəfər sağ qalmışdı, onlardan biri mənəm. Orada çox qardaşlarımı itirdim. O axırıncı güllə məsələsi var, o mənim üçün boş şeydir. Çünki bir güllə ilə özümü öldürüncə, bir “F1” qumbarası götürüm, çəkib həm də 6 erməni öldürüm”.

Nicat deyir ki, çətin günləri olsa da, müharibəni xatırlayanda üzündə təbəssüm yaradan anlar da olub. Bəzən bir qurtum suyu, bir konfeti cəbhə yoldaşları ilə bölüblər. O, çətin günlərini, silahdaşı “Terminator” ləqəbli Mehrabı itirdiyi anı da xatırlayır. Heyfisilənir ki, onu və digər cəbhə yoldaşlarını həyata qaytara bilməyiblər. Bu gün də gördüyü yuxuları həmin yoldaşları, döyüş günləri ilə bağlıdır: “Erməni həqiqətən xüsusi təyinatlıdan qorxur. Axırıncı əməliyyatımız Kəlbəcər tərəfdə oldu. Ermənilər bizi görəndə “Şubani” deyib qaçırdılar. Bilirlər ki, xüsusi təyinatlı yüz güllə yarası alsa da, yenə irəli gedər”.

Müharibənin dəhşətini, ağrısını ən çox analar yaşayır. İki oğlunu ön cəbhəyə yola salan Pərvanə Nurəliyeva kimi. Ananın sözlərinə görə, oğulları müharibədə olduğu müddətdə 44 gün evdə yorğan-döşəkdə yata bilməyib. Gecəni həyətdə keçirib. Onu bu günlərdə tək qoymayıblar, məhəllənin bütün qadınları növbə ilə yanında qalıb, gecəni birgə – həyətdə keçiriblər: “Bir dəfə yuxarı mərtəbədə qonşudakı kişilərdən biri dedi ki, bala, bu müharibə bitsəydi, qadınlar evə yığılardı, hamı sənin yanında qalır…Böyük oğlumdan xəbər ala bilirdim, kiçik oğlumu bir aya qədər bütün morqlarda axtardım. Yalnız müharibə bitəndən sonra Nicatın sorağı gəldi. Şükürlər olsun ki, o günlər geridə qaldı…”

İndi ailənin bir problemi var, evsizlik. Vaxtilə cəbhədə döyüşən iki qardaş indi fiziki durumları ilə əlaqədar işləyə bilmirlər: “Bir parça çörəyimiz olanda onu suya da batırıb yeyərik, amma ev problemimiz var. 22 ildir kirayədə qalırıq. Nə rayonda, nə də burada evimiz yoxdur. Əvvəllər özüm də, uşaqlar da işləyirdik, kirayə pulunu verə bilirdik. Oğlanlarım inşaatda fəhlə işləyirdilər, indi heç birimiz işləmirik. Mənim işlədiyim yerlərdə də virusla bağlı işçi sayını azaldıblar. Hər ayın 4-ü kirayə pulunu veririk, ev pulunu ödəməliyik, çətinlik çəkirik. Xahiş edirik, bizə köməklik olunsun”.