Şəbnəm Tovuzludan hadisə dolu sözlər…
Son zamanlarda qalmaqaldan uzaq duran müğənni Şəbnəm Tovuzlu sükunutu pozdu. Minval.İnfo-nun əməkdaşının suallarını cavablandıran xanım müğənni maraqlı cavabları ilə diqqət çəkib.
Veriləcək suallara öncədən qadağa qoyan müğənni bizim suallarımızdan yayınmadı…

– Şəbnəm Tovuzlu efirlərə çıxanda hansı tələbləri olur?

– Efirlərə çıxanda tələbim o olur ki, ailə həyatımla bağlı sualları cavablandırmaq istəmirəm. Əlbəttə hər bir ifaçı getdiyi efirdə bilməlidir ki, səhnəyə kimlə çıxır. Bəlkə elə insanla səni efirə çağırırlar ki… Şəxsiyyətinə bir söz demirəm, amma eyni məkanda olmaq istəmədiyim şəxslər olur.

– Şəbnəm Tovuzlunun ən zəif və güclü tərəfləri hansılardır?

– Ən zəif tərəfim odur ki, insanlara tez inanıram və tez ürəyimi açıram. Ən yüksək xarakterim odur ki, bağışlamağı bacarıram. Belə bir kəlam var, “Allah bağışlayırsa, insan nə karədir”. Mehribançılığım çoxdur, kinli insan deyiləm. Əslində belə olmaq çox da yaxşı deyil. Çünki sənin ona olan mehribanlığın, səmimiliyin özünü daha yüksəkdə tutmaq əhval – ruhiyyəsi verir. Məndə belə xasiyyətdə var. “Oxatanam” axı, mən hər zaman yayı dartıb, oxu saxlayıram. Çox səbirlə saxlayıram… Səbirli insanam. Bu barədə mənə həyat yoldaşım hər zaman deyir ki, “bəxtəvər insansan”. Amma oxu buraxanda hədəfə vururam.

– Şəbnəm xanım hansı musiqisini sənətinin zirvəsi hesab edir?

– “Xəstəyəm” mahnımda tələbat çox oldu, çox dəvətlər aldım. Yadda qalan, Şəbnəmi daha çox tanıdan, düzdür, onsuz da yetərincə tanınırdı, lakin illər keçsə də yadda qalan “Qarabağ Azərbaycandır” mahnım olacaq…

– Sosial şəbəkələrdə ən çox hansı mövzularda qınanırsınız?

– Çox vaxtı geyimlə bağlı qınanıram. Amma çox səhv fikirdir. Çünki insana nə yaraşır, onu geyinir. Birdə ki, hər gün modelyerlə çalışa bilmərik. Ona görə də, heç o qınaqlara fikir vermirəm. Ailə həyatımla bağlı qınaqlar olur. O da yersiz qınaqlardır. Kiminsə şəxsi həyatı kiməsə maraqlı olmamalıdır! Dərindən bildiyiniz şeyi müzakirə edərsinizsə, heç nə demərəm. Bilmədikləri bir şeyi boş-boşuna müzakirə edəndə sadəcə baxıb, keçirəm.

– 2 milyonluq instagram səhifənizdə ən çox hansı mövzularda reklamlar gəlir?

– Ən çox məkan reklamları, salon, kosmetoloq və Türkiyədə özəl bir klinikanın reklam təklifi gəlib. Təbii ki, qonorar qarşılığında reklamlar edilir.
Nərminə Aydınqızı
Minval.info