İşgüzar xanım Ruhi Əliyevanın rəhbərliyi ilə “Liatris Yapım”ın ərsəyə gətirdiyi “Ağır Romantik” filminin baş rol ifaçıları Onur Tuna və Durul Bazan Bakıya gəlib.

Hava Limanında News24.az-ın suallarını cavablandıran Onur Tuna bildirib ki, ilk dəfədir ölkəmizin qonağıdır: “Uçuşumuz çox yaxşı və rahat keçdi. Hava limanından otelə gedib bir az dincəlib, sonra şəhərinizi gəzməyi düşünürük. Bu Bakıya birinci səfərimdir, amma ölkəniz, insanlarınız haqda çox eşitmişəm. Dostlarım mütəmadi olaraq bura gedib-gəlirlər və hər dəfə də bəyəndiklərini xüsusi vurğulayırlar. Bilirəm ki, insanlarınız sülh və firavan şəkildə yaşayırlar, mehribandırlar. Təyyarədən endiyim andan məni ən çox hər yerin təmiz olması diqqətimi çəkib. Hər yer çox gözəldir, amma təbii ki, bura gəlməyimizin başlıca səbəbi gördüyümüz iş yəni “Ağır romantik”dir”.

Aktyor “Ağır romantik” filmindən də söz açıb: “Türkiyədə filmimizin vəziyyəti nə yerdədir onu dəqiq bilmirəm, çünki çox gərgin iş qrafiki ilə çalışıram, demək olar ki, vaxtımın çoxunu serialın çəkiliş meydanında keçirirəm. İzlənmə məsələləri ilə daha çox menecerlər maraqlanır, amma Azərbaycanda vəziyyətin necə olduğunu bu gün görəcəyik. Eşitmişəm ki, burda pərəstişkarlarımız var onları çox sevirəm, canlarımdırlar. Nə yaxşı ki, onlar var”.

Onur Tuna bildirib ki, filmin ssenarisi onu çox cəlb edib:
 “Ayrı-ayrılıqda iki obrazı canlandırıram, ona görə də maraqla qarşılayıb təklifi məmnuniyyətlə qəbul etdim. Çəkiliş meydançasında və pərdəarxası məqamlarda ən çox Durul Bazanla əyləndik. Təbii ki, çətinliklərlə də rastlaşdıq, amma nəticədə gözəl bir iş çıxartdığımızı düşünürəm. Güman edirəm ki, siz də bəyənəcəksiniz”.

O. Tuna filmin yaradıcısı, iş xanımı Ruhi Əliyevadan da danışıb: “Ruhi xanım çox zərif və şirin xanımdır. Onunla tanış olduğumdan çox şadam. İş prosesində də bizə çox köməklik göstərib. Ona gələcək bütün layihələrində uğurlar arzu edirəm”.

Qeyd edək ki, bu gün ekran işinin qala gecəsi baş tutacaq.