Zamin HACI Zamin Hacı

“Başqa həyat məsələlərinə münasibətdə onlar laqeydlik göstərirlər. Dəqiq ölçü və çəki onlara məlum deyildir. Müharibə məsələlərində, dövlət quruculuğu və əkinçiliyə də onlar qayğısız yanaşırlar”
(Strabon, “Coğrafiya” əsəri, albanlar haqda)

O boyda tarixi təcrübə ortada ola-ola hökumətimiz niyə belə əziyyət çəkir, anlamıram. Nemət Pənahlını efirə çıxartmaq lazımdır, qoy orda öz populyar müraciətinə yüngülcə dəyişiklik eləsin: “Evdə oturmayan ermənidir!” Vəssalam. Bundan sonra uca millət, sevgili xalq qaxılıb evdə oturacaqdır, virusla mübarizədə hökumətə dəstək verəcəkdir. Yeri gəlmişkən, AMEA Dilçilik İnstitutundan fəlsəfə üzrə filologiya doktoru Dilavər Şirindilovun araşdırmalarına görə “xalq” sözü “qaxılmaq” sözündən yaranıbdır. Bu da milli dəyərlərə önəm verən xalqımızı bir daha karantinə qaxılmağa həvəsləndirməlidir.

Yoxsa haçan baxırsan idarənin sözçüsü İbrahim müəllim təəssüflənir: “Camaatı evdə otuzdura bilmirik. Belə getsə daha sərt tədbirlərə əl atılacaqdır”. Vallah, heç Almaniyanın dağılması müsibəti belə olmamışdı. 190 manat pul verdilər, camaat buna da razı olmadı. Yəqin hərəyə 19 manat verilsə razı qalardıq. 190 çoxdur axı. Heç Yaponiyada işsizlərə 190 manat verilmir, Allaha and olsun ki, belədir. Hərçənd, ola bilər bu kampaniyanın da axırı qabaqkı məşğulluq proqramları kimi bitsin. Yəqin xatirinizə gəlir, hökumət işsizlər üçün müvəqqəti iş yerləri açıb dolandırmaq istəmişdi, sonra ortaya çıxdı ki, hər rayonda icra başçısı 300-500 işsizin maaş kartını cibinə qoyub pulları əmirmiş. Ancaq insafən 2 icra başçısını buna görə zindana basdılar. Yəni, ümid edə bilərik ki, haçansa koronavirus yardımlarını mənimsəyənləri də tutacaqlar. Elə bu ümid bizə bəs deyildirmi? Atalar deyibdir yeməkdən ümid yaxşıdır. Türk şairinin bu temada şeiri də var, necə olsa bir millət, iki dövlətik: “Umut fakirin ekmegi, Ye Mehmet, ye”. Hətta mövzunu daha dərinləşdirsək, xalqın nə üçün ehtiyac çəkdiyini anlamaq olmur. Deyirlər ac qalırıq, çörək tapmırıq. Çörək yoxdur, tort yeyin. Niyə hər boş şeyə görə hökuməti məşğul etməliyik? Bizim Qarabağ dərdimiz var.

Problemi dərinləşdirən detallardan biri bütün dünyada sərhədlərin, sınırların bağlanmasıdır. Yoxsa qabaqlar belə aclar olanda qapını açırdın, deyirdin gedin Rusiyada, Türkiyədə, İranda, Almaniyada çörək tapın. Prinsipcə, çağdaş texnologiyalar dövründə xalq adama o qədər də lazım olmur. Bir-iki buruq-zad olsa bəs eləyir. Xalqı buruğun üstündə adama faiz, mənfi bonus kimi verirlər sanki. Misal üçün, qədimdə tətil deyə etiraz forması vardı, indi get əlli dəfə tətil elə, kimin vecinədir? Lakin hazırda beynəlxalq karantin üzündən camaatı ora-bura qova bilmirik, hamısı küçəyə çıxıb gəzirlər.

Xaricdən maliyyələşən qara virusa qarşı, hesab edirəm, artıq viruskəs elan etməliyik. Hökumət əslində buna hazırdır, “məsuliyyət küçəyə çıxanların üzərində qalır” hazırlığı vaxtında aparılıbdır. Biz bacardığımızdan artığını elədik, ölən öldü, qalan sağlar bizimdir. Sözgəlişi, ən populyar şeirlərindən biri “Hər kəs yüz il yaşamasa, Günah onun özündədir” olan millətin dərdini çox çəkmək lazım deyil, özləri özlərini yola verəcəkdir. Uzağı bir-birimizin ətini yeyərik – həmişəki kimi. Hannibalizm bizim mətbəxin şah yeməklərindən sayılır.

Təbliğat maşını saz vəziyyətdə yerindədir. Elan edirik ki, virus üzərində şanlı qələbə qazanılmışdır, ərazi görünməz düşməndən təmizlənmişdir (bu zaman mikroskop altında çoxlu virus meyitləri reportajda verilməlidir), koronanın işğal elədiyi 5-6 rayon cəbhə-müsavatın vaxtına düşür, Korona Qaziləri Təşkilatı (KQT), Korona Veteranları və Qrip Zamanı Öskürənlərə İctimai Hüquqi Yardım Qeyri Hökumət Təşkilatı (KVQZÖİHYQHT), Asqıran Buruna Tövbə Yoxdur Beynəlxalq İnsan Hüquqları Birliyi (ABTYİHB) yaradılır, virusdan ölənlərin ailə üzvlərinə mürəbbə bişirmək üçün şəkər tozu yardımı verilir. Virusdan təmizlənmiş yüksəkliklərdən birində baş həkimə heykəl qoyulur və sairə. Çox uzatmıram, idarədə özləri komplektə nə girir, məndən min dəfə yaxşı bilir.

Üstəlik, ay da çox uyğun aydır.

Zamin Hacı