Əli ibn Abbas əl-Məcusi X əsrdə İranın cənub-qərbindəki Əhvaz şəhərində anadan olmuş tibb alimidir. O, “əl-Əhvazi”, “Məsudi” və “Əbul Həsən” ləqəbləri ilə tanınıb. Qərb dünyası onu latın dilində səslənən “Haly Abbas” kimi tanıyıb. Doğum tarixi dəqiq bilinmir, amma vəfat tarixi 994-cü ildir.
Təhsilini Bağdadda tamamlayıb. Orada Adudud-Dauvlə Xəstəxanasında baş həkim işləyib. X əsrin son 70-ci illərindən başlayaraq tibb və cərrahiyyə sahəsində mühüm nüfuza malik olub.
Əli ibn Abbas ona böyük şöhrət gətirən nəhəng “Kitab əl-Maliki” əsərini yazıb. Amma bu kitab onun ölümündəndən sonra daha çox məşhur olub. Bu əsərin birinci hissəsində tibb nəzəriyyəsi izah olunur. İkinci hissədə isə təbabətin əsasları, profilaktik tibb və əczaçılıqdan bəhs edilir. Kitabda anatomiya, cərrahiyyə və cərrahi müalicə ilə bağlı 110 bölmə var. Əsər 1070-1078-ci illər arasında Afrikalı Konstantin tərəfindən Latın dilində “Liber Regalis” və ya “Regalis Dispositio” adı ilə tərcümə edilib. Lakin tərcüməçi bu işi öz kitabı kimi ictimailəşdirib. Ərəb dilindən latıncaya tərcümə edilən ilk tibb əsəri olan “Kitab əl-Maliki” XVI əsrə qədər Avropa tibb məktəblərində tədris olunub.
Dr.Sigrid Hunkeyə görə, əsərin ən vacib xüsusiyyəti ondan ibarətdir ki, o dövrə qədər müxtəlif millətlərdən gələn tibbi məlumatlar cəmlənərək mükəmməlləşdirilib. “Kitab əl-Maliki”nin orijinal ərəb mətni 1283-cü ildə Lahor və 1294-cü ildə Bulakda yenidən yazılıb. Əsərin müxtəlif hissələri 1903-cü ildə Fransız dilinə tərcümə olunub. Bundan başqa, İstanbul və İraq Kitabxanasında qara və qırmızı rəngdə yazılmış əlyazmaların çox gözəl nüsxəsi saxlanılır. Frankfurtda yerləşən IGAIW tərəfindən orijinal mətn əsas götürülərək 1987-ci ildə nəzəri və praktik olmaqla hazırlanan 2 cildlik kitab sual-cavab formasında tibb tələbələrinin ixtiyarına verilib.
Bu əsərdə Hippokrat andından daha qabaqcıl prinsiplər əsasında həkimlik təcrübələri qeyd edilmişdir:
– Bir həkim, gördüyü işin nə dərəcədə məsuliyyətli olduğunu yaxşı düşünməli və dərk etməlidir.
– Bir həkim, ürək və bədən təmizliyinə diqqət yetirməlidir. Həyatını daim Allahın razılığına uyğun yaşamalıdır.
– Bir həkim, xəstəsinin ona açıqladığı şəxsi məsələləri heç kimə açıqlamamalıdır. Xəstələrlə ünsiyyət şirin və incə olmalıdır. Təcrübə və davranışları ilə xəstələr tərəfindən etibar qazanmaq və onu necə dəstəkləməyi bilmək lazımdır, evdə onları ziyarət etmək və isti münasibət göstərməlidir.
– Bir həkim, xəstəxanalarda xəstələrə xidmət göstərməli, xəstəlikləri tanımaq üçün mütəxəssis olanlara müraciət etməli, təcrübə və biliklərindən xəbərdar olmalıdırlar.
Əli ibn Abbas mədə, yoğun bağırsaq və uşaqlığın bədxassəli şişlərini (bugünkü mənası ilə xərçəng xəstəliyi) ilk dəfə kəşf edərək onu cərrahi yolla müayinə və müalicə edib, bu barədə əsərində ətraflı məlumat verib. Əməliyyatda yanında köməkçilər olub. Onlardan biri xaşxaş, batbat bitkisi sürtülmüş süngəri (o dövrdə narkoz kimi istifadə edilib) xəstənin burnuna tuturmuş, digəri isə xəstənin nəbzinə nəzarət edirmiş. Digər köməkçi isə cərrahla birlikdə əməliyyata qatılırmış. Əməliyyatını şagirdlərinə öyrədərkən, “indi xəfif şəkildə və diqqətlə xəbis hissəni təmiz hissədən ayırmaq üçün kəsin. Hər hansı bir damarın zədələnməsinə və sinirin kəsilməməsinə diqqət yetirin. Bir damar görürsünüzsə, qanaxmanın cərrahi sahəyə mane olmaması üçün damarı diqqətli şəkildə bağlayın. Xəbis hissəni kəsdiyiniz zaman, bəzi kiçik hissələrin içəridə olub olmadığını yoxlayın. Əgər belədirsə, onları diqqətlə təmizləyin. Bütün xəbis hissələri çıxardıqdan sonra, artıq dərini kəsib qısaltmaq surəti ilə bir-birinin üstünə gətirin və damarları bir biri ilə qaynayıb birləşəcək şəklə saldıqdan sonra tikiş həyata keçirin”, – deyə qeyd edib əsərində.
Əli ibn Abbas göz xəstəliklərinin müalicə və diaqnozunda da mühüm irəliləyişlər edib.
Doğum haqqında Hipokrat və ardıcılları uşağın öz hərəkəti ilə dünyaya gəldiyini qəbul etdiyi bir vaxtda, o, doğumun ana bətnindəki əzələnin gərilib boşalması ilə həyata keçdiyini söyləyib. Bundan başqa, dölün ana bətnində keçirdiyi müxtəlif dövrləri, ehtiyacı olduğu qidanı və bunun ana bətnində necə təmin olunduğunu izah edərək, tibb elminə yeni üfüqlər qazandırıb./faktxeber.com