Azərbaycan Respublikasının Əməkdar artisti Elza Seyidcahan günlərdir müzakirə olunan gənc tələbə haqqında fikirlərini bölübü.

Minval.info xəbər verir ki, atası tərəfindən təhsil almaması üçün attestatı gizlədilən Bağılı Orxanın təhsil haqqını ödəyən gənc müğənni Mehin Hümbətova bir çox məşhura örnək oldu. Ötən gün daha bir tanınmış adın gənc tələbəyə dəstək olduğu bəlli oldu. Belə ki, “Avtostop” verilişinin aparıcısı Tural Yusifov Jurnalistika ixtisasına qəbul olmuş və maddi durumu çox zəif olduğu üçün qeydiyyatdan keçməkdə çətinlik çəkən Zeynəbin növbəti il üçün nəzərdə tutulan 1500 manat təhsil haqqı ödənişini edib.

Elza Seyidcahan da məsələyə öz münasibətini bildirib. O, “Siz də oxşar yardım etmisinizmi” sualına belə cavab verib:

“Mən hələ uşaq vaxtlarından bunun şahidi olmuşam ki, mənim rəhmətlik babam, nənəm, necə ata – anasız uşaqlara köməklik göstəriblər. Babam böyüdüb, hətta evləndirib toyunu da edib. Mənim nə etdiyimi bilmək istəyirsinizsə, əslində, sağ əl verdiyini sol əl bilməməlidir. Məni xalqdan soruşun. Mənim deməyim düzgün çıxmaz. Düzünü deyim? Etdiyim yaxşı əməllər yadımdan çıxır. Bunlarla gündəmə gəlmək fikrində deyiləm. Yaxşısı budur ki, fəlsəfi, avanqard, polifanik, harmonik şeirlərimi yazım, bəzi xəstələri sağaltmağa mənsub olum.

Şeirlərimi təqdim etdiyim anlarda, elə oxucular üzə çıxır ki, sanki, müəmmalı “Ölü dənizində”, – mümkün olmayan görüntülər kimi, çox maraqlı olur hamımız üçün. Bu yaxında Süleyman peyğəmbərin kəlamlarını nöqtəbənöqtə yazdım. Yazıq yollarını azmışlar, bəs qədəri Süleyman peyğəmbəri söydülər. Ağızları sanki, “açıq qəbir”ə dönüb bəzi savadsız, təkəbbürlü xəstələrin… Mən onlara yaxşılıq edib müqəddəs kəlam paylaşdım, onlar isə elə bildilər ki, bu Elza Seyidcahanın şeiridir. Heç fikirləşmək istəmədən ağızlarına gələni yazdılar. Bir dəfə də, İmadəddin Nəsimini belə söydürmüşdüm. Məni bağışlasınlar dahilərimiz, peyğəmbərlərimiz. Küt beyinlər açılsınlar, Söyə-söyə, söylənsinlər, öyrənsinlər, ayılsınlar. Allah hər kəsin etdiyi əməlləri qarşısına cıxarandır. Həmd olsun! Beşikdən qəbirə qədər oxumaq, oxumaq, yenə də oxumaq”.

Minval.info