17.09.2026 - 16:59
Ölkə 18 baxış

İnternet bahalaşır: Sürət artır, keyfiyyət sual altındadır

Azərbaycanda 1 oktyabrdan etibarən genişzolaqlı internet xidmətlərinin minimum tarifləri 18 manatdan 25 manata yüksəldiləcək. Bununla yanaşı, minimum internet sürəti 40 Mbit/s-dən 100 Mbit/s-yə artırılacaq.

Minval.info xəbər verir ki, İKT üzrə ekspert Elvin Abbasov bu artımın əsas səbəbinin köhnə mis naqil şəbəkələrinin yenilənməsi və ölkə üzrə fiber-optik infrastrukturun qurulması xərclərinin qarşılanması olduğunu bildirib. Abbasovun sözlərinə görə, “GPON” şəbəkəsi yüksək buraxılış qabiliyyətinə malikdir və eyni vaxtda çoxlu sayda cihazın kəsintisiz internetə qoşulmasına imkan yaradır.

Ekspert əlavə edib ki, istehlakçılar nominal olaraq 2,5 dəfə daha yüksək internet sürəti əldə etsələr də, bu, xidmətin real keyfiyyətini artırmaq üçün kifayət deyil. Xidmət keyfiyyəti yalnız nominal sürətlə deyil, həm də pik saatlarda şəbəkənin gecikmə dərəcəsi, paket itkisi və beynəlxalq kanallara çıxış tutumu ilə ölçülür.

Elvin Abbasovun fikrincə, tarif dəyişikliyinin əlavə xərc yükünə çevrilməməsi üçün provayderlər daha yüksək sürətli paketləri əlçatan etməlidirlər. Hazırda “250 Mbit/s” sürətli tarifdə hər Mbit/s üçün orta ödəniş təxminən 0,14 manat təşkil edir. Hər Mbit/s üçün düşən xərci 10-20% azaltmaqla “250-300 Mbit/s” kimi yüksəksürətli minimal paketləri kütləviləşdirmək mümkündür.

“Yalnız vahid sürət vahidinin qiymətini ucuzlaşdırıb yüksək sürətli paketlərin əlçatanlığı təmin edildikdə bu tarif artımı istehlakçı üçün həqiqi rəqəmsal keyfiyyətə və şəbəkə dayanıqlığına çevrilə bilər”, – deyə ekspert vurğulayıb.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: