Türkiyə və Pakistan tərəfindən terror təşkilatı kimi tanınan və FETÖ (Fətullahçı Terror Təşkilatı) adlandırılan hərəkata üzv olmaqda ittiham olunan və hazırda ABŞ-da yaşayan “Qalatasaray”ın və Türkiyə millisinin sabiq üzvü Hakan Şükürün atası Selmet Şükürün məhkəməsi yekunlaşıb.

“Minval.info” xəbər verir ki, Sakaryada keçirlən məhkəmə prosesinə ev dustaqlığında olan Selmet Şükür qatılmayıb.

Məhkəmə Hakan Şükürün atasına qarşı qaldırılan “terror təşkilatına üzv olma” ittihamını rədd edib və ona “terror təşkilatına yardım” ittihamı ilə cəza kəsilib. Məhkəmənin qərarına əsasən Selmet Şükür 3 il 1 ay 15 gün azadlıqdan məhrum edilib. Qərar digər məhkəmə instansiyaları tərəfindən də təsdiqlənsə, veteran futbolçunun atası cəzasını həbsxanada çəkəcək.

Bundan başqa məhkəmə Selmet Şükürün əmlakına qoyulmuş həbs qərarını ləğv edib. Selmet Şükür 12 avqust 2016-cı ildə həbs olunub. 25 noyabr 2016-cı ildə isə səhhətindəki problemlərə görə ev dustaqlığına buraxılıb. Sakarya Cumhuriyyət Prokurorluğunun hazırladığı iddianamədə “silahlı terrror təşkilatına üzv olmaq”da ittiham olunan veteran futbolçunun atasının 7,5 ildən 15 ilədək həbsi tələb edilirdi.

Qeyd edək ki, Fətullah Gülən və onun tərəfdarları Türkiyədə daha əvvəl terror təşkilatı kimi tanınmayıb. Belə ki, Gülənçilik Fətullah Gülənin başçılığı ilə 1960-cı ilin sonlarında Türkiyə Respublikasının İzmir şəhərində ortaya çıxıb, sonradan fəaliyyətlərini bütün Türkiyə ərazisində və bir sıra digər ölkələrdə həyata keçirməyə başlamışlar.

Gülənçilər klassik nurçuluq içərisində meydana çıxsa da, daha sonra onlardan ayrılmış bir qoldur. Bəzən neo-nurçu cərəyanı kimi də tanınırlar. Türkiyədə baş vermiş 15 iyul hadisələrindən sonra 65-ci Türkiyə hakimiyyəti tərəfindən terror təşkilatı (Fəthullahçı terror örgütü – FETÖ) olaraq elan edilib. Təşkilatı Türkiyə və Pakistandan başqa heç bir ölkə terror təşkilatı kimi tanımayıb.

Minval.info