Rəşad Həsənov: “Azərbaycanda milli valyutanın məzənnəsi neftə bağlı olduğu üçün ona daima təhlükələr yarana bilər”

Koronavirus pandemiyasının Azərbaycan iqtisadiyyatında yaratdığı böhran və dünya neft bazarında qiymətlərin kəskin enməsi şəraitində milli valyutanın məzənnəsində dəyişiklik baş verməyib. Azərbaycan hökuməti manatın dəyərsizləşməsinin qarşısını almaq üçün valyuta bazarına intervensiyalara getməli olub. Ötən yeddi ayda Dövlət Neft Fondu tərəfindən valyuta hərraclarında 4 milyard 525,7 milyon dollar satılıb. Bununla da neftin aşağı qiymətləri fonunda manatın məzənnəsinə yaranan təzyiqlər neytrallaşdırılıb.

Maraqlıdır ki, böhrana rəğmən Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatlarında artım qeydə alınıb. Qurumun açıqladığı məlumata görə, bu il avqustun 1-nə AMB-nin rəsmi valyuta ehtiyatları 6 milyard 468,7 milyon dollar təşkil edib. Bu, ötən ayla müqayisədə 32,4 milyon dollar və ya 0,5 faiz, illik müqayisədə isə 505,9 milyon dollar və ya 8,5 faiz çoxdur.

Digər tərəfdən, böhran dövlət büdcəsinin gəlirlərində ciddi azalmaya səbəb olmayıb. Maliyyə Nazirliyinin açıqladığı məlumata görə,  2020-ci ilin altı ayında dövlət büdcəsinin mədaxili 12 milyard 22,7 milyon manat və ya proqnoza qarşı 338,2 milyon manat, 2,9 faiz çox icra olmuşdur.

Hesabat dövründə Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 4 milyard 5,4 milyon manat, yaxud proqnoza nisbətən 326,6 milyon manat və ya 8,9 faiz çox vəsait təmin edilib. Həmin vəsaitin 72,4 faizi və yaxud 2 milyard 899,5 milyon manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 367,7 milyon manat və ya 14,5 faiz çoxdur.

Bu dövrdə Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə 2 milyard 19,3 milyon manat vəsait təmin edilib ki, bu da proqnoza nisbətən 98,1 milyon manat və ya 5,1 faiz çoxdur.

Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlar üzrə ödənişli xidmətlər və sair daxilolmalardan büdcəyə müvafiq olaraq 266,4 və 56,6 milyon manat vəsait daxil olub.

Birinci yarım ildə Dövlət Neft Fondundan dövlət büdcəsinə proqnozla nəzərdə tutulmuş həcmdə, yəni 5 milyard 675 milyon manat  vəsait transfert edilib.

2020-ci ilin altı ayında dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 100,9 faiz və yaxud 11 milyard 730,8 milyon manat icra edilib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 779,8 milyon manat və ya 7,1 faiz çoxdur. Beləliklə, altı ayda dövlət büdcəsində 291,9 milyon manat profisit yaranıb.

 

Hökumət pandemiya ilə əlaqədar gəlir və xərclərdə baş verən dəyişiklikləri nəzərə almaqla, dövlət büdcəsində dəqiqləşdirmələri nəzərdə tutan qanun layihəsini Milli Məclisə təqdim edib. Artıq iki oxunuşdan keçən layihənin müzakirələri zamanı maliyyə naziri Samir Şərifovun dediyinə görə, ölkədə həyata keçirilən  bütün tədbirlərin əsas qayəsi pandemiya səbəbindən qaçılmaz olan iqtisadi zəifləmə proseslərinin qarşısını bir qədər almaqdır: “Vaxtında qəbul edilmiş qərarlar, tədbirlərin icrası ölkə iqtisadiyyatında baş verən neqativ proseslərin dərinləşməsinin qarşısını aldı. Bununla belə, cari ilin ikinci yarısı üçün müəyyən təhlükələr var. Əsasən neft və qeyri-neft sektorundan mədaxilin azalması gözlənilir. Bununla yanaşı, gömrük rüsumları və idxalda ƏDV üzrə 170 milyon manat məbləğində azalma olacaq. Cəmi azalmalar 890 milyon manat məbləğində qiymətləndirilir”.

Yeni layihəyə əsasən 2020-ci il dövlət büdcəsinin gəlirləri 24 milyard 124 milyon manat(əvvəlki variantda 24 milyard 134 milyon 500 min manat), xərcləri 27 milyard 492 milyon 200 min manat (əvvəlki variantda 26 milyard 894 milyon 700 min manat ) məbləğində olacaq.

Nəticədə yenidən baxılma ilə təsdiq olunmuş dövlət büdcəsinin vergi və rüsumlar üzrə, habelə dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar daxilolmaları 890,5 milyon manat məbləğində azaldılır, Dövlət Neft Fondunun dövlət büdcəsinə transferti  850 milyon manat, dövlət büdcəsinin sair daxilomaları müvafiq olaraq 30 milyon manat artırılır.

Dövlət Neft Fondundan büdcəyə transfertin artırılması üçün hökumət keçən ildən tətbiq olunan yeni büdcə qaydasını 2022-ci il yanvarın 1-dək dayandırır.

Rəşad Həsənov: “Ciddi daxili islahatlara gediləcəyinə ümid edirəm”

İqtisadçı-ekspert Rəşad Həsənovun fikrincə, əldə olunan nəticələr Azərbaycan iqtisadiyyatının nisbətən zəif inkişaf etmiş iqtisadiyyat olmasından irəli gəlir: “Nə qədər paradoksal olsa da, iqtisadiyyatın zəif inkişafı pandemiyanın yaratdığı böhranın təsirlərinin ona gözləniləndən daha az zərər vurmasına gətirib çıxarıb. Azərbaycanda milli valyutanın məzənnəsi daha çox təbii sərvətlərə, daha doğrusu, neftə bağlı olduğu üçün ona təhlükələr daim yarana bilər. Yəni ölkə iqtisadiyyatının resurs asılılığı qaldığı müddətdə manata təhlükələr daim formalaşacaq. Amma təbii ki, qısamüddətli dövr üçün qiymətləndirmə aparsaq, ən azı ilin sonunadək Azərbaycan hökumətinin devalvasiyaya getməyəcəyini söyləyə bilərik. Manatın məzənnəsinin sabit saxlanması üçün mümkün resurslardan istifadə olunacaq. İndiki halda belə imkanlar, resurslar vardır. Əvvəla, ölkə iqtisadiyyatı, əhali, dövlət, biznes – 2015-2016-cı illərlə müqayisədə dollarla yoxsullaşıb. Buna görə də pandemiya dövründə neftin qiymətinin ucuzlaşması fonunda valyuta bazarında yalnız mart ayında qısamüddətli təzyiq yarandı. Onda da hökumət mart ayında 1,9 milyard dollarla bazara müdaxilə etməklə yaranan təzyiqləri xeyli dərəcədə azaltmağa nail ola bildi. Sonrakı aylarda orta hesabla ayda 360-400 milyon dollar vəsait satıldı valyuta bazarında. İlin sonunadək bu tələbin kəskin artacağını gözləmirəm. Yeni büdcə dəyişikliklərlə Neft Fondunun büdcə qarşısında öhdəlikləri də artırılır. Nəticədə, ilin ikinci yarısında Fondun hər ay valyuta bazarına 510 milyon dollar çıxarmaq imkanı olacaq. Bu isə manata olan təzyiqləri neytrallaşdırmağa imkan verəcək”.

Ekspert bildirir ki, Mərkəzi Bankın, ümumilikdə dövlətin valyuta ehtiyatlarının artması da manatın məzənnəsinə yarana biləcək təzyiqlərin qarşısını almaq baxımından müsbət tendensiyadır: “Nəzərə alsaq ki, hökumətin də bazara əlavə valyuta təklif etmək imkanı var, vəziyyətin ən azı 2020-ci ilin sonunadək nəzarətdə olduğunu demək olar. Bundan əlavə, dünya bazarında neftin qiymətli yüksəliş dinamikası nümayiş etdirməkdədir. Artıq Azərbaycan neftinin qiyməti 48 dollara yaxınlaşır. Dünyada koronavirus infeksiyasının ikinci dalğası yaranmasa, yaxud hasilatın azaldılmasına dair OPEK+ çərçivəsində hər hansı anlaşılmazlıq meydana çıxmasa, ilin sonunadək qiymətlərdə kəskin enmə olmayacaq. Hökumət özü məzənnənin düşməsində maraqlı deyil, çünki onun iqtisadiyyata və əhalinin sosial vəziyyətinə güclü mənfi təsirləri ola bilər. Bütün bunlar manatın məzənnəsinin sabit qalmasına imkan yaradacaq”.