07.09.2026 - 20:30
İqtisadiyyat 20 baxış

Müəllimlər üçün yeni maaş artımı şansı!

Bu həftə ərzində diaqnostik qiymətləndirmədə iştirak etməmiş müəllimlər üçün imtahanlar təşkil ediləcək. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin İmtahan və qiymətləndirmə şöbəsinin müdiri Nurlan İsmayılbəyli bu barədə məlumat verib.

Minval.info xəbər verir ki, 2013-2018-ci illərdə dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin, direktor və direktor müavinlərinin, eləcə də gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin bilik və bacarıqları diaqnostik qiymətləndirilib və nəticədə onların əməkhaqlarında artımlar edilib. Lakin bəzi təhsilverənlərin bilik və bacarıqları qiymətləndirilmədiyi üçün onların maaşlarına artımlar tətbiq edilməyib. Bu səbəbdən 8-10 sentyabr tarixlərində yalnız diaqnostik qiymətləndirmədə iştirak etməyən şəxslər üçün proses keçiriləcək.

Şöbə müdiri əlavə edib ki, diaqnostik qiymətləndirilməyə cəlb edilmiş və ya MİQ nəticəsində işə qəbul edilmiş şəxslərin bu prosesə cəlbi nəzərdə tutulmur. İmtahan yalnız test mərhələsindən ibarət olacaq və iştirakçılara 90 dəqiqə ərzində 40 ixtisas üzrə, 20 tədris metodikası və təlim strategiyaları olmaqla 60 sual təqdim ediləcək. Diaqnostik qiymətləndirmədən keçmiş hesab olunmaq üçün hər bölmə üzrə sualların ən azı 10 faizinə düzgün cavab vermək tələb olunur.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: