Elxan Şahinoğlu: “Ayaz Mütəllibov geniş bir mətbuat konfransı keçirməlidir”

Fevralın 15-də Münhen Təhlükəsizlik Konfransında Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında baş tutan müzakirələrdə diqqət çəkən ən mühüm məqamlardan biri də Xocalı soyqırımı ilə bağlı erməni tərəfinin səsləndirdiyi fikirlər oldu.

Nikol Paşinyan bu soyqırımda “azərbaycanlıların əlinin olması” barədə Ayaz Mütəllibovun vaxtilə dediklərinə istinad etməyə uğursuz bir cəhd etdi və əlbəttə, cavabını da aldı.

Prezident İlham Əliyev Nikol Paşinyanın absurd çıxışına cavabında dedi ki, istinad olunan fikirlər əslində erməni jurnalistlərin təxəyyülünün məhsulu olub. “Ayaz Mütəllibov dəfələrlə Azərbaycanın Xocalı faciəsini törətməsi ilə bağlı fikir səsləndirmədiyini söyləyib” – deyə, ölkə başçısı qeyd etdi. Prezident Əliyev belə iddiaların erməni jurnalistlərin fantaziyası olduğuna diqqət çəkdi. Dövlət başçısı “Xocalı faciəsini Azərbaycan törədib” yalanını Münhendə növbəti dəfə darmadağın etdi.

Qeyd edək ki, 1992-ci ilin 25-26 fevralında törədilmiş Xocalı soyqırımında birbaşa iştirak edən eks-prezident Serj Sərkisyan 2000-ci ildə məşhur ingilis jurnalisti, politoloqu, Karnegi Fondunun proqram direktoru Tomas de Vaala açıq etiraf etmişdi. O zaman Serj Sərkisyan Ermənistanın müdafiə naziri idi. De Vaal bu müsahibəni 2003-cü ildə Nyu-Yorkda ingiliscə, 2005-ci ildə Sankt-Peterburqda rusca nəşr edilən “Qarabağ – qara bağ” kitabına daxil etmişdi.

Beləliklə, Tomas de Vaalın Sərkisyanla müsahibəsindən sözügedən parçanı təqdim edirik:

“Tomas de Vaal: Ordunun peşəkarlaşma dərəcəsindən danışırıqsa, mən də Xocalı ilə bağlı sual vermək istəyirdim. Çünki heç kim çox sayda azərbaycanlının Xocalıdan qaçarkən həlak olduğunu və bunun Əsgəran yaxınlığındakı hansısa Qarabağ dəstələrinin işi olduğunu inkar etmir. Amma niyə siz bunu peşəkar Qarabağ əsgərlərinin deyil, qəzəblənmiş insanların törətdiyini deyirsiniz?

Serj Sərkisyan: Bilirsiniz, belə şeylər haqqında açıq danışmırlar. Nə demək mümkündürsə, onu deyirlər. Mən də belə edəcəyəm. Birincisi, Azərbaycanın keçmiş rəhbəri deyirdi ki, bu, ermənilər deyil, azərbaycanlılar özləri idi. Amma deyim ki, həqiqət başqa ola bilər. Xocalı bir vaxtlar bütün Qarabağı çox bezdirirdi, çünki orada aeroport var idi, Ermənistanla yeganə əlaqəmiz hava nəqliyyatı ilə idi, çünki orada OMON var idi, orada nə isə araşdırırdılar, insanları həbs edirdilər.

Bundan başqa, demək olar ki, Stepanakertin (Xankəndi nəzərdə tutulur – red.) tam yaxınlığında yerləşən Xocalı sakinləri oranı atəşə tutdular. Amma zənnimcə, əsas məsələ başqa şeydədir. Xocalıya qədər azərbaycanlılar bizimlə, sadəcə, zarafat etdiklərini düşünürdülər. Azərbaycanlılar elə bilirdilər ki, ermənilər dinc əhaliyə əl qaldıra bilməyən insanlardır. Bütün bu düşüncələri dəyişmək lazım idi. Belə də oldu”.

Bütün bunlardan sonra Paşinyanın cəfəngiyyat danışması gülüncdür. Ermənilərin “eradan əvvəlki tarixi”ndən danışan N.Paşinyan daha yaxşı olar ki, müasir dövrün tarixini, heç olmasa, S.Sərkisyanın etiraflarını əxz edib sonra publika qarşısına çıxsın. Xocalı soyqırımı dünyanın gözü qarşısında baş verib və canlı şahidlər var. Üstəlik, 10-dan çox ölkə soyqırım aktını tanıyıb.

Heç olmasa, Paşinyan erməni yazıçı Zori Balayanın bu qətliam və soyqırımın qəsdən törədildiyini təsdiq edən dəhşətli etiraflarıni da xatırlasın. Ermənilərin ən çox sevdiyi ideoloqlarından biri Zori Balayan “Ruhumuzun dirçəlişi” adlı kitabında 1992-ci ilin 26 fevralında Xocalıda törətdikləri soyqırım haqqında yazır: “Biz Xaçaturla Xocalıda ələ keçirdiyimiz evə girərkən əsgərlərimiz 13 yaşlı bir türk uşağını pəncərəyə mismarlamışdılar. Türk uşağı çox səs-küy salmasın deyə, Xaçatur uşağın anasının kəsilmiş döşünü onun ağzına soxdu. Daha sonra 13 yaşındakı türkün başından, sinəsindən və qarnından dərisini soydum. Saata baxdım, türk uşağı 7 dəqiqə sonra qan itirərək dünyasını dəyişdi. Ruhum sevincdən qürurlandı. Xaçatur daha sonra ölmüş türk uşağının cəsədini hissə-hissə doğradı və bu türklə eyni kökdən olan itlərə atdı. Axşam eyni şeyi daha 3 türk uşağına etdik. Mən bir erməni kimi öz vəzifəmi yerinə yetirdim. Bilirdim ki, hər bir erməni hərəkətlərimizlə fəxr duyacaq”.

Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibov Ermənistanın baş naziri Nikol Paşinyana Azərbaycan Televiziyasının “Həftə” proqramına müsahibəsində cavab verib.

Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ ile ilgili görsel sonucu

Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrində Xocalı soyqırımı ilə bağlı danışarkən, Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibova “istinad edərək” sözügedən hadisəni azərbaycanlıların törətdiyi ilə bağlı iddianı Azərbaycanın eks-prezidenti əsassız adlandırıb: “Paşinyanın sözlərinin real əsası yoxdur. O, yalan danışdı. Ona görə də hansısa jurnalistin ”Arqumenti i faktı” qəzetində nə vaxtsa nəsə deməsi haqqında danışığını və bitməyən qanlı münaqişəni buna bağlamaq nəinki məntiqi deyil, həm də qeyri-obyektivlikdir. Özü də Münhen konfransı kimi səviyyədə. Lakin ölkə prezidenti bu yalanlara kifayət qədər inandırıcı cavab verdi. Ümumiyyətlə, bu məsələdə mənə istinad etmək, özü-özlüyündə təəccübləndirir və bu, yolverilməzdir”.

 

Politoloq Elxan Şahinoğlu isə “Yeni Müsavat”a dedi ki, ermənilərin Xocalı soyqırımı ilə bağlı keçmiş prezidentin hansısa bir ifadəsinə istinad etmələri ilk hal deyil: “Doğrudur, Mütəllibov son açıqlamasında deyib ki, iddialar yalandır və o, belə bir söz deməyib. Amma bu məsələyə nöqtə qoymağın bir yolu var: Ayaz Mütəllibov geniş bir mətbuat konfransı keçirməlidir, erməni iddialarını təkzib etməlidir. Bu mətbuat konfransı müxtəlif dillərdə yayınlanmalıdır ki, bir daha ermənilər Ayaz Mütəllibova istinad edə bilməsinlər. Prezident İlham Əliyev də Paşinyana dedi ki, bu, yalandır. Amma bu yalana da son qoymağın yolu Mütəllibovun geniş mətbuat konfransı çağırması və bir daha ermənilərin bu mövzuya qayıda bilməməsini təmin etməsidir”.