23.11.2026 - 17:34
Ev təsərrüfatlarının uçotu regionların inkişafına necə təsir edəcək?
İqtisadiyyat 186 baxış

Ev təsərrüfatlarının uçotu regionların inkişafına necə təsir edəcək?

Noyabrın 23-dən etibarən Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, ölkənin 14 iqtisadi zonasında ev təsərrüfatlarının uçotunun elektron qaydada aparılmasına hazırlıq çərçivəsində qeydiyyat prosesində iştirak edəcək şəxslər üçün təlimlərə başlanılıb. Publika.az-ın məlumatına görə, 2027-ci ildən etibarən ilk dəfə olaraq “mygov” platformasında yaradılmış xüsusi altsistem vasitəsilə həyata keçiriləcək uçot ölkədə ailələrin təsərrüfat fəaliyyəti, mal-qara və quşların sayı, torpaq sahələri, istehsal və məşğulluq vəziyyəti barədə məlumatların vahid bazada toplanmasına imkan verəcək.

Publika.az-a danışan aqrar sahə üzrə ekspert Vahid Məhərrəmli bildirib ki, ev təsərrüfatlarının elektron uçotu kənd təsərrüfatında mövcud vəziyyətin daha dolğun öyrənilməsi və gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətlidir. Onun sözlərinə görə, bu məlumatlar vasitəsilə ölkədə mal-qaranın, quşların sayını, eləcə də istehsal olunan kənd təsərrüfatı məhsullarının həcmini daha dəqiq müəyyənləşdirmək mümkün olacaq.

V.Məhərrəmli qeyd edib ki, kənd təsərrüfatının inkişafı üçün əsas istiqamətlərdən biri istehsal vasitələrinin əlçatanlığının və keyfiyyətinin yüksəldilməsidir. Xüsusilə suvarma təminatının yaxşılaşdırılması məhsuldarlığın artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Bəzi ərazilərdə fermerlər suvarmanı növbə ilə həyata keçirirlər ki, bu da bitkilərin normal inkişafı üçün zəruri olan suvarma prosesinin vaxtında və lazımi səviyyədə aparılmasını vacib edir.

Ekspert, həmçinin kənd təsərrüfatında keyfiyyətli toxum təminatının genişləndirilməsini və istehsal olunan məhsulların bazara çıxarılması imkanlarının yaxşılaşdırılmasını vacib hesab edir. V.Məhərrəmli kənd təsərrüfatında peşəkar mütəxəssislərin roluna da diqqət çəkərək, regionlarda savadlı aqronomların, zootexniklərin və baytar həkimlərinin fəaliyyətinin genişləndirilməsinin təsərrüfatların daha səmərəli idarə olunmasına kömək edəcəyini vurğulayıb.

Onun fikrincə, kənd yerlərində istehsal və məşğulluq imkanlarının genişləndirilməsi regionların sosial-iqtisadi inkişafına, eləcə də şəhərlərdən kəndlərə əhali axınının təşviqinə müsbət təsir göstərə bilər.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: