“Şəxsi həyat barədə danışmağı sevmirəm. Sənətçi öz şəxsi həyatını heç vaxt efirə danışmamalıdır. O özəlim olaraq evdə qalmalıdır. İnsan öz həyat yoldaşını efirdə göstərməz. Mən onlara çox pis baxıram. Olmaz”.

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Babək Niftəliyev “Üzə-düz” proqramında deyib. Muğam ifaçısı ailəsini gündəmə gətirən sənət adamlarını tənqid edib. O bildirib ki, özü heç vaxt belə addım atamaz:

“Bəzən sənətlə şəxsiyyət amili üst-üstə düşmür. Dostlarımızın içində də elə sənət yoldaşlarımız var ki, yaxşı sənəti olmasa da, yaxşı oğlanlığı var. Biri pisləyəndə deyirsən ki, yox, yaxşı oğlandır. İfası olmasa da… Yaxşı musiqiçi olmasa da, yoldaşlığı var. Elə sənətkar da var ki, yaxşı sənətkardır, amma çox pis insandır. Elə deyirsən bu insana kənardan qulaq asasan, içəri daxil olmayasan. Həmin sənətkarla oturub söhbət etməyəsən”.

Babək bir çox məclisə qonorarsız getməsindən bəhs edib:

“Kasıblar üçün pulsuz oxumuşam, çünki özüm bu yerə kasıbçılıqla gəlmişəm. Çalışıb xalqımızı da nəzərə almalıyıq. Başıma illər əvvəl bir hadisə gəlmişdi. Gecə yarısı gördüm ki, kimsə mənə ancaq “vızıv” verir, zəng də etmir. Özüm zəng elədim. Danışan ağsaqqal kişi idi, dedi səni oğlumun toyuna çağırmaq istəyirəm, amma sənə verməyə pulum yoxdu. Arzumdur, o istəyi gözümdə qoyma. Dedim, əmi, toy nə vaxtdır? Dedi, 3 ay var, Masallıda olacaq. Kəndin adını yazdım. Həmin vaxt gəlib çatdı. O kişi daha mənə zəng eləmədi. Toy zamanı gəldim məclisə çatdım. Gəldim gördüm ki, 30-40 nəfərlik yığıncaq keçirilir. İçəri girəndə sizi inandırım ki, o kişi nə hala düşdü. Əsdi, kövrəldi, gözləri doldu… Camaat mənə baxdı ki, mən hara, bu kişi hara? Çox ağladı, məni qucaqladı, ağ nurani kişi idi. Dedi, oğlum, sənə zəng edən mən idim. Sağ ol ki, gəlmisən. O xalqın oradakı alqışı, mənə milyona bərabər idi. Elə bildim ki, ömrümün üstünə bir ömür gəldi, hansısa zirvəni fəth etmişəm. Əziz sənət dostlarım, xalqımızı nəzərə almaq lazımdır. Onun kasıbı da, varlısı da var. Bəzi hallarda o təbəqələri qarışdırmayaq”.