Ekspert: “Gürcüstan sərhədini bağlayıb, lakin insanlar bilməlidir ki, bu, malların daşınmasına aid deyil”

Bu gündən Azərbaycanda koronavirusla bağlı xüsusi rejim tətbiq edilib. Bir çox tədbirlər təxirə salınıb, istirahət, ictimai-iaşə obyektlərinin fəaliyyətləri məhdudlaşdırılıb. Lakin qərara görə, ölkədə supermarketlər, mağazalar, aptektlərin fəaliyyətində hər hansı bir dəyişiklik edilməyib. Buna baxmayaraq, sosial şəbəkələrdə bəzi şəxslər məlumatlar paylaşırlar ki, Bakıda iri supermarketlərdə ərzaq qıtlığı yaşanır, vitrinlər boş qalıb və sairə.

Məsələ ilə bağlı məlumatların nə qədər doğru olub-olmadığını öyrənmək üçün Musavat.com-un əməkdaşı kimi iri supermarketlərə yollandıq.

İlk olaraq iki müxtəlif yerdə yerləşən “Araz” supermarketində olduq. Bu mağazaların heç birində ərzaq qıtlığının şahidi olmadıq. Eyni zamanda kassaların da qarşısında ciddi müştəri növbəsi görmədik. Satıcılarla söhbətimiz zamanı bildirdilər ki, gün başlayandan həftəsonu olmasına baxamayraq, müştəri sarıdan qıtlıq yaşayırlar, anbarlarda kifayət qədər məhsul var, ərzaq problemi yoxdur.

Daha sonra kifayət qədər iri “Bazarstore” marketlərindən birində olduq. Burada da eyni mənzərəni gördük. Vitrinlər dolu idi, supermarketin daxilində gəzən əməkdaşlar vitrinlərə nəzarət edir, anbardan gətirdikləri məhsulları vitrinlərə düzürdülər.
Guya düyünün, makaronun qiymətində artım olduğuna və bu məhsulların vitrində olmadığına dair məlumatlar yayılsa da, supermarketlərdə olduğumuz zaman bu məlumatların yalan olduğunu öyrəndik. Vitrinlər dolu idi, qiymətlərə gəlincə isə, əksinə, bəzi məhsulların qiyməti ucuzlaşmışdı…

“Bravo” supermarketində də vəziyyətlə də maraqlandıq. Müşahidə etdik ki, “Bravo”da əvvəlki supermarketlərlə müqayisədə müştərilərin sayı daha çoxdur. Lakin vitrinlərdə hər hansı bir məhsulun azlığının şahidi olmadıq. Mağazanın administratoru bildirdi ki, həftə sonları “Bravo”da xüsusi endirimlər tətbiq edildiyi üçün hər həftə eyni vəziyyət yaranır: “Burada hər həftənin sonu gəlsəniz, eyni mənzərənin şahidi olarsınız. Çünki bizdə “1 plus 1″ kimi kampaniyalar var”.

Mağazada olan Bakı sakinləri ilə də söhbət etdik. Nizami rayonunda yaşayan Fariz Məmmədov bildirdi ki, sosial şəbəkədən mağazalarda qıtlığın yaşandığını öyrənib, alış-veriş etməyə gəlib: “Ancaq burada tam əksini müşahidə etdim. Ona görə də bayram üçün alış-veriş etməyi təxirə saldım. Növbəti həftələrdə onsuz da bayram üçün alış-veriş etməliyəm. Bu səbəbdən dedim ki, gəlmişkən elə bəzi məhsulları alım. Ajiotaja heç bir əsas görmürəm”.

Sakinlərlə söhbətimiz zamanı öyrəndik ki, onları qorxuya salan Gürcüstanla Azərbaycanın arasında sərhədin bağlanmasıdır. İnsanlar hesab edirlər ki, sərhəd bağlandığı üçün mağazalarda qıtlıq yaşanacaq.

Lakin Musavat.com-a danışan iqtisadçı Natiq Cəfərli bildirdi ki, mağazalarda ərzaq qıtlığının yaşanması gözlənilmir. İqtisadçının dediyinə görə, insanlar bilməlidirlər ki, sərhədin bağlanmasının yük daşımalarına, ərzaq gətirilməsinə heç bir təsiri yoxdur: “İnsanları sakitləşdirmək üçün televiziyalarda, saytlarda reportajlar verilməli, hökumət nümayəndələri açıqlamalarla çıxış etməlidirlər. Məlumat qıtlığı olduğu üçün belə vəziyyət yaranıb. Dünya ölkələrində də insanlar axın-axın supermarketlərə gedirlər, piştaxtalar boşaldılır. Belə bir psixoloji vəziyyət artıq dünyada da var. Azərbaycanda problem odur ki, bizə gələn məhsulların böyük əksəriyyəti Gürcüstan üzərindən daşınır. Dünən Gürcüstan sərhədini bağlayıb. Lakin bu, malların daşınmasına aid deyil. Bununla bağlı insanları məlumatlandırmaq, ərzaq dolu tırlardan reportajlar hazırlamaq lazımdır. Belə məlumatlar çox olsa, insanları da sakitləşdirmək asan olar. Yaxın günlərdə ciddi ərzaq çatışmazlığının olacağını gözləmirəm. Bu, mümkün də deyil. Ən azı ona görə ki, ölkəyə mal gətirənlər 30 günlük anbar da yığırlar. bu cür panikanın yayılmasına ehtiyac yoxdur. Əlaqədar dövlət qurumları ictimaiyyətlə komunikasiyanı daha effektiv qurmalıdırlar. Bu yolla da panikanın aşağı düşməsinə səbəb olmaq mümkündür”.