Koronavirusun Azərbaycana gəlməsi ehtimalı nə dərəcədə realdır?

Çində yayılan koronavirus bəlası hər keçən gün daha çox insanı öz qurbanına çevirməkdədir. Çin rəsmilərinin yaydığı məlumata görə, təkcə ötən sutka ərzində 2048 nəfər öldürücü koronavirusun yeni növünə yoluxub, 105 nəfər isə bu virusdan dünyasını dəyişib.

Bu günə qədər isə ümumilikdə Çində 70 min 637 nəfər virusa yoluxub, onlardan 1772 nəfər dünyasını dəyişib. Hazırda virusa yoluxma şübhəsi olanların sayı isə 7264 nəfərdir. Sağalıb xəstəxananı tərk edənlərin və vəziyyəti ağır olan xəstələrin sayı 10 mini ötüb. Virusa yoluxanlarla yaxın ünsiyyətdə olmuş 546 min nəfər müəyyən edilib, onlardan 150 mini həkim nəzarətinə alınıb.

Artıq Çinə yaxın ölkələrdə də vəziyyət getdikcə ağırlaşır. Belə ki, Yaponiyada öldürücü virusa yoluxanların sayı 410 nəfərə çatıb. O cümlədən Sinqapur, Tailand, Cənubi Koreya, Malayziya, Almaniya, Vyetnam, Avstraliya, ABŞ, Fransa, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri, Kanada, Filippin, Hindistan, İtaliya, Rusiya, İspaniya, Finlandiya, İsveç, Nepal, Kamboca, Şri-Lanka, Belçika və Misirdə virusa yoluxma, Filippin, Yaponiya və Fransada 3 ölüm faktı qeydə alınıb.

Yaponiya mütəxəssisləri hazırda virusun yayılmasına qaşı mübarizə yollarını müzakirə etməkdədirlər.

Çin dövləti isə virusun qarşını almaq üçün erkən tədbirlər görməkdədir. Bu səbəbdən ölkədə xüsusi hazırlanmış 5 G texnoloji robotlar qapı-qapıl gəzərək insanların virusa yoluxmasını aşkar edirlər. Onlar evləri gəzərək insanların istiliyini ölçür, virus diaqnozunu qoya bilir. Robotlara yerləşdirilən termal kameralar sayəsində 5 metr məsafədən insanın istiliyini ölçə bilirlər. Bundan əlavə, eyni anda 10 nəfərin temperaturunu ölçürlər.

koronavirus ile ilgili görsel sonucu

Daha sonra nəticələri 5G texnologiyası sayəsində mərkəzə ötürürlər. Əgər robot yüksək istilikli şəxs aşkar edibsə, dərhal mərkəzdən gəlib həmin insan olan yeri karantinə alırlar. Beləliklə, digər insanlara virusun yoluxmasının qarşısı alınır.

Həmçinin Çində yeni növ koronovirusun müalicəsi üçün əvvəllər digər xəstəliklərin müalicəsində istifadə olunmuş virus əleyhinə bir neçə dərman sınaqdan keçirilir. Bir neçə dərmanın isə kliniki sınaqlara başlanılmasına icazə verilib. Kliniki sınaqlarda əsas araşdırılan dərmanlar arasında “Remdesivir”, habelə “Xloroxin fosfat” və “Favipiravir” var. “Remdesivir” Şiddətli Kəskin Respirator Sindromu (SARS) və Orta Şərq Respirator Sindromuna (MERS) qarşı yaxşı antivirus təsiri göstərib. Uzun illər istifadə ediləm “Xloroxin fosfat” isə malyariyaya qarşı dərman kimi tanınır. Hazırda bu dərmanın Pekinin və Quandun vilayətinin 10 xəstəxanasında 100-dən yuxarı xəstə üzərində kliniki sınaqları aparılır. İlkin sınaqlar “Xloroxin fosfat”ın yeni növ koronavirusun səbəb olduğu sətəlcəm xəstəliyinin müalicəsində kifayət qədər təsirli olduğunu göstərib. Xarici ölkələrdə qrip virusu əleyhinə geniş istifadə edilən “Favipiravir”in də Quandun vilayətindəki xəstəxanalarda 70 xəstə üzərində kliniki sınaqları aparılır.

Ümumdünya Səhiyyə Təşkilatı yanvarın 30-da keçirdiyi iclasda koronovirusla bağlı fövqəladə vəziyyət elan edib. Qurum bəyan edib ki, virusun qarşısı alınmasa dünya əhalisinin üçdə ikisi bu virusa yoluxa bilər.

Sevindirici haldır ki, Azərbaycanda adıçəkilən virusun yayılma faktı qeydə alınmayıb. Bəs ölkənin Səhiyyə Nazirliyi məsələ ilə bağlı hansı önləyici tədbirlər görür?

 

Mövzu ilə bağlı Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev “Yeni Müsavat”a danışıb:

“Azərbaycanda bu virusa yoluxma faktı yoxdur. Məlum olduğu kimi, virusun geniş yayıldığı Çin dövləti ilə təyyarə reysləri də təxirə salınıb, dayandırılıb. Yalnız bugünlərdə Çində təhsil alan tələbələrimiz Türkiyəyə, daha sonra ölkəyə gətirildi. Həmin tələbələr də 14 gün karantində saxlanılıb. Çindən gələn şəxslər xüsusi karantin otağında, müşahidə altında saxlanılır, təhlükə qeydə alınmadıqda karantindən buraxılırlar. Təkcə Çin deyil, virusun aşkarlandığı digər ölkələrdən gələn şəxslər də diqqətlə müşahidə edilir”.

Cəlal İsayev istənilən şəxsin, xüsusən də yaşı yuxarı olanların bu virusa yoluxmaq riskinin olduğunu deyib:

“Beləliklə, hər kəs bu virusa yoluxa bilər. Lakin bir daha qeyd edirəm ki, Azərbaycanda koronavirusa yoluxma ehtimalı yoxdur. Yalnız qış mövsümü ilə əlaqədar olaraq soyuqdəymə virusları geniş yayılır. Həmin viruslar əsasən hava damcı və yaxud qida ilə mədə-bağırsağa düşərək yayılır. Hələlik bu cür virusların artması müşahidə edilmir, amma yoluxanlar da var”.

Cəlal İsayev viruslardan qorunmaq barədə tövsiyələrini də qeyd edib: “İlk növbədə təbii və təmiz qidalara üstünlük verməli, bacardıqca konservləşdirilmiş məhsullardan qaçmaq lazımdır. Bitki mənşəli və bitkilərlə zəngin qidalar, təbii, ev şəraitində hazırlanmış meyvə şirələrindən istifadə etməliyik ki, orqanizm kifayət qədər vitaminlərlə təmin olunsun, xəstəlik və viruslarla mübarizədə güclü olsun”.

Xatırladaq ki, koronavirus yeni virus deyil. Bu virus ilk dəfə hələ 1965-ci ildə aşkar edilib. Hazırda Çində tüğyan edən  “2019-nCoV” koronavirusun yeni tipidir. Bu virus tez yayılma xüsusiyyətinə malik olduğundan yoluxanlar arasında vəfat edənlərin sayı kifayət qədər çoxdur.

Mütəxəssislər koronavirusun qarşısını almaq üçün insanlara quru soğan, sarımsaq və göy soğan kimi antibiotik baxımından zəngin olan qidalardan istifadə etmələrini məsləhət görür.