İsti hava və sağlamlıq: Günvurma, infarkt və insult riskləri necə azaldıla bilər?
Son günlərdə ölkəmizdə müşahidə olunan yüksək temperatur yalnız gündəlik həyatımızı çətinləşdirmir, eyni zamanda sağlamlığımız üçün ciddi təhlükələr yaradır. Yay aylarında bədənimizin maye itirməsi, kondisionerli mühitdən birbaşa günəş altında olmaq və ya uzun müddət açıq havada qalmaq yalnız yorğunluğa səbəb olmur.
Minval.info xəbər verir ki, mütəxəssislər bu faktorların infarkt və insult kimi həyati təhlükə yaradan halların riskini artırdığını bildirirlər. Yüksək temperatur orqanizmdə hansı gizli prosesləri hərəkətə keçirir və bu təhlükələrdən necə qorunmaq olar?
Yay aylarında ən çox rast gəlinən problemlərdən biri də sağlamlıq vəziyyətinin qəfil pisləşdiyi hallarda bunun günvurma, infarkt və ya insult olduğunu vaxtında müəyyənləşdirməkdir. Terapevt Gülşən Məmmədova hər üç halın özünəməxsus ilkin əlamətlərini açıqlayır: “Günvurma, uzun müddət günəş altında qaldıqdan sonra inkişaf edir və yüksək bədən temperaturu, baş ağrısı, güclü halsızlıq, ürəkbulanma, qusma, başgicəllənmə, dərinin isti və quru olması ilə xarakterizə olunur. İnfarktın fərqləndirici əlaməti isə döş sümüyü arxasında yaranan sıxıcı və ya yandırıcı ağrıdır. Bu ağrı sol qola, çənəyə, boyuna və ya kürəyə yayıla bilər. İnsult isə qəfil nitq pozğunluğu, üzün bir tərəfinin sallanması, qol və ya ayaqda zəiflik, keyimə, tarazlığın pozulması və görmənin qəfil pisləşməsi ilə xarakterizə olunur.”
ƏLAQƏLİ
İtaliyada intibah dövrünün qiymətli əsərləri hədəf alındı: Oğurluq hadisəsi messinada şok effekti yaratdı
Mütəxəssis isti havada sağlamlığı qorumaq üçün orqanizmin su balansını düzgün saxlamağın vacibliyini vurğulayır. Terapevtin sözlərinə görə, maye tələbatı insanın yaşına, bədən çəkisinə, fiziki aktivliyinə və sağlamlıq vəziyyətinə görə dəyişir: “Sağlam yetkin insanlar üçün isti havalarda gündə 2-3 litr maye qəbul etmək məsləhət görülür. İntensiv fiziki fəaliyyət və ya güclü tərləmə zamanı bu ehtiyac daha da arta bilər. Əksər hallarda adi içməli su kifayət edir. Şəkərli qazlı içkilər və alkoqol susuzluğu aradan qaldırmır, əksinə, orqanizmdə maye itkisini artıra bilər.”
Yaş artdıqca orqanizmin istiliyi tənzimləmə qabiliyyəti zəifləyir və susuzluq hissi azalır. Bu səbəbdən yaşlı insanlar susuzlaşma və istilik zərbəsi ilə üzləşə bilərlər. Artıqçəkili şəxslərdə isə ürək-damar sisteminə düşən yük artır. Yüksək temperatur şəraitində ürək orqanizmi soyutmaq üçün daha intensiv işləməyə məcbur olur ki, bu da arterial təzyiqdə dəyişikliklərə və ürək ritminin pozulmasına səbəb ola bilər. Xüsusilə hipertoniya, şəkərli diabet və xroniki ürək xəstəlikləri olan şəxslər bu dövrdə daha diqqətli olmalıdırlar.
Terapevt, yay aylarında daha yüngül həzm olunan qidalara üstünlük verilməsini tövsiyə edir: “Rasionda tərəvəz, meyvə, tam taxıllı məhsullar, balıq və digər yağsız zülal mənbələrinə daha çox yer verilməlidir. Duzlu, yağlı və qızardılmış yeməklər isə kəskin məhdudlaşdırılmalıdır. Çünki bu cür qidalar həm arterial təzyiqin yüksəlməsinə, həm də ürəyə düşən yükün artmasına səbəb olur.”
ƏLAQƏLİ
İran Azərbaycanın dövlət televiziyasını "düşmən" elan etdi: Yeni qanun nəyi dəyişəcək?
Hər hansı kəskin hal baş verdikdə dərhal “103” Təcili Tibbi Yardım xidmətinə müraciət edilməlidir. Həkimlər gələnədək xəstə sərin və kölgəli yerə aparılmalı, sıx geyimləri boşaldılmalı və bədəni soyudulmalıdır. Huşu yerindədirsə, ona kiçik qurtumlarla su vermək olar. Huşu pozulmuş şəxsə isə ağızdan maye vermək qətiyyən olmaz. İnfarkt və ya insult şübhəsi olduqda xəstəni yeritmək, həkim məsləhəti olmadan dərman vermək və ya gözləmək düzgün deyil. Xüsusilə insult şübhəsi zamanı diaqnoz dəqiqləşmədən aspirin qəbul etdirilməməlidir. Ən vacib məsələ xəstənin mümkün qədər tez ixtisaslaşmış tibbi yardım almasını təmin etməkdir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: