2018-ci ildən birgə işlər görən MadTeen, Rəssam və Barss uzun aradan sonra birlikdə albom hazırlayıb.

Minval.info xəbər verir ki, artıq dinləyicilərin ixtiyarına verilən albom “Sənin adına” adlanır. İfaçılar bildirib ki, diskin bu cür adlandırılmasına səbəb oradakı hər bir musiqinin hisslərə, duyğulara, ən xoş və ən əsas dinləyicilərə həsr olunmasıdır. Label-in favorit və sevilən artisti olan MadTeen albom barədə öz fikirlərini belə ifadə edib:

“Sözsüz ki, hər bir musiqi kiməsə, nəyəsə və ya hansısa bir hadisəyə həsr olunub. Biz öz növbəmizdə həsr etdiyimiz bütün musiqiləri bir araya toplayıb, sizə yeni albom həsr etmək istədik”.

Label-in artisti, musiqi və sözlərin əsas müəllifi olan Rəssam da albom barəsində öz fikirlərini bölüşüb. “Yaşanan hisslər bəzən tükənə bilir və ya toksik münasibətin yaranmasına gətirib çıxarır. Bu bəzən anlaşılmazlıq üzündən də baş verir. Əgər hisslərin tükəndiyini və anlaşılmazlıq hiss edirsinizsə, yuxularınızda belə görüşməyin. Biz isə sizin həm yuxularınıza, həm də qulaqlarınıza öz musiqimizlə qonaq olacağıq” deyə, o, əlavə edib.

Albomun ilk sinqlı olan “Yuxuma da gəlmə” treki ilk olaraq “YouTube” üzərindən yayımlanıb.

Qeyd edək ki, bu üçlünün birgə ilk albomudur. İfaçılar ayrı ayrılqda hər biri uzun müddətdir musiqi fəaliyyəti ilə məşğul olurlar. Birgə qurduqları “Mood Records” label-i ilk gündən “Cırtdan Pro” ilə birgə əməkdaşlıq edir.