Dünən Azərbaycanın Xalq artistləri Yusif Eyvazov və Elçin Əzizovun Macarıstanda konserti olub.

“MİNVAL.İNFO” xəbər verir ki, Budapeştdə İncəsənət Sarayının səhnəsində baş tutan gecədə Y. Eyvazov və xanımı, Rusiyanın Xalq artisti Anna Netrebko və E. Əzizov tərəfindən Cakomo Puççininin “Toska” operası ifa edilib.

Tədbirdə onları izləyənlər arasında Hollivud ulduzu, dünyaca məşhur aktyor Con Travolta da olub.

O, operanın sonunda səhnə arxasına keçərək sənətçiləri təbrik edib, ifadan zövq aldığını vurğulayıb.

Görüntüləri Yusif Eyvazov öz instaqram səhifəsində paylaşıb. O, videoya  “Buna inanmayacaqsınız… Con Travolta Budapeştdəki performansımıza qatıldı”,- şərhini yazıb.