Koronavirus epidemiyasının qarşısının alınması üçün ölkədə ciddiləşdirilmiş karatin rejimi yaşanır. Demək olar ki, ölkədə bütün sahələr üzrə fəaliyyətlərə məhdudiyyətlər qoyulub. Bu müddətdə bir çox peşə sahibləri işini evdən davam etdirsə də, hər gün iş başında olan, işə gedib gələn peşə sahibləri də var. Teleaparıcılar, jurnalistlər də hər gün iş başında olan peşə sahibləridir. 

Bəs, teleaparıcıların bu günlərdə iş qrafiki necədir? Özlərini risk qrupunda görürlərmi, narahatdılarmı? Studiyaya qonaq çağıranda çətinliklə üzləşirlərmi? Tərəddüd edən, gəlmək istəməyən olurmu?

Musavat.com mövzu ilə bağlı aparıcılar arasında sorğu keçirib.

Teleaparıcı Kamran Həsənli maska tapmamaqdan şikayətlənib: “Hər gün işə gedib gəlirik. Özümüzü ancaq maska ilə qorumağa çalışırıq, bizə başqa qorunma ləvazimatı verilməyib. Maska da apteklərdə tapılmır. Həyat yoldaşım həkimdir, onun maskasından istifadə edirəm. Maska taxmaq təbii ki, vacibdir, lazımdır. Amma o da adamı yetərli qədər qorumur. Koronavirusun mikron ölçüsü 0.1-dir. Ən yaxşı resperator maska FFP3-dür, o da mikron ölçüsü 0.3 olan virusdan qoruyur. Yəni, koronavirusdan qorumur. Koronadan qorunmaq çətindir. Parça maskalar heç kimi heç bir virusdan  qorumur. Amma biz yenə də tədbiri əldən verməməliyik”.

Teleaparıcı Elgiz Əkbər çalışdığı ARB telekanalında bütün tədbirlərin görüldüyünü bildirib: “Hamı evdən çıxır, hamının ailəsi, balası var. Hamı sağ-salamat evinə qayıtmaq istəyir. Ona görə özümüzü maksimum qorumalıyıq. Jurnalistlər, teleaparıcılar fövqalədə vəziyyətlərdə belə işləyirlər. Qorxsam da, qorxmasam da, işimi davam etdirirəm. Dəvət etdiyimiz qonaqlar da sevə-sevə proqrama qatılır. “Gəlmirəm” deyən olmayıb. Telekanalın qapısına da aparat qoyublar, hər gün spirtlənirik,qızdırmamız ölçülür. Fəaliyyətimiz davam edir. İnşallah hər şey düzələr”.

Aparıcı Rəvan Rəd də hər gün işə gedib gələn televiziya əməkdaşıdır: “Televiziya və radio işçisi olduğum üçün demək olar, hər gün işdəyəm və məlumat çatdırıram. Ən təhlükəli məqamlardan biri panika, yaxud qorxudur. Çünki psixoloji olaraq beynimizdə xəstəlik barədə düşünəndə istər-istəməz xəstəliyə yoluxursan. Bu məndən çox uzaq olduğu üçün psixoloji olaraq buna qarşı müdafiəm var. Bu əminliyimin bir səbəbi də, immunitetim normalda olduğundan daha yüksək olmasıdır. Çölə çıxanda üstümdə spirt, maska və əlcək mütləq olur. Bərbər yaralı yerimizdir. Düzdür mən son gündən istifadə edib bərbərə getdim. Ona görə bir ay rahatam. Saqqalı da evdə maşınla azaldıram. Qonaqlar tərəddür edirlər, əksər vaxtlarda gəlmək istəmirlər. Anlayışla qarşılayırıq. Lakin gələnlər də əllərinə spirt töküb, ayaqlarına baxıl tapıb gəlirlər”.

Teleaparıcı Nanə isə verilişində bildirib ki, iki əməkdaşı qızdımalı olduğu üçün evdə karantindədir: “Telekanalın qapısında aparat var, daxil olanda spirtlənirik, qızdırmamız  ölçülür. Hərarəti olarsa, 1 faiz şübhə duyularsa, həmin əməkdaş evə qaytarılır. Verilişimin iki əməkdaşının qızdırması vardı. Test etdirib, evdə cavab gözləyirlər. Mən kanalda özümü çox güvəndə hiss edirəm. Bütün tədbirlər alındığı üçün telekanal rəhbərinə təşəkkür edirəm”.