Foto: google

İrəvanın iddiasına Azərbaycan Müdafiə Nazirliyindən reaksiya: “Yalandır!”

Ermənistan Azərbaycanın Tovuz rayonu istiqamətində törətdiyi alçaq təxribatla bağlı yalan məlumatlar yaymaqda davam edir.

Musavat.com erməni mediasına istinadən bu barədə xəbər verir.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan öz “Facebook” səhifəsində cəfəngiyyat yazıb. İddia edib ki, guya 12 iyul, saat 12.30 radələrində onlara bəlli olmayan səbəblərə görə, Azərbaycana məxsus, içərisində hərbçilər olan “UAZ” markalı avtomobil Ermənistanın dövlət sərhədini pozmağa cəhd göstərib. Ancaq qarşı tərəfdən atəş açılandan sonra hərbçilər “UAZ”-ı orada qoyaraq mövqelərinə çəkilibər. Günün günorta çağı, özü də avtomobillə Azərbaycan hərbçilərinin Ermənistan tərəfə keçməsi barədə iddia absurd görünür. Bu, nə kəşfiyyat qaydalarına, nə də hücum əməliyyatına uyğun gələn addımdır ki, İrəvan iddia edir. Sadəcə cəsarətləri çatmır ki, atəşkəsi artilleriya zərbələri ilə pozduqlarını, Azərbaycan hərbçilərini daşıyan avtomobili atəşə tutduqlarını etiraf etsinlər.

Azərbaycan Müdafiə Nazirliyi Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı Musavat.com-a Ermənistan tərəfinin iddialarını təkzib etdi: “Başqa nə deyəcəklər? Erməni tərəf həmişəki kimi yalan danışır”.

Vaqif Dərgahlı: David Tonoyanın əsas məqsədi erməni diasporundan ...

Vaqif Dərgahlı

“UAZ”-la bağlı Stepanyanın sərsəmləməsinə gəldikdə, Müdafiə Nazirliyi rəsmisi “yalandır” deməklə kifayətləndi.

Ermənistan kütləvi informasiya vasitələrində (KİV) guya düşmən ölkənin hərbi bölmələrinin Azərbaycan Ordusunun mövqelərini ələ keçirməsi ilə bağlı yayılan məlumatla bağlı Müdafiə Nazirliyi Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bunları bildirdi:

“Ermənistan silahlı qüvvələri bölmələrinin Azərbaycan Ordusunun mövqelərini ələ keçirtməsi cəhdlərinin qarşısı qətiyyətlə alınıb və hər hansı ərazi itkisinə yol verilməyib. Əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır”.

Qeyd edək ki, toqquşmalar zamanı 2 hərbçimiz şəhid olub, 5 yaralı var. Lakin Ermənistan itkilərini gizlədir, baxmayaraq ki, Azərbaycanla müqayisədə itkiləri daha çoxdur.

S. Stepanyan da Ermənistanın itkilərinin olmadığını iddia edib.

Ancaq düşmənin itkiləri barədə ermənilər sosial şəbəkələrdə yazıblar.

Atli Vargen adlı sosial şəbəkə istifadəçisi “Tavuşda müharibə başlayıb. Burada artilleriya işə salınıb. İtkilər var”, – yazıb. Ando Karabaxçi soruşur: “Bu, Azərbaycan KİV-indəndir?” Vargen cavab verir: “Yox. Mən özüm Tavuşdanam. Bizim hərbi maşınlar ora-bura gedirlər. Bir qoca isə dedi ki, bizim ölən və yaralananları görüb. Onları xəstəxanaya aparıblar”.

Çox güman ki, rəsmi İrəvan yaxın saatlarda itkilərini etiraf edəcək, həmişəki kimi. Əslində, təxribat gözlənilən idi. Ötən həftə Ermənistan XİN başısı Z.Mnatsakanyan Qarabağ danışıqlarında iştirak edəndən bir neçə gün sonra Qarabağa gəldi. Ardınca Ermənistan prezidenti Xankəndində peyda oldu və bir neçə gündür, Azərbaycan ərazisindədir. Həmçinin düşmənin digər azğınlıqları da müşahidə olunurdu. Hətta dünən keçmiş Müdafiə naziri Seyran Ohanyan da Qarabağa gəlib separatçı rəhbərliklə görüşdü. İrəvanda isə Ermənistanın təhlükəsizlik doktrinası müzakirəyə çıxarıldı.

Nikol Paşinyana indiki dövrdə cəbhədə gərginliyi tətikləmək çox lazım idi, diqqəti öz hakimiyyətindən yayındırmaq üçün…