“Qəribə bir vəziyyət yaranıb. Hansı iri məmur vurulursa, nədənsə, mənim adımı maraqlı şəxslər və ya bəlli yazarlar mütləq şəkildə aparıb, onlara bağlayırlar. Məni gah Eldar Mahmudovun, gah Ramiz Mehdiyevin adamı kimi təqdim edir, barəmdə “qara piar” kampaniyası aparırlar. Halbuki, bu iddialar sadəcə içiboş, heç bir əsası olmayan fikirlərdir.

Bu şər-böhtan atan “istedad sahibləri” son zamanlarda adımı işdən çıxarılan digər nazirlərə calamağı nədənsə unudublar. Çox qəribədir ki, hal-hazırda işləyən nazirlərdən birinin də adamı kimi adımı çəkmirlər”.

 

Musavat.com xəbər verir ki, bu fikri Fəlsəfə elmləri doktoru, iş adamı Adəm İsmayılov Xeber.de saytına açıqlamasında deyib.

 

Onun fikrincə, bu cür qarayaxma kampaniyası rəqiblərinin iqtisadi maraqlarından qaynaqlanır və heç bir faktiki əsası yoxdur: “Mən vətənimin, dövlətimin, ölkəmin taleyinə biganə ola bilmərəm, zaman-zaman baş verən hadisələrlə bağlı mövqeyimi ortaya qoyuram. Həmişə də ölkə prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezidentin dəsti-xəttini, dövlətçilik siyasətini dəstəkləyirəm və dəstəkləyəcəyəm də. Mənim kimə bağlı olduğumu araşdıranların da bunu bilməsini istəyirəm.

 

Ramiz Mehdiyevlərin, Eldar Mahmudovların əsl siması artıq cəmiyyətə yaxşı məlumdur. Bunlar haqqında danışmaq istəmirəm. İndi hakimiyyətdə olan nazirlər də mənim üçün sadəcə dövlət məmurlarıdır”.

Adəm İsmayılov bundan sonra barəsində yazılacaq iftiralara cavab verməyəcəyini bildirib: “Mən bilirəm ki, haqqımda mediada gedən son qarayaxma kampaniyası Ramiz Mehdiyev haqqında yazdığım təhlili analitik məqalələrlə bağlıdır. Kim nə yazır, yazsın, dövlət orqanları və cəmiyyət kimin kim olduğunu, Azərbaycan ictimaiyyəti isə reket mətbuatının hansısa iş adamını, siyasətçini, ziyalını və ya hansısa məmuru niyə qaraladığını yaxşı bilir. Mənim kiminsə qarşısında verə bilməyəcəyim hesabatım yoxdur”,-deyə A. İsmayılov bildirib.